pul

“Arvada deyirəm, səndən başqa hər şeyi kreditlə almışam” – ARAŞDIRMA

Baxış sayı: 2. 586

Şuba geyinmək üçün kredit alan da var, acından ölməmək üçün bunu edən də…

“10 ildir ödəyirəm. Köpəkoğlunun krediti, bitmək bilmir. Evdə arvada deyirəm ki, səndən başqa hər şeyim kreditlədir. Evimiz, maşınım, evdəki əksər əşyalar… Biri qurtaran kimi, o biri başlayır. Yazıq arvad bir tərəfdən gətirir, mən o tərəfdən. Hələ də ayın axırında iki əl, bir baş, baxırıq bir-birimizin üzünə”.

Rahib Təhməzov 46 yaşındadır, özəl firmalardan birində sürücülük edir. Həyat yoldaşı isə tərcüməçiliklə məşğuldur. Yuxarıda dediklərinə inansaq, kreditlər ucbatından evlərinin bərəkəti qaçıb: “Hər şey qurulu saat kimidir. Ayda bir-iki toy, ad günü olan kimi bir böyrümüz əyilir. At kimi çapırıq ki, təki bu kreditlər qurtarsın. Özü də kredit elə şeydir ki, alanda çox ləzzətli olur, gözünə asan görünür. O ki aybaay ödəmə vaxtı çatır, onda adam sancılanır. (gülür)”

Azərbaycanda əksər ailələrə tanış mənzərədir. Kredit sistemi populyarlaşandan bəri az qala hər kəs ondan yararlanır. Hər 5 adamdan 3-nün cibində kredit kartı və ya çiynində kredit borcu var.

Statistikaya görə, 2014-cü il aprelin 1-ə olan vəziyyət aşağıdakı kimidir: Azərbaycanda ümumi kredit qoyuluşları 15,9412 milyard manat təşkil edib və bunun təxminən 6 milyard manatı, yəni 40 faizindən çoxu istehlak kreditləri olub. Beləliklə, istehlak kreditlərinin ümumi kredit portfelində payına görə biz hər şeyi kreditə alan qərbliləri iki dəfə qabaqlayırıq. Qərbdə istehlak kreditləri ümumi kredit potfelinin 20 faizindən çoxunu tutmur. Təbii ki, Azərbaycandakı bu “irilənmədə” bank faizlərini ödəmək üçün verilmiş “silsilə kreditlərin” də rolu böyükdür. Son bir ildə Azərbaycanda kommersiya banklarından kredit alan fiziki şəxslərin sayı 31,4% artıb. Borc alanların sayı 1 milyon 641 min 493 nəfərdir. Bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin bu ilin ilk dörd ayının nəticələri ilə bağlı hesabatında deyilir. Kreditlərin 35 faizini istehlak kreditləri təşkil edir.

“ACINDAN ÖLMƏMƏK ÜÇÜN KREDİT GÖTÜRÜRƏM”

Özəl telekanallardan birində texniki işçi kimi çalışan Seyran Hatəmovun isə kredit yükünün altına girmə hekayəsi fərqlidir. O, açıq şəkildə etiraf edir ki, əgər kredit almasa, acından ölər: “Bir də görürsən, ayın axırına 10 gün qalıb, evdə isə bir qəpik də pul qalmayıb. Marketdən kartla bazarlıq edirəm, ya da uşağın ayaqqabısı cırılıb. Neynim? Adam dost-aşnadan nə qədər borc alar? Ondansa banka borclu qalmaq daha kişilik sayılır”.

Müsahibimizin sözlərinə görə, evinin təmirini kredit hesabına edib. 1 il boyunca o krediti ödəyib. Daha sonra bacısını ərə verəndə yenə bankdan kredit götürüb, üstəgəl, cehizlərin 90 faizini kreditlə alıb: “2 il də onları ödəməyə getdi. İndi dönüb arxaya baxanda mən həmin illəri “remont ili”, “cehiz ili” kimi yada salıram. Amma bunların hamısı bizim ömrümüzdən gedir axı. Adam kreditin vaxtı çatanda necə gərgin olur, təsəvvür edirsiniz? Elə olub ki, bir kartdan pul götürüb, o biri kartın borcunu ödəmişəm, sonra başqa bir kartdan cehizin kreditini vermişəm. Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoymuşam. Kəndirbazlıq edirəm neçə ildir”.

S.Hatəmov deyir ki, bəzi dostlarının kredit alma səbəbi olduqca fərqlidir. Belə ki, kimsə sırf kapriz xətrinə kredit götürür və onun altında əzilir: “Mənim bir iş yoldaşımın xanımı məhz rəfiqələrindən geri qalmamaq üçün şuba alıb, özü də kreditlə. Təsəvvür edirsiniz? Bu, artıq məcburiyyət sayılmır, kapriz sayılır. Ya da kreditlə özünə komplekt brilyant dəsti alan bir qohumumuz var. Hamı kredit yükünün altına ehtiyacdan girmir ki”.

BANKLAR BİZİ NECƏ “SINDIRIR”?

İqtisadçılar isə bildirir ki, kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən “şapka” kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur. Tutaq ki, müştəri bankdan illik 26 faizlə 10 min manat kredit götürür. Kredit verilərkən vəsaitin ən azı 500-1000 manatı ondan rüşvət şəklində alınır. Bu isə bank faizinin faktiki olaraq 35-40 faizə yüksəlməsinə səbəb olur. Sadə hesablama aparaq: 10 min manat 1 il müddətinə 26 faizlə götürülübsə, müştəri əsas borcla banka 12600 manat qaytarmalıdır (10000 əsas borc + 2600 manat faiz borcu). Ancaq kredit ödənişləri hər ay həyata keçirildiyindən faiz borcu 18-20 faizə enir. Çünki hər ay ödəniş etdikcə əsas borcun məbləği azalır, bu da faiz borclarının azalmasına səbəb olur. Ona görə də illik faiz borcu 18-20 faiz arasında olur (bankirlər buna işlək faiz dərəcəsi deyirlər). Ancaq bu müştəri son nəticədə banka 12500-13000 manat (əsas borc 10000 + faiz borcu 2000 + “şapka” 500-1000) ödəyir. Bununla da illik faiz 30 faizə çatır. Bu da kreditin ödənilməsində ciddi problemlər yaradır. Bir neçə azsaylı bankı çıxmaq şərti ilə Azərbaycan bankları bu “sistem”lə işləyir. Bu, problemli kreditlərin yaranmasının əsas səbəblərindən biri, bəlkə də birincisidir.

BU XƏSTƏLİYİN KONKRET ADI VAR – KREDİTOMANİYA…

Psixoloqlar iddia edir ki, kreditomaniya bu gün ciddi psixoloji asılılığa çevrilir. Kredit götürmə anına gələn insanın beynində bəzi proseslər baş verir. Belə ki, insan kredit götürmək qərarına gəldikdə, beyindəki proqnostik funksiya öz işini dayandırır, tələbat ön plana çıxır və kreditin sonda ona nəyin bahasına başa gələcəyini həmin an ayıq başla təhlil etmək mümkün olmur.

Kreditomaniyanın qurbanı olmamaq üçün, hər bir böyük alış-verişi planlaşdırmadan əvvəl bütün variantları ölçüb-biçmək və kreditsiz keçinmək imkanının olub-olmamasını araşdırmaq lazımdır. İmkanlar həqiqətən də çoxdur, lakin bu və ya digər səbəblərdən biz onları görmür, ya da görmək istəmirik. Kredit almaqdan öncə dostlarla, qohumlarla, yaxınlarla məsləhətləşmək, həmçinin, peşəkar mütəxəssislərin xidmətindən yararlanmaq da pis olmaz.

Əsli 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir