Guler Mustafayeva

Niyə psixoloqa müraciət etməliyik?

Baxış sayı: 447

Psixi sağlamlıq insanın ümumi sağlamlığının ayrılmaz hissəsidir. Buna baxmayaraq, cəmiyyətimizdə psixoloqa müraciət etməklə bağlı müxtəlif stereotiplər hələ də mövcuddur. Bəzi insanlar hesab edirlər ki, psixoloji yardım yalnız ciddi psixi pozuntusu olan şəxslər üçün nəzərdə tutulub, digərləri isə psixoloqa müraciət etməyi zəiflik kimi qiymətləndirirlər. Əslində isə bu yanaşma həm elmi biliklərə, həm də müasir psixologiyanın prinsiplərinə ziddir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığı yalnız xəstəliyin olmaması deyil, həm də fiziki, psixi və sosial rifah vəziyyəti kimi qiymətləndirir. Bu baxımdan psixi sağlamlığın qorunması insanın həyat keyfiyyətinin əsas şərtlərindən biridir.

Gündəlik həyatın sürətli tempi, iş yükü, ailədaxili problemlər, sosial münasibətlərdə yaşanan çətinliklər və qeyri-müəyyənlik bir çox insanda uzunmüddətli stress, narahatlıq və emosional gərginlik yaradır. Bu vəziyyət vaxtında qiymətləndirilmədikdə həm fiziki sağlamlığa, həm də münasibətlərə və peşə fəaliyyətinə mənfi təsir göstərə bilər.

psixoloq

Peşə fəaliyyətim zamanı tez-tez müşahidə edirəm ki, insanlar psixoloqa müraciəti yalnız bütün yollar tükəndikdən sonra düşünürlər. Halbuki psixoloji dəstəyin ən böyük üstünlüyü problemlərin dərinləşməsinin qarşısını almaq, insanın daxili resurslarını gücləndirmək və sağlam uyğunlaşma bacarıqlarını inkişaf etdirməkdir.

Psixoloqa müraciət etmək üçün mütləq ağır psixoloji pozuntu yaşamaq lazım deyil. Uzun müddət davam edən narahatlıq, həyat sevincinin azalması, ailə və ya iş münasibətlərində çətinliklər, özünəinamın zəifləməsi, itki və ya travmatik hadisədən sonra uyğunlaşma problemləri, valideynliklə bağlı çətinliklər və şəxsi inkişaf arzusu da psixoloji dəstək almaq üçün kifayət qədər əsaslı səbəblərdir.

Psixoloq hazır cavab verən və ya insanın yerinə qərar qəbul edən şəxs deyil. Onun əsas vəzifəsi elmi metodlardan istifadə etməklə insanın özünü daha yaxşı tanımasına, düşüncə və davranış nümunələrini dərk etməsinə, emosiyalarını sağlam şəkildə idarə etməsinə və problemlərin həllində daxili potensialını üzə çıxarmasına kömək etməkdir.

psixoloq

Bu gün dünyanın bir çox ölkəsində psixoloqa müraciət etmək həyat mədəniyyətinin bir hissəsi hesab olunur. İnsanlar yalnız çətinliklərlə üzləşdikdə deyil, özünü daha yaxşı tanımaq, münasibətlərini inkişaf etdirmək, stressi idarə etmək və psixi sağlamlıqlarını qorumaq məqsədilə də psixoloji dəstək alırlar.

Psixoloqa müraciət etmək zəiflik deyil. Əksinə, bu, insanın öz həyatına, psixi sağlamlığına və gələcəyinə məsuliyyətlə yanaşdığını göstərən şüurlu seçimdir. Necə ki, fiziki sağlamlığımızın qayğısına qalırıq, eyni həssaslıqla psixi sağlamlığımızı da qorumalıyıq. Çünki sağlam düşüncə, emosional sabitlik və psixoloji rifah həm fərdi xoşbəxtliyin, həm də sağlam cəmiyyətin təməlidir.

                                                                                                                

Psixoloq Gülər Mustafayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir