aile

Ailə: “Mən”dən “biz”ə keçid -TƏHLİL

Baxış sayı: 320

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü il sentyabrın 20-də qəbul etdiyi qərarla 15 may tarixini “Beynəlxalq Ailə Günü” elan etdikdən sonra bu tarix 1994-cü ildən bütün dünyada qeyd olunur. 15-21 may aralığı isə “Ailə həftəsi” kimi qəbul edilib. Azərbaycanda da hər il həmin tarixlərdə “ailə həftəsi” qeyd olunur. Ailənin qorunması və möhkəmləndirilməsi məqsədilə təsis edilən bu həftə çərçivəsində cəmiyyətin bütün təbəqələrinin ailə haqqında maarifləndirilməsi, ailəyə dəstək fəaliyyətlərinin təşviq edilməsi, ailələrdə tərəflərin sosial məsuliyyətlərini yerinə yetirməsinə köməklik göstərilməsi, habelə ailələrə sosial, psixoloji yardımın göstərilməsi həyata keçirilir.

aile

İnsan ailəsinə, ailə cəmiyyətə adaptasiya olur

Sürətlə qloballaşan həyatımızda insanın yaxşı və ya pis yaşaması onun ən yaxın mühiti ilə münasibətindən asılıdır. İnsanın ən yaxın mühiti onun evi və ailəsidir. Əgər arıq bu dünyaya gəlibsə deməli bütün insanlar fərd və ya ailə olaraq daim dəyişən, yenilənən bu dünyaya uyğunlaşmalıdırlar.

Sosial-iqtisadi strukturda baş verən dəyişikliklər bilavasitə və ya dolayısı ilə ailəyə də təsir göstərir, onu müəyyən dəyişkliyə məruz qoyur. Sosial-maddi çətinliklər olarsa boşanma, əxlaqi-mənəvi problemlər olarsa xəyanət halları da məhz kənar təsirlərin gücü ilə yaranır. Ona görə də ailə məsələsi müzakirə olunarkən, baş verənləri araşdırmaq, problemə onların fonunda baxmaq lazımdır. Ailənin yaşadığı cəmiyyətdə baş verən dəyişikliklər də ailəyə mütləq təsir vasitəsidir.

Ailə insanın ən dərin tərbiyəvi təsirlər aldığı, çox şeylər öyrəndiyi, həyata hazırlaşdığı bir məktəbdir. Ailə dünyaya məsum və neytral xarakterlə gələn uşağın həm fərdi, həm də sosial-mədəni status qazandığı bir məkandır. Uşağın şəxsiyyəti bir növ ailə tərbiyəsidir. Övladlarının şəxsiyyətini verdikləri tərbiyə ilə inşa edən ailələr bununla həm də mənsub olduqları millətin şəxsiyyətini və taleyini inşa etmiş olurlar. Bu səbəbdən ailə tərbiyəsinin istiqaməti böyük məsuliyyət deməkdir. Ailə olduqda artıq “mən” yerinə “biz” deməyə başlayırıq, “mənim” olan şeylər “bizim” olur. Ailələrimiz bizi öz ailəmizə hazırlayanda bunu aşılayırlar.

aile

Möhkəm ailə = güclü dövlət

Ailə valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir. Ailə cəmiyyəti təşkil edən institutların əsasını təşkil edir. Sosiallaşma zamanı insan üçün sosial həyat nə qədər vacib və zəruridirsə, sosial bir cəmiyyətin özəyini təşkil edən ailə institutu da bir cəmiyyət üçün bir o qədər önəmlidir. Bu mənada ailənin möhkəmlənməsi üçün atılacaq hər bir addım böyük əhəmiyyət kəsb edir. Çünki güclü ailə quruluşu ilə güclü cəmiyyət arasındakı bağ bir-biri ilə düz mütənasibdir.

Milli ailənin ən mühüm rolu nəslin davamını təmin etmək, onların daha yaxşı tərbiyəsini həyata keçirmək, sosial yükünü paylaşmaq, mənəvi dəyərlərini yaşatmaqdır. Lakin ailənin sadaladığımız bu fəaliyyətinin davam etdirilməsi tərəflərin ahəngdarlığından, uyumundan da asılıdır. Emosional, sosial, maddi, mənəvi və əxlaqi şərtləri yerinə yetirməklə ideal bir ailə qurmaq olar. Əksi süqut olacaq.

Gənclər evlənmək və birlikdə bir ailə qurmaq qərarına gəlməzdən əvvəl fərd olmaq üçün yetkinliyə çatmalı və ailə asılılığından qurtulmalıdırlar. Bunu bacarmayan biri üçün yeni ailə qurmaq məsuliyyəti ağır ola bilər. Son illərdə qadınlara qarşı zorakılıq, erkən nikahlar və boşanma nisbətlərinin artması dərhal müdaxilə tələb edən aktual məsələlərdən bəlkə də, ən birincisidir. Ailə qurmağa tələsən, hələ sərbəst qərar verə bilməyən, fərd olaraq formalaşmayan insanların qurduğu ailələrin özülü də möhkəm olmur. Axı ailə kiçik dövlətdir, təməlində laxlama oldusa bu cəmiyyəti təhlükə altına qoyacaq.

aile

Azərbaycanda ailə olmaq…

Əslində ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillər arası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilməz oldu. Çünki həm Ailə, Qadın, Uşaq Preoblemləri üzrə Dövlət Komitəsi, həm də ayrı-ayrılıqda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları uzun illərdir bu vəziyyətin yaranmamasına çalışırlar. Lakin qloballaşan dünya öz inkişafı ilə birlikdə bizim cəmiyyətə yad olan vəziyyəti də inkişaf etdirdi. Müxtəlif səbəblərdən ailə anlayışının dəyişməsi və problemli ailələrin getdicə çoxalması indi cəmiyyətin əsas probleminə çevrilib. Xüsusilə pandemiya dövründə mənəvi-psixoloji gərginliyin çoxalması öz təsirini ailələrdə də göstərdi.

Azərbaycan kimi mental dəyərlərin, milli ənənələrin var olduğu ölkələrdə ailə quruluşu əhəmiyyətlidir. “İdi” desək daha doğru olardı bəlkə də. İndi aşınma ailələrdən də yan keçməyib. Vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə, bu gün normal qarşılanır. Atasız uşaqlar, anasının himayəsində böyüyən körpələr günü-gündən artır. Bu vəziyyətə təsir edən qlobal problemlər var, insanların sərhədsiz ünsiyyət, sosiallaşmaq kimi məşğuliyyətləri mental dəyərlərinə də təsirsiz ötüşmür.

Ailə həyatının, fərdin sosial inkişafı baxımından həyati əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, qeyri-sağlam və bədbəxt ailələrin yetişdirəcəyi gələcək nəslin o qədər də sağlam olmayacağını təxmin etmək olar. Cəmiyyətin təməli ailə olduğu üçün, xoşbəxt və sağlam nəsillər yetişdirməkdə maarifləndirmənin əhəmiyyətli rol oynadığını vurğulamaq vacibdir. Bu sahədə müvafiq komitənin həyata keçirdiyi layihələr, təşkil etdiyi maarifləndirici dəyirmi masalar və seminarlar, hazırladıqları sosial çarxlar problemin qarşısını almağa nisbətən kömək edir.

Ailədaxili münasibətlər sosial problemdir və dolayısı ilə bütün cəmiyyətin problemidir. Ailədə gərginlik varsa, öncə sosioloji tərəfləri araşdırılmalıdır. Psixoloji problemlərin çoxu əslində sosioloji problemlərdən doğur. Ailədə, uşağın böyüdüyü mühitdə vəziyyət necədirsə, uşaq da o xarakterdə böyüyür. Əgər ailədə mehribanlıq, səmimiyyət, xoş davranış, ata-ananın biri-birilə adil münasibəti, qarşılıqlı hörmət yoxdursa demək cəmiyyətin daha bir problemli fərdi yaranır.

aile

Nə etməli?

Hər xalqın, hər millətin dəyərlər sistemi var. Cəmiyyətin özülünü də bu dəyərlər təşkil edir. Köklü dəyəri, ənənəsi olan cəmiyyətlər yüzilliklərin sınağından çıxıb günümüzə qədər sarsılmaz qala bilib, təməlində sarsıntı olan cəmiyyətlərdə isə ən xırda problemlər böyük dağıntılar yarada bilir. Ailələrin təməlinin əsas sütunu qadındır. Milli düşüncədə qadın ailənin ikinci fərdi, ərindən sonra söz haqqı olan biri kimi qəbul edilir. Lakin təcrübə və statistika göstərir ki, qadın kişidən tez böyüyür, həm fiziki, həm də əqli-psixoloji baxımdan. Həmçinin Azərbaycanda qadına verilən dəyər, iş sferasında tutduğu mövqe, bilik və bacarıqları onların kişilərdən geridə yox, bəzi hallarda öndə olduğunu göstərir.

Qadınların ən ağır ailə yükünü rahatlıqla çiyinlərində saxlamaq kimi fövqaladə bacarığı var. Əslində məhz o bacarıq sayəsində Azərbaycanda yüzilliklər boyunca ailələrin uzunömürlülüyü təmin olunurdu. Lakin qadınlar zəhmətlərinin qarşılığını görmədikləri, öldürüldükləri, zorakılığa, vəhşətə, xəyanətə məruz qaldıqları üçün daha daşın altına əllərini qoymurlar. Buna görə də ailə institutunda çoxdan proqnozlaşdırılan o sarsılma artıq başlayıb. Boşanma statistikası çox şeyi etiraf edir əslində. Vəziyyətin düzəlməsi üçün ənənəvi ailə institunun və milli ailə modelinin bərpası qaçılmazdır, lakin bunun üçün yetərli imkanlar olmalıdır. Müvafiq sahədə fəaliyyət göstərən dövlət komitəsi üçün uyğun şərait yaradılmalı, əlavə səlahiyyət verilməli, problemlərin həlli üçün adekvat büdcə ayrılmalıdır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir