efzeleddin R

Ailədə sağlam əlaqə şifrələri – 2-Cİ YAZI

Baxış sayı: 524

Keçən məqaləmizdən etibarən, bu silsilə yazılarda hər dəfə ailədə sağlam əlaqələrlə bağlı bir neçə şifrəyə işarə edəcəyimizi qeyd etmişdik. Belə ki, əvvəlki yazıda, “xətalarımızı qəbul etmək”, “həyat yoldaşınızın müsbət xüsusiyyətlərini təqdir etmək” haqda danışdır. Bu məqaləmizdə də, digər sağlam əlaqə şifrələrinə işarə edirik:

Təsdiqləyici kəlmələr. Həyat yoldaşınıza ilk olaraq elə suallar verin ki, sizə verəcəyi cavablar: “bəli”, “düzdür”, “elədir”, “razıyam” və sair kimi kəlmələrdən ibarət olsun, yəni bir sözlə, sizi təsdiqləsin. Məsələn, övladınızın tərbiyəsi haqda hansısa bir məsələdə mübahisəniz düşürsə, həmin anda onunla əlaqədar, təqdiqləici kəlmələrin və etirafların ifadə olunacağı suallar soruşun. “Sən oğlun Əlini çox sevirsən, düzdür?”, “Aylarla bətnində daşımısan, hər əziyyətinə dözmüsən, doğrudurmu?”, “Gecələr oyaq qalıb, gündüzlər bəsləmisən, elə deyilmi?” kimi suallar verdiyiniz zaman yoldaşınız, bütün suallara müsbət cavab verəcəkdir. Bundan sonra əsas məsələni onunla incə şəkildə əlaqələndirmək lazımdır: “Sən də istəyərsən ki, onun tərbiyəsini müşahidə edənlər, valideynlərini və onu təqdir etsinlər, doğrudurmu?” “Axı onun filan hərəkəti bizə xoş görünsə də, kənardan çox pis qiymətləndirilir. Səncə belə deyilmi?”

Beləliklə, yoldaşınızın şüuraltı düşüncələri ardıcıl olaraq təsdiqə adət etdiyi üçün, böyük ehtimalla sizi təhlükə kimi görməyəcək, təklif edəcəyiniz mövzulara qarşı müdafiə xarakterli yanaşmayacaqdır.

Haqlı-haqsız diqqətinizi yalnız özünüzü müdafiə etməyə yönəltməyin. Təbii ki, insan dialoq zamanı məntiq və ağılın tələblərinə uyğun şəkildə özünü müdafiə etməyə çalışacaqdır. Amma bu zaman emossiaları da unutmaq olmaz. İstər haqlı olun, istər haqsız, yerli-yersiz özünü müdafiə etməyə çalışmaq sizi məqsədə çatdırmayacaqdır. Məsələn, həyat yoldaşınız sizə qarşı düzgün rəftar etməyib, amma onun rəftarının üzərində manevr etsəniz, nəticə almayacaqsınız. Siz “sən düz etmədin”, “sən hərəkətlərini bilmirsən”, “sən kobud və danışığını bilməyən birisən” –deyə ifadələrlə yalnız onun rəftarının sizə vurduğu yaraların kinini onun üzərinə tökmüş olacaqsınız. Lakin ailə rinq və döyüş meydanı deyildir. Anlaşma və ortaq məxrəcə gəlmək üçün bir məktəbdir. Bir azca səbirli olub, qəzəbinizi ələ alıb və incikliyinizi kontrol edərək, yoldaşınızın etdiyi hərəkətin sizi nə qədər incitdiyini, yaraladığını ona “mənim haqda belə düşünmən doğru deyildir, bu məni çox narahat etdi”, “mən sənin bu rəftarından çox yaralandım”, “bu sözlər mənə çox ağırdır”, “qəlbin çox qırıldı”, “mənə qarşı belə edəcəyini gözləməzdim” kimi bəyan tərzinə baş vurun.

Unutmayın ki, bəzən mübahisədə qalib olduğumuz zaman, əslində məğlub olmuş sayılırıq. Çünki insan səhvlərinin sübut edilməsindən xoşlanmır. Buna səy göstərməyin. Bəzən mübahisədə haqlı olduğunuzu göz önündə sərgiləməklə, yoldaşınızın qürurunu da incitmiş olacaqsınız. Vüqarına xələl gəldiyini hiss edən şəxs, zahirdə razılaşsa da, batində sizi yenə də potensizl rəqib olaraq görəcəkdir. Bəs nə edək? İlk öncə mübahisədən çəkinin. Etiraz etməyin, dinləyin. Nə demək istədiyini diqqətlə anlamağa çalışın. Axı bəzən biz yanlış anlaya da bilirik. Qarşı tərəfin məqsədini yoza bilir, ondan istədiyimiz mənannı qavraya bilirik. Sonra isə kimin haqlı olmasından daha çox “məsələni necə həll edə bilərik, necə ortaq məxrəcdə razılaşa bilərik” –deyə düşünməklə çıxış yolunu tapmağa çalışın.

Yaxud bəzən siz həyat yoldaşınıza qarşı düzgün rəftar etmirsiniz, amma  guya səhvinizi qəbul edərək “mən etdim amma… sən də filan işi etdin”, ya da “tutaq ki, mən əsəbləşdim belə elədim, sənə nə olub?” –deyə özünüzü təmizə çıxarmağa səy göstərməyin. Bu əslində haqsızlıqdır. Çünki sizin yanlış rəftarınız, sizə aiddir. Onun yanlış rəftarı üzərində dayanaraq, öz hərəkətinizə bəraət qazandıra bilməzsiniz.

Bəzi vaxtlar insan əsəbləşdiyi zaman, atdığı düzgün olmayan addımlar, fiziki şiddət, yaxud nalayiq sözlərə belə bəraət qazandırmağa səy göstərir: “Səni döydüm, yaxud təhqir etdik və buna sən günahkarsan! Çünki məni əsəbləşdirib, özümdən çıxardın.” Halbuki, istənilən halda və hansı səbəblə olursa olsun, bizim kiməsə fiziki şiddət nümayiş etməyə və nalayiq sözlərlə, hərəkətlərlə onu alçaltmağa haqqımız yoxdur və bu birmənalı olaraq yolverilməzdir! Biz qəzəbimizə hakim ola bilmiriksə, bu həyat yoldaşımızın günahı deyildir, bizim bacarıqsızlığımız, acizliyimiz və səhvimizdir.

Sandviç metodu. Hansısa bir sözü və tənqidi yoldaşınıza demək istəyirsinizsə, onu birbaşa deyil “iki tərif arasınsa sıxışdırılmış” formada deyə bilərsiniz. Bu zaman o, sizin sözlərinizi təhlükə kimi qavramayacaqdır. Məsələn, yoldaşınızın hazırladığı yeməklər çox yağlı olursa, bunu ona incitmədən də söyləyə bilərsiniz. “Əzizim, sənin yeməklərinin ətri aləmi bürüyür. Dostlarıma həmişə deyirəm ki, mənim bu sahədə, bəxtim yaman gətirib. Əllərinin ləzzəti və dadı insanı valeh edir. Bəzən bir az çox yağlı olsa da, o qədər dadlıdır ki, daha başqa yerdə yemək yediyim zaman mənim ürəyimə heç yatmır.” Gördüyünüz kimi “bir az çox yağlı olsa da,” ifadəsi ilə lazım olan mesajı incitmədən qarşı tərəfə ötürmüş olduq.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir