Nurane Rufullayeva

Ailənin güzgüsü: Uşaq tərbiyəsi və ailə münasibətləri

Baxış sayı: 80. 450

Uşaq tərbiyəsi heç vaxt əhəmiyyətini itirməyən bir mövzudur. Bəzilərinin düşündüyü kimi, xauslu və yorucu bir məsələ deyil, əksinə zövq verən, insanı inkişaf etdirən bir prosesdir. Tərbiyə – uşağı insanlığa yüksəltməkdir.

Əslində, insanın fitrətində mənfi hisslərə, əməllərə meyl yoxdur. Yaşadıqca hansı tərəfə yönəldilirsə, o tərəfə üz tutur. Biz yaradılışın, fitrətin ziddinə getdikcə həyatımızdan problemlər əskik olmur.

Ailə – insan həyatının ilk məktəbi, tərbiyənin, sevginin və şəxsiyyətin formalaşdığı məkandır. Uşağın dünyanı necə görəcəyi, özünü necə dərk edəcəyi, insanlarla necə münasibət quracağı ilk növbədə ailədə qazandığı təməllərlə formalaşır.

Əksər valideynlər “uşağım sözümə qulaq asmır”, “çox əsəbidir”, “özünü qapalır” kimi müxtəlif narahatlıqlarla psixoloqa müraciət edirlər. Amma məsələ təkcə uşaqda deyil, çox vaxt onun yaşadığı ailə atmosferində gizlənir. Bəzən deyirik ki, indiki uşaqların tərbiyəsi çətindir. Amma unutmayaq ki, bu dövrün uşaqları üçün də valideynlərini anlamaq çətin ola bilər.

Bir uşağın dediyi kimi; “yaman çətin uşaqdır” deyənlər məni başa düşsələr, bu qədər çətin olmaz.

 

 Ailədaxili münasibətlər uşağın daxili dünyasını necə formalaşdırır?

“Uşaq ailənin güzgüsüdür.”

Uşaq üçün ailə yalnız fiziki bir məkan deyil — həm də emosional güvən yeridir. Ailədə nə baş verirsə, uşağın duyğuları, davranışları, rəftarı, hətta siması belə onu əks etdirir. Hörmət, anlayış, sevgi görən uşaq həm özünə həm də insanlara birinci növbədə valideynlərinə qarşı da sevgi və anlayışlı, hörmətli olacaq ama aqressiv, tənqid edən, səbirsiz valideynin uşağıda özünə və insanlara, valideynlərinə də səbirsiz və aqressiv olacaq.! Bir sözlə, nə əksəniz, onu da biçəcəksiniz.

Çünki uşaq bunları mənfi davranış kimi qavramır. O, sadəcə müşahidələr nəticəsində bir sıra müsbət və ya mənfi davranışlara yiyələnir. Ailə daxilində empatiya, yəni uşağın duyğularını anlamaq və onu dinləmək vərdişi tərbiyənin ən önəmli hissəsidir.

Uşağin davranışlarında və seçimlərinda müşahidə etdiyimiz bir çox səhvlər, əslinda, valideynlərin bilmədən buraxdığı yanlışların əks-sədasıdir. Yəni sizin səhvləriniz uşağın səhvlərini doğurur

Uşağı tərbiyə etmək istəyən hər kəs bilməlidir ki, bu iş ilk olaraq özünü tərbiyə etməkdən keçir. Sonra doğru hayat yoldaş seçimi, hamiləlik dövründəki ananın vəziyyəti, münasibətləri və doğumdan sonrakı ilk illər bu tərbiyənin əsas dayaqlarını təşkil edir. İnsan həyat yoldaşını seçərkən təkcə öz gələcəyini yox, övladlarının da gələcəyini müəyyənləşdirdiyini unutmamalıdır.

“Bəzən “insanlıq” duyğuları analıq hisslərini üstələyəndə, ana məhz ana kimi deyil, digər insanlar kimi olanda övladlar müvəqqəti də olsa anasız qalırlar.” Ana olduğunuzu, analığın nə olduğunu unutmamalı analıq hisslərinizi mətbəx əşyalarının arasında itirməməlisiniz. Unutmayın! Siz nə qədər anasınızsa, övladınız da sizə o qədər övlad olacaq. Siz əvvəlki analıq həyəcanını unutmağa başlasanız, övladınz da sevgisini sizdən əsirgəyəcək.

“Çünki övlada sevgi qarșılıqsız, anaya sevgi isə qarşılıqlıdır”!

Ușaq anasından aldığı şəfqət, sevgi, mərhəmət duyğularını atasından öyrəndiyi məsuliyyət, qərar, ədalət, ciddiyyət hissləri ilə birləşdirməlidir ki, həqiqi insan olsun.

Ata ciddidir. Amma qorxulu deyil.

Ata intizamlıdır. Amma nəzakətsiz deyil.

Ata qətiyyətlidir. Amma sərt deyil.

Ata səmimidir. Amma səbirsiz deyil.

Ata o deyil ki, səsi gələr-gəlməz hərə bir tərəfə qaçsın, ya da hamı işini yarımçıq qoyub onun qulluğunda dursun. işdən nə qədər yorğun gəlsə də, onun üstünə qaçan oğul-qizını “görmürsüz işdən gəlmişəm?!” deyib özündən uzaqlaşdırmağa haqqı yoxdur atanın. Ata yorğun ola bilər. Ancaq yorğun görünə bilməz.

Uşaq təkcə ananın məsuliyyəti deyil, Atanın məsuliyyətidə yalniz pul qazanmaqdan ibarət deyil. Uşağa aid olan bütün məsuliyyəti ananın boynuna atmaq nə qədər düzgündür? Övladlarının mənəvi va psixoloji öhdəliklərini anaların borcu hesab etməyən, sözün əsl mənasında ailəsinin qayğısını çəkən atalara indi çox ehtiyac var!

Heç bir uşaq davranış problemi ilə dünyaya gəlmir. Allah heç bir uşağı ərköyün və ya qısqanc, aqressiv, yalançı yaratmayıb. Davranışlar nəsihətlə, izahla və təlqinlə deyil, əsasən, sonradan tədricən və müşahidə ilə formalaşır. Yəni ananı, atanı görə-görə, izləyə-izləyə …

Çox zaman “uşaq nə bilir?”, “kiçikdir, başadüşməz” kimi yanaşmalarla emosional ehtiyacları gözardı edirik. Halbuki, uşaq hərşeyi çox gözəl başadüşür. Məsələn, uşağın ağladığı bir anda “Ağlama, ağlasan məndən incimə!, kişi ağlamaz!” demək əvəzinə, “Nə oldu, səni nə narahat etdi?” sualı ilə yanaşmaq onunla emosional bağ qurmağa kömək edir.

“Uşaqlarım üçün hər şeyi etməyə hazıram” deyən valideynlər! Övladınızı gələcəkdə necə görmək istəyirsinizsə, elə yaşayın və yanaşın kifayətdir!

Masallı bölgəsində müşahidələrim göstərir ki, bəzi valideynlər övladlarının emosional ehtiyaclarını başa düşməkdə çətinlik çəkirlər, başa düşsələr də, ifadə etməkdə çətinlik çəkirlər. Bu da ailə içində soyuqluq və anlaşılmazlıq yaradır. Valideynlər çox vaxt övladlarına tərbiyə vermək istəyərkən sərt danışıq, qadağalar və müqayisə üsullarından istifadə edirlər. Məktəb yaşlı uşaqlarda isə bu davranışlar özünü ya inad, ya aqressiya ilə göstərir. Bəzi uşaqlar özlərini dərsə tam verə bilmirlər, çünki ailədəki psixoloji təzyiq onların daxili dünyasında gərginlik yaradır.

  • Valideynin bütün işləri övlad əvəzinə görməsi — böyüməyən uşaqlar cəmiyyəti doğurur.

Uşaqların yaşına uyğun məsuliyyətləri yerinə yetirməsi, onların özünə inam, bacarıq və mənlik dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Təəssüf ki, bir çox valideyn, uşağı əziyyət çəkməsin, yorulmasın, səhv etməsin deyə onun yerinə düşünür, qərar verir, hətta ayaqqabısını geydirir, çantasını daşıyır, yeməyini yedizdirir və otağını belə özü yığışdırır.

Halbuki, 3 yaşlı bir uşaq ayaqqabısını geyinməyi öyrənə, 5 yaşlı uşaq çantasını yığa, 7 yaşlı uşaq yatağını səliqəyə sala bilər. Ancaq bu bacarıqlar çətinlik qarşısında özünü itirməyən, problemləri həll edə bilən fərdlərin təməlini qoyur.

Məsuliyyət almayan uşaq böyüdükdə özündən asılı olmayan bir həyat tərzi ilə üzləşir. Valideynsiz heç nə edə bilməyən, qərarsız, qorxaq və ya tərs bir şəxsiyyət formalaşır. Uşaq istəyinə dərhal çatmağa öyrəşdikcə gözləməyi öyrənmir, təxirə salmağa dözə bilmir və məşəqqətə dayanıqsız olur.

Valideynin “onsuz da balacadır”, “neynəsin, yazığımdır”, “eybi yox, mən edim” düşüncəsi uşağın inkişaf yolunu kəsir. Bu “yazıqlıq” hissi, əslində uşağın gələcəyinə edilmiş pislikdir.

Övladınıza hər şeyi vermək yox, onu həyata hazırlamaq ən böyük sevgidir.

  • Həddindən artıq çoxlu oyuncağın alınması.

Çoxlu oyuncaqlar, çoxlu sevgi demək deyil…

Müasir dövrdə bir çox valideyn övladının sevinməsi və ya “başqa uşaqlardan geri qalmasın” deyə ona saysız-hesabsız oyuncaq alır. Halbuki, uşaq psixologiyasında sevgi, diqqət və zamanın yerini heç bir maddi əşya tutmur. Oyuncaq bolluğu uşağın təxəyyülünü məhdudlaşdıra, diqqət dağınıqlığına səbəb ola və hətta hər şeyin asanlıqla əldə edildiyi yanlış inancını formalaşdıra bilər. Uşaq üçün bir neçə seçilmiş, inkişafetdirici oyuncaq, onunla birlikdə keçirilən keyfiyyətli vaxtdan doğan öyrədici oyunlar daha faydalıdır.

Bilməliyik ki, uşağın oyuncağa deyil, oynayan bir valideynə ehtiyacı var.

Bu məsələdə həddin aşılması, uşaqlarda empati, gözləmə bacarığı, qədrini bilmə kimi mənəvi keyfiyyətləri zəiflədir. Uşaq istədiyi hər şeyə dərhal çatırsa, gələcəkdə həyatın təbii çətinliklərinə dözümsüz ola bilər.

  • Valideynlərin tez-tez etdiyi başqa bir səhv — üzr istəməməkdir.

Uşağa qışqıran, əsəbiləşib sərt davranan, sonra heç nə olmamış kimi davam edən valideyn, əslində uşağa “mən səhv etmirəm” mesajı verir. Halbuki, “Bağışla, sənə qışqırmamalıydım”, “Bu sözlər düzgün deyildi” demək valideynin dəyərini azaltmaz, əksinə uşağın gözü qarşısında onu daha hörmətli və dürüst edər.

Uşaqlar, valideynlərinin əllərindən tutub həyat öyrənir. O əllər sevgi və güvənlə uzanmalıdır, qorxu ilə deyil.

Tənqidə paralel şəkildə yüksək səslə danışmaq, qışqırmaq, təhqiramiz tonla müraciət etmək, uşaqda müxtəlif narahatlıqlar yaradır. Bu davranışlar:

  • Qorxu və fobiyaların yaranmasına,
  • Yuxu və iştah pozğunluqlarına (bəzən səbəbsiz kökəlmə və ya arıqlama),
  • Nitq problemlərinə (kəkələmə və ya danışmaqdan çəkinmə),
  • Diqqət və yaddaş zəifliyinə,
  • Özünü ifadə edə bilməmə, emosiyalarını tənzimləyə bilməmə,
  • Sosial əlaqələrdə çətinlik və tənhalığa meyil,
  • Dərslərində geriləmə, motivasiya itkisi,
  • Və ən pisi — özünü dəyərsiz hesab etməyə gətirib çıxara bilər.

Bu isə uzunmüddətli psixoloji izlər buraxır.

Tənqid edərək düzəltmək deyil, dəstək olaraq böyütmək mümkündür.

Uşaqlar bizi necə danışırıqsa, elə eşidirlər. Və sonra həmin cümlələri özləri-özlərinə deməyə başlayırlar…

  • Qorumaqla deyil, yönləndirməklə böyütmək: Uşaqların sosial bacarıqlarını inkişaf etdirmək

Bəzən valideynlər övladlarının digər uşaqlarla oynamağına, anlaşılmazlıqlar və ya kiçik mübahisələr yaşamasına hətta dalaşmasına icazə vermək istəmirlər. Amma unudurlar ki, məhz bu, uşağın sosial bacarıqlarını inkişaf etdirən əsas həyat dərsləridir. Uşaq onsuzda mübahisə edir mübahisə etməyən uşaq yoxdu ama bu vəziyyəti öyrədici hala gətirə bilməyən valideyn var. Əgər uşaq bu təcrübələri kiçik yaşlardan yaşaya bilmirsə, gələcəkdə qarşılaşacağı daha ciddi münasibət və problem vəziyyətlərində çox çətinlik çəkəcək. Çünki ona bu situasiyaları necə idarə etməyi evdə heç kim öyrətməyib!

Halbuki uşaq:

  • Məhəllədə oynayarkən sosial bacarıqlar qazanır.
  • Dalaşaraq özünü necə müdafiə etməyi, barışaraq ünsiyyət qurmağı öyrənir.
  • Paylaşmağı, gözləməyi, qaydaları qəbul etməyi öyrənir.
  • Haqqını necə qoruyacağını, özünü necə ifadə edəcəyini praktiki olaraq yaşayır.
  • Ən əsası, emosiyalarını tanımağı və idarə etməyi bacarır.

Valideyn burada qorxmalıdırmı? Əksinə, uşaqla üz-üzə qaldığı bu kiçik çətinlikləri birgə analiz etməlidir.

 

 Amma bu vaxt nə baş verir?

Valideynlər bəzən uşağın davranışlarını aqressiv tərzdə tənqid edirlər: Fiziki və psixoloji şiddət (qışqırmaq, əşyalarını əlindən almaq, incitməli sözlər demək) tərbiyə deyil, qorxu ilə idarəetmə cəhdidir.

  • “Mən sənə deməmişdim, dalaşma!”
  • Mən dalaşan oğlanları sevmirəm! Sən pis oğlansan!?
  • “Niyə dalaşdın? Yaxşı uşaqlar dalaşmaz!”
  • Cəzalısan, birdə icazə verməyəcəm!
  • Get səni gözüm görməsin!

“Əgər bir də etsən, sənə oyuncağını verməyəcəyəm!”, “Səni sevməyəcəm!”, “Sənin anan olmayacam!””Birdə etsən barmaqlarını kəsəcəm” və s.

Bu cümlələr bir tərəfdən uşağın özgüvənini zədələyir, digər tərəfdən onu qorxu və itaətə alışdırır. Sevgi şərtə bağlı olduqda (“Əgər dediyimi etsən, səni sevəcəm”), uşaq şəxsiyyətini yox, davranışını qəbul etdirərək var olmağa çalışır. Bu isə mənlik dəyərinin zəifləməsi, özünü daim sübut etmə ehtiyacı, sevilmək üçün hər şeyə “bəli” demə kimi təhlükəli nəticələrə yol açır.

Halbuki öyrənmək sevgi və anlayışla mümkündür. Uşaq üçün oynamaq, danışmaq, yaxınlıq görmək — sevildiyini hiss etməyin yollarıdır.

Valideynin aqressiv davranışı,uşaqda:

  • Özünü ifadə edə bilməmək,
  • Utancaqlıq və ya əksinə, aqressivlik,
  • Sosial fobiya
  • Davranış pozuntusu
  • Valideyinə qarşı gizli nifrət yarana bilir.
  • Yemək və yuxu pozuntuları, qıcıqlanma, dərsə qarşı marağın azalması.
  • Hətta kəkələmə, diqqətsizlik kimi psixoloji əlamətlər yarada bilər.
  • Anaya, özünə və insanlara qarşı güvənsizlik yaranır.

“Uşaq tərbiyəsi, qışqırmaq deyil – izah etmək sənətidir”

 

Valideynin doğru reaksiyası necə olmalıdır?

  • Uşağı oyundan və insanlardan təcrid etmək yerinə, müşahidəçi və yönəldici mövqedə olmalıdır.
  • Problemlər yaşananda onu sorğu-sual və ya cəza ilə deyil, danışaraq və bərabər təhlil edərək böyütmək vacibdir.
  • Valideyn özünü “hər şeyi bilən və idarə edən” deyil, duyarlı və dəstək olan bir bələdçi kimi görməlidir.

Uşağa düzgün davranışlar bu şəkildə öyrədilir:

  • “Nə baş verdiyini danış, səni dinləyirəm.”
  • “Dostunla niyə anlaşa bilmədin? Səncə başqa necə edə bilərdin?”
  • “Bəzən insanlar mübahisə edə bilər. Amma biz danışaraq həll edə bilərik.”
  • “Sənin hisslərini anlayıram, gəlin birlikdə baxaq necə düzəldə bilərik.”

Anlayışlı və sakit yanaşan valideyn, əslində uşağın həyat müəlliminə çevrilir. Çünki uşaq eşidildiyini və başa düşüldüyünü hiss edəndə, özü düz yola can atır.

“Doğruları yalnız düzgün yolla öyrətmək mümkündür.”

Uşağa “dalaşmaq və ya …  olmaz” demək kifayət deyil. Ona nə etmək lazım olduğunu, emosiyalarını necə idarə etməyi və alternativ davranış yollarını göstərmək lazımdır. Cəza və qorxu ilə yox, sevgi və anlayışla.

Valideynin anlayışı – uşaq üçün şəfa yeridir. Uşaqlarımıza anlayışla yanaşaq.

Və bu psixoloji yükü ilə böyüyən uşaq, bir gün ya öz övladına eyni şeyi yaşadacaq, ya da ömrü boyu öz içində bu boşluğu daşıyacaq.

 

  • Uşaqlarda telefon və kompüter asılılığı: Sakit bir təhlükə və onun qarşısını necə almaq olar?

Müasir dövrün uşaqları texnologiya ilə birgə doğulur – tablet, telefon və kompüterlər onların oyuncaqları qədər əlçatan və cazibədardır. Telefon və kompüter istifadəsi qadağan olunacaq düşmən yox, doğru istiqamətləndirilməli bir vasitədir. Əgər biz uşağa texnologiyanın yaradıcı və faydalı tərəfini tanıtsaq, o bu alətləri özünü inkişaf etdirmək üçün istifadə edəcək.

Həddindən artıq ekran istifadəsinin nəticələri:

  • Diqqət dağınıqlığı və yaddaş problemləri
  • Aqressiya və qıcıqlanma
  • Empatiya və sosial bacarıqların zəifləməsi
  • Yuxu pozuntuları və fiziki problemlər

 

Doğru yanaşma: Nə etmək olar?

1) Uşağa tam qadağa yox, nə vaxt, nə qədər və niyə istifadə etdiyini izah edərək qayda qoyulmalıdır. Məsələn:

  • “Telefonla 30 dəqiqə oynaya bilərsən, sonra mənimlə birlikdə bulmacanı həll edək.”
  • “Axşam 6-dən sonra bütün telefonlar dayanır, çünki bədənimiz dincəlməlidir.”

2) Alternativ maraqlar yaradın. Əgər valideyn uşaqla maraqlı oyunlar, tapşırıqlar, nağıl oxuma, sual-cavab vaxtı təşkil edirsə, uşaq ekranı deyil, yaxınlığı seçir.

3) Sərhəd qoyarkən səbəbini izah edin. Uşaq nəyi niyə etməməli olduğunu anlamasa, etiraz edər. Məsələn:

  • “Əgər çox baxsan, beynin yorular və dərs oxuyanda çətinlik çəkərsən.”
  • “Oyunda olan zorakılıq səni daha əsəbi edə bilər.”

 4) Uşaqla birlikdə istifadə edin. Telefon və kompüteri yalnız nəzarət yox, paylaşım vasitəsinə çevirin:

  • Birlikdə təhsil videolarına baxmaq
  • Faydalı məlumatlar, haytı biliklərin araşdırıb öyrənmək
  • Gündəlik əyləncəli tapşırıqlar üçün istifadə etmək

5) Valideyn özü də nümunə olmalıdır. Əgər valideyn daim telefonda olarsa, uşaqdan fərqli davranış gözləmək qeyri-mümkündür.

 

Uşaq “nə dediyimizi yox”, “nə etdiyimizi təkrarlayır”.

Unutmayaq ki: “Texnologiyanı idarə etməyi öyrətməsək, texnologiya bizim uşağımızı idarə edəcək.”

  • “İşim çoxdu, vaxtım yoxdur” – Amma telefona, qonağa, marketə vaxt tapılır…

Bəzən valideynlər deyir: “İşim var, bacarmıram…”

Amma sosial mediada vaxt keçirə bilirik, qonaqlığa gedə bilirik, məişət işlərini saatlarla edirik… Demək ki, məsələ vaxtın olmamasında yox, nəyə önəm verilməsindədir.

 

Psixoloq Nuranə Rufullayeva




4 şərh “Ailənin güzgüsü: Uşaq tərbiyəsi və ailə münasibətləri

  1. FEYZULLAEVA

    Cox deyetli meslehetler ucun size minnetdaram Rufullaevsa Nurana Raqif qizi🙏🌹❤️👍

    Cavabla
  2. FEYZULLAEVA

    Salam, cox deyerli mesleherler ucun, size minnetdaram🙏 Rufullaeva Nurana Raqif qizi🙏🌹❤️👍

    Cavabla
  3. Jalə

    Dövrümüzün aktual problemləri…Maraqlı məqalə üçün təşəkkür edirəm.Gənc ailələrə dəstək olacaq mövzu və baxış açısı.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir