bosanma

Ata ilə ünsiyyətə ehtiyacı olan uşaqlar və ya boşanma prosesində ən günahsızın ən ağır cəzanı çəkməsi

Baxış sayı: 1. 154

Ailələr dağıldıqdan sonra uşaqla ünsiyyətdə olmaqdan imtina edən ataların sayı artıb. 2020-ci ilin altı ayı ərzində Rusiyada bu fakt özünü daha qabarıq göstərib. İnsan Hüquqları üzrə Müvəkkilə daxil olan şikayətlər bunu deməyə əsas verir. Ombudsman Tatyana Moskalkova bildirib ki, bir çox atanın uşağın yaşayış yerindən xəbəri yoxdur və aliment öhdəliklərini yerinə yetirməkdən imtina edirlər: “Çox vaxt aliment ödəmək istəməyən ataları axtarmalı oluruq. Bu ilin birinci yarısında ailənin, ananın, atanın və uşaqların hüquqlarının qorunması ilə bağlı müraciətlərin sayının ötən illə müqayisədə iki dəfə artdığını nəzərə alaraq dəyirmi masa ətrafında yığışmağa məcbur olduq. Biz demək olar ki, məsələyə Turgenevin mövzusundan – “atalar və oğullar” baxışından yanaşırıq. Ailə təməlin əsasıdır. Ailə və uşaq hüquqları Rusiya qanunvericiliyində təsbit olunub. Bu hüquqlar BMT-nin Uşaq Hüquqları Konvensiyasında əks olunan beynəlxalq standartlara tam uyğundur”. Ombudsman, həmçinin bildirib ki, aliment ödəmələri hələ də əsas problemlərdən biridir. Bu mövzuda şikayətlərin 70% -i qadınlardan eşidilir. Bunun səbəbi boşanandan sonra azyaşlı uşaqların əksəriyyətinin anaları ilə birlikdə yaşamaları, atanın onları hər cür dəstəkdən, hətta ünsiyyətdən məhrum etməsidir.

Ombudsman xatırladıb ki, 2019-cu ilin sonunda rusların aliment borclarının miqdarı 152 milyard rubl təşkil edib. “2015-ci ildə bu məsələni həll etmək üçün hökumətə, məsuliyyətsiz valideynlərdən ödəniş almayan uşaqlara maddi dəstək vermək üçün xüsusi aliment fondunun yaradılması məsələsini nəzərdən keçirməyi tövsiyə etdik. Payızda parlamentin yuxarı palatası bu mövzuda dinləmələr keçirəcək. Ancaq tək analar deyil, uşaqları olan tək atalar da əziyyət çəkirlər”.

Dəyirmi masada iştirak edən rusiyalı psixoloqlar bildiriblər ki, əksər atalar boşandıqdan sonra aliment vermirlər və bu, onları, təbii olaraq məsuliyyətdən azad etmir: “Ancaq uşaqla ünsiyyəti itirməyə isə onların heç haqqı yoxdur. Çünki uşağın puldan da çox, bəlkə buna ehtiyacı var. Atalar bu ünsiyyəti övladlarından əsirgəməməlidirlər”.

Azərbaycanda statistikaya nəzər salsaq, təkcə 2020-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 841 nikah və 7 107 boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,6, boşanmaların sayı isə 1,4 olub. Boşanan ailələrdə nə qədər uşaqların valideyn ünsiyyətindən mərhum olduğunu söyləmək isə çətindir. Bəzi atalar övladlarını təkcə alimentdən deyil, həmçinin ünsiyyətdən belə mərhum edir, hətta keçmiş ailəsinin yaşadığı ünvanı tanımırlar.

Sevil Quliyeva 6 ildir ki, ayrıldığı həyat yoldaşının təkcə aliment verməməsindən gileylənmir. Həmçinin iki azyaşlı övladını bircə dəfə aramadığından şikayətlənir: “Uşaqlar məndən atalarının harada olması ilə bağlı hər gün soruşurlar. Kiçik olduqları üçün hansı yalanları uyduracağımı bilmirəm. Onların ata ünsiyyətinə və dəstəyinə ehtiyacları var. Bəlkə bircə dəfə başlarına sığal çəksə, xoş bir söz söyləsə və ya yarım saat parka gəzintiyə aparsa, onların da qəlbi sevinər, atasızlığı bu qədər hiss etməzlər”.

Psixoloqların məsələyə münasibəti də uşaqların hüquqlarının qorunması istiqamətindədir. Klinik psixoloq, “Narınc” Psixologiya Mərkəzinin təsisçi rəhbəri Narınc Rüstəmovanın fikrincə, boşanmaların əsas səbəblərindən biri ailə quranların çoxunun ailə həyatına hazır olmamasıdır. Burada söhbət fiziki, maddi və mənəvi, psixoloji hazırlıqdan gedir: “Ən pisi də odur ki, dağılan ailələrdə ən çox əziyyət çəkənlər uşaqlardır. Uşaq bu prosesdə ən günahsızdır və ən ağır cəzanı da elə o çəkir. Uşaq hər iki valideynin sevgisi və qayğısı ilə böyüməlidir, çox təəssüf ki, boşanma hallarında uşaq ana ilə qalırsa, ata sevgisindən və qayğısından məhrum olur və ya əksinə də ola bilər. Belə hallarda yetkinlik yaşına çatana qədər uşaq, əsasən ananın himayəsində qalır və çox zaman ailələr öz problemlərini uşaq üzərində həll etməyə başlayır, atanı uşaqla görüşdürməməklə cəzalandırırlar, bu da uşağın psixikasına təsir edir. Belə uşaqlar cəmiyyətdə özünü tapmaqda çətinlik çəkirlər, iki ev arasında qalırlar. 6 yaşa qədər olan uşaqlarda problem çox ciddidir. Bəzən atalar da görüşə gəlmir, anaya olan incikliyi uşağa göstərir, bu hallarda uşaqlarda məktəb vaxtı sinfə uyğunlaşa bilməmək, özünə qapanmaq baş verir”.

Narinc Rustemova

Psixoloq hesab edir ki, uşaqların ata himayəsindən, sevgi və qayğısından məhrum olması, onların psixi, zəka və emosional inkişafında müəyyən pozulmalarla özünü göstərə bilir: “Burada önəmli nüans ananın atanı təqdimetmə formasında özünü göstərir. Ata hardadır, kimdir, niyə yoxdur? Və baxmaq lazımdır, yaşadığı ailə tərəfindən sevgi, qayğı görən bir uşaqdırmı, ətrafında ata rolunu əvəzləyəcək ailə yaxınları – əmi, dayı, baba və s. varmı. Ata rolunun əvəzlənmədiyi hallarda uşaqlarda emosional yaşın aşağı olması, boşluq hissi, depressiv duyğular, aqressiya, davranış pozuntuları, eyni zamanda anaya hədsiz bağlılıq, itirmə qorxusu, özgüvən əskikliyi, özünü digərlərindən aşağı görmə kimi narahatlıqlar müşahidə oluna bilər. Elmi araşdırmalar göstərir ki, tərk edilmişlik duyğusu ilə böyüyən uşaqlarda zəka inkişafı normal getsə də, kifayət qədər öyrənmə potensialı olsa da, adətən öyrənmə çətinliyi və diqqət dağınıqlığına rast gəlinir”.

Psixoloqun fikrincə, yaxşı olar ki, boşanma zamanı uşaqlar psixoloji dəstək alsın, prosesdən sonra da bir-iki il ərzində müşahidə altında olsunlar. Belə ki, 12 yaşdan sonrakı korreksiya çox əziyyətlidir, amma mümkünsüz deyil: “Tərk edilmişlik hissi ilə böyüyən uşaqlarda gələcəkdə evlilik qorxusu, natamamlıq kompleksi, antisosial, asılı şəxsiyyət pozuntuları, müəyyən cinsi və cinsi meyl pozuntuları görülə bilər”. N.Rüstəmovanın fikrincə sağlam boşanma üçün ilk növbədə dünya praktikasında olduğu kimi, məhkəməyə boşanma üçün müraciət edən cütlüklərə müəyyən bir müddət vaxt verilməli və onlar psixoloji dəstək almaq üçün ailə psixoloquna yönləndirilməlidirlər: “Psixoloqla birlikdə cütlüklər ilk növbədə ailə bütünlüyünü qorumaq üçün mümkün bütün yolları müzakirə edirlər.  Yenə də son qərar ayrılmaqdırsa, o zaman “bunu necə sağlam və düzgün şəkildə edə bilərik?”- deyə istiqamətlənirlər. Boşanma özü böyük bir həyati proses və böhranlı yoldur. Bu yolu daha rahat və zərərsiz, xüsusən, uşaqlar üçün keçməkdən ötrü mütəxəssis dəstəyinin alınması vacib nüanslardandır”.

zeyneb eyyubova

Psixoloq Zeynəb Əyyubova hesab edir ki, hazırda daha çox boşanma mədəniyyətinin təbliğ olunmasına ehtiyac var. Belə ki, bizdə boşanma mədəniyyəti anlayışı aşağı səviyyədədir: “Əgər tərəflər boşanırsa, münasibətlər sonuna kimi qırılır. Yəni “Sivil şəkildə anlaşa bilmədik” və ya “Xarakterimiz tutmadı” və s. kimi səbəblər üzündən boşanırlarsa, ailələr də, nəsillər də bir-birindən boşanır və hətta düşmən həddinə gəlir. İlk növbədə bunun maariflənməsi aparılmalıdır ki, ayrılan insanlar normal münasibətdə qalsınlar.  Boşanmadan sonra hətta bəzən aliment ödənilsə belə, uşaqlarla görüş müddətində qırılmalar olur.  Məsələn, ana uşağı görmək və ya vermək istəmir. Yaxud ana başqası ilə münasibətə daxil olur, o insan “qısqanclıq” edir və bu qısqanclıqdan dolayı qadına və uşağa görüşmə qadağası qoyur. Və ya əksinə: kişi kiminləsə ailə həyatı qurur. Evləndiyi qadın uşağı qəbul etmir. Ona görə də görüşmələrdə qırılmalar yaranır. Bu qırılmaların fəsadı isə travmalı gələcəkdir”.

Psixoloqun fikrincə, əgər bir evdə həmişə müharibə və ya münaqişədirsə, bir-birini sevməyən iki həyat yoldaşının daim problemləri yaşanırsa, o zaman o mühitdə normal uşaq  böyüməyəcək: “Əgər boşanma olubsa və uşaq tərəflərdən birini görmürsə, yenə də naqislik olacaq. Mütləq  şəkildə təbliğ olunmalıdır ki, əgər boşanmadan sonra tərəflərdən biri uşaqla görüşdən imtina edərsə, onlara hər hansı cərimələr tətbiq edilməli və görüşlər təyin olunmalıdır. Uğurlu bir gələcək istəyiriksə, uşaq mütləq həm ata, həm anasını görməlidir. Bizdə bəzən deyirlər ki, əgər boşanırsansa, uşaq travma alır. Ancaq uşaq boşanmadan travma almır. Uşaq atasızlıqdan və ya anasızlıqdan travma ala bilər. Uşağa travma yaşadan atanın və ya ananın olmamasıdır. İkisindən biri olmayanda uşaq problem yaşayır. Amma sivil  boşanma yolu ilə uşaq həm atasını, həm anasını  görürsə, onlarla ünsiyyəti yaranırsa, onda problem olmur”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir