efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 6-CI YAZI

Baxış sayı: 674

Silsilə məqalələrimizdə ailə münasibətlərinin mənfi yöndə təsirləndiyi 10 yanlış qavram xətasından beşi haqda, yəni; “nəticə almağa tələsmək”, “müsbətləri silmək”, “ifrat ümumiləşdirmə”, “şəxsiləşdirmək”, “iki qütblü düşüncə tərzi”, “fəlakətləşdirmə” haqda keçən məqalələrimizdə məlumat vermişik. Sizə təqdim olunun bu məqalədə isə yanlış düşüncə tərzlərindən olan “malı-məli düşüncə forması” haqda mövzumuzu davam etdiririk:

7- Olmalı ifadələri – malı, məli düşüncə tərzi

“Olmalı, malı-məli” düşüncə tərzi müxtəlif səbəblərdən qaynaqlanan və həyatımızın hər bir zahəsinə öz əsaslı təsirini qoyan amillərdən biridir. Belə ki, “belə olmalıdır”, yaxud “belə olmamalıdır” kimi mənimsədiyimiz düşüncələr istər fərdi həyatımızda, istərsə də sosial yaşayışımızda öz viddi çalarları ilə özünü göstərir. Məsələn, “universitetə daxil olmalıyam, yoxsa mən uğursuz və bacarıqsız sayılaram”, yaxud“uşağa nə deyirəmsə, sorğu-sualsız əməl etməlidir.”

Gördüyünüz kimi, “olmalı, malı-məli” düşüncə tərzi zərurət və məcburiyyət diktə edən bir təfəkkür formasıdır. Bu düşüncə tərzində insanın özünün, digərlərinin necə davranması və dünyanın necə olması ilə bağlı qatı qanunları vardır. Belə “qanunçu” düşüncələr sözsüz ki, dağıdıcı xüsusiyyətlərə də malikdir. Yaxşı, bəs belə təfəkkür tərzləri haradan formalaşır və şəkillənir? Əlbəttə ki, lap elə uşaqlığımızın əvvəlindən başlayaraq bir sıra səbəblərdən qaynaqlanır:

  • Ata-babalarımızdan gələn bəzi təfəkkürlər, yaxud olar-olmazlar. Belə ki, ailədə bu əsasla tərbiyə almış valideynlər öz övladlarını eyni dünyagörüşlə böyüdürlər. Məsələn, “sən həmişə birinci olmalısan”, “həmişə dərslərindən 5 qiymət almalısan”, “səhvə yol verməməlisən”, “istəklərini dilə gətirməməlisən, məsələn acmısansa ayıbdır dinmə, yorulmusansa ayıbdır bəlli etmə” və sair kimi.
  • Milli mentalitet adı altında qərarlaşan yanlış, yaxud doğru baxışlar. El-aləm nə deyər kimi düşüncələr. Sosial təziqlər. Məsələn, əmi, dayı, xala, bibi, baba, nənə və sair bizi təhqir etdiyi zaman valideynlərimiz bəzən “ ayıbdır, sus”, “cavab qaytarma, özünü müdafiyə etmə, küsmə o böyükdür”, “böyük sənə hər nə deyə bilər”, “kişi ağlamaz”, “sən qızsan gülməməlisən”, “kişi arvad sözünə qulaq asmaz, məsləhətini dinləməz”, “kişi qışqıra bilər, vura bilər”, “adamın əri döyər də, söyər də”,“qızını döyməyən dizini döyər”, “toyumuzu, yasımızı filan formada etməliyik”, “böyük hər nə deyə bilməlidir, ona etiraz edilməməlidir, susulmalıdır”kimi yanlış “mentalitet”dən formalaşan təfəkkürlərvə sair.
  • Yad mentalitetlərdən gələn əsassız “mədəniyyətlər”. Məsələn, “müasir insanın geyimi yarıçılpaq olmalıdır”, “sən daim xoşbəxt və sevinli görünməlisən”, “ən yeni telefon modelini almalısan”, “xaricdə istirahət etməsən deməli heç istirahət etməmisən”, “estetik əməliyyat keçirməmisənsə çirkin, yaxud kasıb, ya da ki geridə qalmışsan” və sair.
  • Şəxsi keyfiyyətlərə aid yanlış düşüncələr. Məsələn, “həmişə mən deyən olmalıdır”, “mən aldığımı kimsə ala bilməməlidir”, “hər kəsdən seçilməliyəm”, “hər kəs mənə hörmət etməlidir”, “hamını razı salmalıyam, yoxsa yaxşı insan deyiləm”, “heç kimə yox, olmaz, istəmirəm deməməliyəm”, “mənim qızım, oğlum, ərim, xanımım filan cür olmalıdır” və sair.

“Olmalı, malı-məli” düşüncə tərzinin bizə vurduğu zərərlər də bir neçə formadadır:

  • İlk növbədə diqqət etmək lazımdır ki, bu baxış forması özünüz haqqında gözləntilər yaradan və sizi ona uyğun həmişə zərurət və məcburiyyət halınada qərarlaşdıran dünyagörüşü formalaşdırır. Yəni, istər-istəməz siz özünüzü bir sıra əsassız “qanun”ları icra etməyə məcbur sayacaq, onun əməli olmasını zəruri biləcəksiniz. Yaxşı, bəs nə üçün özünüzü bu “qanunlara” riayət etməyə məvbur bilirsiniz? Geniş mövzu olduğu üçün sözügedən mövzu haqda burada izah vermək demək olar ki mümkün deyil. Amma biz gələcəkdə “sosial mühəndislik” adlı ayrı bir məqalədə bu haqda geniş söhbət açarıq. Lakin bunu qeyd edim ki, məcburiyyət və əsassız tələblərə böyun əymək insana çoxsaylı psixoloji zərbələr vurur və onda travmalar yaradır. Hələ üstəlik bu tələb və “qanun”ların mənasız, yersiz olması və yaxud birbaşa şəxsiyyətinizi hədəf aldığını düşündükdə məsələ daha da mürəkkəbləşir. Məsələn, sizi təhqir edən yaşca böyük birinə etiraz etməyin tanlış olduğunu və susmanızı diktə edən bir sıra “dəyər”lər, şəxsiyyətinizin alçalmasına, özünə inamınızın itməsinə, dəyərsizlik hissinə, haqsızlıq qarşısındakı daxili qəzəbə, kinə, özünə və başqalarına qarşı acımasızlığa gətirib çıxarır. Qarşıya qeyri-real məqsədlər qoymaq da bu qəbildəndir. Həyatın müəyyən “qayda”ları olduğuna inanan və bu “qayda”lara əməl edilməməyi böyük bir fəlakət kimi qəbul edən belə şəxslər, məsələn; “Filan işi ən yaxşı şəkildə görməliyəm, bacarmıramsa, deməli uğursuzam” bu və buna bənzər düşüncələri ehtiva edən fikirlərlə bir müddət sonra özünə qarşı qəzəb yaradacaqdır. Yaxud “cəmiyyətdə sayılmaq, hörmət sahibi olmaq üçün varlı olmalıyam” düşüncə tərzi sərvətə çata bilmədikdə dəyərsizlik və əskiklik hissinə, inkişafdan qalmağa, əxlaqi dəyərlərin tənəzzülünə, insanlarla davranışın pisləşməsinə, arı-seçkiliklərə, həmçinin qeyd olunan var-dövlətə çatmaq üçün qanunsuz yollara əl atmağa, ya da ki, tüfeyli həyat tərzinə, yüngül əyləncələrə, narkotik maddələrə aludəçiliyə və saysız-hesabsız narahatlıqlara yol aça bilər.
  • “Olmalı, malı-məli” düşüncə tərzinin ikinci ən böyük zərbəsi də, cəmiyyətdə insanlara qarşı olan aqressiyanın və acımasızlığın yaranmasıdır. Zehnində bir sıra məsələləri “toxunulmaz qanun” halında qəbul etmiş şəxs, başqalarına da həmin çərçivədə münasibət bəsləyir. Məsələn, “qız övladı xor görülməli” təfəkkürünə malik olan və “kişinin oğlu olmalı” kimi düşünən dar düşüncəli şəxslər, başqalarının qız övladı dünyaya gəldiyi zaman onlara istehza ilə yanaşacaqdır. “Arvadın üzünə gülsən, məsləhət alsan, fikrini soruşsan zəif iradəli və arvaddan qorxansan”-deyə düşünən fərd, həyat yoldaşı ilə məsləhətləşən, ona dəyər verən şəxsi alçaltmağa meyilli olacaqdır. Var-dövlətin əhəmiyyətli olmadığını söyləsə belə, şüuraltında və təfəkküründə əslində bunun əksini düşünən insan, kasıb, yoxsul, kimsəsiz və aşağı sosial təbəqəli insanlara dəyər verməyəcəkdir. Ən narahatedici amil isə budur ki, özü kimi düşünməyən insanları sıxışdırıb daim onların üzərində təziq yaradacaqdır. Kimisə əqidəsinə, geyiminə və bir sözlə hətyata təzinə dözülməz yanaşacaqdır. Bu onun həm özünə, həm də başqa insanlara zərbə vurmasına gətirib çıxaracaqdır. Çünki belə insanlar bir işi doğru etmənin tək bir doğru yolu olduğuna inanır. Tək bir yaşam tərzini düzgün sayır. Və bu qanunları həyata keçirtdiyi zaman ola biləcək ancaq mənfi nəticələri şişirdir. Biz sözlə, əgər biz “Olmalı, malı-məli” düşüncə tərzinə sahibiksə, özümüzlə bağlı bu düşüncə tərzinin yaratdığı qaydalara əməl etmədikdə  utanc və günahkarlıq, başqaları əməl etmədikdə isə, qəzəb və aqresivlik hiss edəcəyik.

Nəticə

“Olmalı, malı-məli” düşüncə tərzi, ailə həyatında cütlüklər arasında ən böyük anlaşılmazlıqlara yol açan amillərdən sayılır.Bu təfəkkür və qavramınyuxarıda qeyd olunan mənfi cəhətlərindən biri də duyğuların keyləşməsi və ya birdəfəlik itirilməsidir. Empatiyanın zərbə görməsidir. Buna görə də, ailələrin üzləşdiyi bir çox əsaslı problemlərin kökündə məhz elə “malı-məli düşüncəsi” dayanır. Buna əsasən yaranan tələblər və gözləntilər formalaşır. Qarşı tərəfə olan anlayış öz əhəmiyyətini itirir. Məsələn, əgər nişanlısınızsa, “mənə dəyər verirsə gecə yatmadan öncə hökmən mənə mesaj atmalıdır”, “nişanlım hara gedirsə hökmən mənə bunu bildirib icazə almalıdır”, “məni sevməsi üçün ona bahalı hədiyyələr almalıyam”, yaxud evlisinizsə “mənimhəyat yoldaşımdırsa hər dediyimi etməlidir”, “mən qışqıra bilərəm o isə sakit qalmalıdır, çünki mən kişiyəm”, “mən deyinə bilərəm, əsəbləşib ondan zəhləm getdiyimi deyə bilərəm, çünki mən xanımam, belə olmalıdır”, “mən hərmişə küsə bilərəm, çünki mən xanımam”, “evi o təmizləməli, uşaqlara o baxmalıdır çünki xanımdır borcudur”, “mənim istədiyim şeyləri almalıdır, çünki o kişidir borcudur, bax camaatın kişilərinə hələ”, “sevirəm ona görə də qısqana bilərəm və mənim onun həyatını məhdudlaşdırmaq haqqım var”,“kişi qadından üzr istəməz”, “ümumiyyətlə üzr istəsən qudurar”, “səhvimi etiraf etsəm alçalaram”, “əgər xoşbəxt olmaq istəyirəmsə ən ideal xanıma, bəyə sahib olmalıyam”, “xanım öz atası evinə tez-tez getməz”, “xanım atası evinə getməsi üçün ərdən öncə qaynənə icazə verməlidir”, “valideyn yanında uşağı qucağa götürməzlər, onu nazlamazlar”, “ərim məni sevsəydi mənim istədiklərimi alardı məni bağıaşağı etməzdi”, “ən xoşbəxt ailə evdə heç bir problemi olmayan ailədir”, “ailədə narazılıqlar dilə gətirilməz”, “qışqırmasa deyəcək məndən qorxur, qışqırmalıyam ki, mənim qorxaq olmadığımı bilsin”, “dediklərini etməməliyəm, etsən üz alacaq”, “mən yaxşı ata deyiləm, yaxşı ər deyiləm çünki ailəmin filan istədiyini edə bilmirəm”, “mən ərimin bütün istəklərini etməliyəm ki, o mənə xəyanət etməsin”, “mənim ailəmdə heç bir narazılıq olmamalıdır, olsa bu mənim günahımdır”  və sair kimi.

Lakin diqqət etmək lazımdır ki, “malı-məli” əsaslı belə düşüncələr sağlam olmayan, qeyri-real düşüncələrdir. Ailədə mübahisə, narazılığın olması təbiidir. Bu o deməkdir ki, ailə qapalı və despot şəkildə idarə edilmir. Hər kəs özü düçüncəsini, istəklərini rahatlıqla bəyan edə bilir. Amma narahatedici amil o ola bilər ki, ailə fərdlərinin nigarançılıqları və etirazları bir-birilərinə anaormal səbəblərlə, qeyri-etik şəkildə çatdırılsın. Yəni narazılığın olması deyil, nədən narazılığın olması və onun necə ifadə edilməsi əhəmiyyət daşıyır. Ailə bir nəfərin şəxsi fikirlərinə dayanan idarəsilə, yaxud üzvlərin güc mübarizəsi ilə deyil, ancaq sağlam şəkildəfərdlərin hər birinin istəklərini nəzərdə almaqla və birlikdə həll yolu axtarmala və problemi birlikdə qarşılamaqla mümkündür.Cütlüklərdə hər iki şəxsiyyət də evlilik münasibətlərində inkişaf etmək hüququna malikdir. Həyat yoldaşları bu mövzuda bir -birlərini dəstəkləməli və dəyişiklik üçün bir -birlərini təşviq etməlidirlər.

O ki qaldı “malı-məli” qanunlarına, həyatda hər şeyin bizim düçüncələrimizlə idarə olunmasını düşünmək nə dərəcədə düzgündür? İnsan ilk növbədə belə düşüncələri sual altına almalıdır. Mən niyə belə düşünürəm? Cəmiyyətin belə fikirləşdiyi üçünmü? Valideynlərimin, müəllimlərimin diktə etdiyinə görəmi? Sosial medianın, televiziyanın belə belə təbliğ etdiyi üçünmü? Mənim düşüncəmin real olaraq hansı mənfi və müsbət cəhətləri vardır?

Bu düşüncələrin tərəfdarları sanki özlərinin və başqalarının necə davranmalı olduqları, necə bir insan olmaları və necə həyat sürmələri ilə əlaqədar qaydalar siyahısı ilə yaşayırlar. Qaydaya əməl etməyənlər onları qəzəbləndirir və özləri qaydaları pozduqda özlərini günahkar hiss edirlər. Bütün bunlar onların özlərinin və  ünsiyyətdə olduqları insanların ruhunda yaralar açır və onların mədəni şəkildə desək robotlara çevrilməsinə zəmin yaradır. Onlar həm iş, həm də şəxsi həyatda“ağır həyat” dediyimiz şəkildə təzyiq altında ömür sürürlər. Belə şəxslərdə və onların “qurban”lqrında sərt düşüncədən qaynaqlanan sağlamlıq problemlərinin olduğu da müşahidə edilə bilər. Unutmayaq ki, bu şəxslərin ciddi ünsiyyət və anlaşma problemləri də olur.

Əzizlərim, bəzən bizə diktə olunanaların doğru olduğunu düşünürük. Bunu bir əsas və şübhə edilməyəcək həqiqət kimi qəbul edirik. Halbuki, “qanun” kimi mənimsədiyimiz bir sıra inanclar sadəcə nəsillərdən bizə ötürülmüş yanlış reaksiyalar, qorxulardan ibarətdir. Bəzən valideynlərimizin, “ziyalı” kimi görünən amma lazımı dünyagörüşə malik olmayan müəllimlərin, dost kimi görünən sosial media və televiziyanın real olmayan və bəlli bir hədəflər üzərində qurulan düşüncə qalıbları təfəkkürümüzün səhv yöndə formalaşmasına səbəb ola bilir. Buna görə də, öyrənilmiş düşüncə tərzi ilə deyil, sağlam düşüncə forması ilə yaşamağın bizim haqqımız olduğunu anlayın. Hər bir “malı-məli” tipli özünüzə “qanun” xarakterli qəbul etdiyiniz təfəkkürləri sual altına almağı, “Niyə? Nə üçün? Nəyə görə? Hansı mənfi və müsbət cəhətləri var?”-kimi suallarla çək-çevir etməyi məsləhət görərdim. Unutmayın özünüzlə, özünüzdən kənarda və xüsusilə də ən yaxın münasibət olan ailədə sağlam düşüncələr üzərində əlaqələr qurulur. Yoxsa yaralı, yorğun, narazı ruhlar yaxın bədənlərdə hüzur və aramlıq tapmayacaqdır. Ənənəvi olaraq sonda bir hekayə ilə məqaləmizi tamamlayıram:

Bir gün, bir qartal yumurtalarının üzərində oturmuşdu. Birdən qayada zəlzələ baş verdi. Onun yumurtalarından biri sürüşüb dağ yolundan evinə gələn əkinçilərin birinin zənbilinə düşdü. Əkinci evdə yumurtanı görüb, təəccübləndi və nə olduğunu bilmədiyi üçün onu toyuğun yuvasına qoydu.

Günlər keçdi. Qartal balası yumurtadan çıxdı və bir az böyüdü. O cücələrlə yaşıllıqda oynayırdı. Birdən uzaqdan səmada bir qartalın süzdüyünü gördü. Daxilində bir qığılcım, həyəcan baş qaldırdı. Uçmaq istədi, çünki o, bir qartal balası idi. Uçmağa cəsarət etsəydi, uça bilərdi. O, bu fikrini ilk öncə toyuqlara dedi. Amma toyuqlar gülərək ona dedilər ki, “bax, sən toyuqsan uça bilməzsən”. Bunu eşidən qartal balası heç bir zaman uçmaq, azad olmaq, özü olmaq fikrinə düşmədi və heç bir zaman da uça bilmədi!

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir