baba ilkin

“Azərbaycan Radiosunun dinləyicisi səhvi bağışlamaz” – MÜSAHİBƏ

Baxış sayı: 6. 119

“Gencaile.az” saytının qonağı Azərbaycan Radiosu 105 FM-də “Səhər” redaksiyasının baş redaktorunun müavini, “Gəl, səhərim” və “Extra Time” verilişlərinin aparıcısı İlkin Babadır. 

 

– İxtisasca həkimsiniz, amma uzun illərdir radio aparıcı kimi çalışırsınız. Necə oldu ki, bu sahəyə üz tutdunuz?

Əvvəlcə müsahibəyə görə təşəkkürümü bildirirəm. Bəli, qeyd etdiyiniz kimi ixtisasım həkim-kardioloqdur. Azərbaycan Tibb Universitetini bitirmişəm. Amma jurnalistikaya, xüsusilə də radioya marağım həmişə olub. Elə tələbə vaxtlarında da ayrı-ayrı mətbu orqanlarda yazılarım dərc olunurdu. Həm də radiolardakı aparıcıları dinləyirdim, onların danışıqlarına, efiri necə idarə etməklərinə diqqət yetirirdim. Tələbə ikən “Burç Fm” (indiki 100.5 fm) radiosunda aparıcı olan Azər Şirinlə dostluğumuz var idi. O da bilirdi radioya olan sevgimi. Bir gün dedi ki, bəlkə rəhbərliklə danışım, gəlib özünü sınayasan. Təbii ki, etiraz etmədim. Üstündən qısa vaxt keçdi və Azər məni radioya dəvət elədi. Beləcə, elə o gündən radio həyatımın ayrılmaz hissəsinə çevrilib. Düzdür, ailəmdə buna qarşı çıxdılar, atam da ixtisasca həkim olduğuna görə peşəmin ardınca getməyimi istəyirdi. Mən isə qərarımı vermişdim. Peşman deyiləm. Bəlkə də radio olmasaydı belə, həkim kimi işləməyəcəkdim. Bu gün Azərbaycan Radiosu 105 FM-də “Səhər” redaksiyasının baş redaktorunun müavini, 10 ildir efirdə olan “Gəl, səhərim”  verilişinin aparıcısıyam. Eyni zamanda layihə rəhbəri və aparıcısı olduğum “Extra Time” verilişi ilə hər həftə ölkənin futbol gündəmini dəyişdiyimizi düşünürəm. Bu veriliş “Burç Fm”də başlamışdı. Bir müddət hal-hazırda “Sabah” klubunun idman direktoru olan Emin Abbasovla, sonra isə dəyərli jurnalist Ürfan Məmmədli ilə birgə apardıq. Ondan sonra verilişə Azərbaycan Radiosunda davam etdim. Uzun müddət “Neftçi”nin məşqçisi Füzuli Məmmədov, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla birgə təqdim edirdik. Sonra onlar Premyer Liqada işləməyə başladı və düşündüm ki, yoluma onlarla davam etməyim obyektiv olmaz. Bu gün tam açıq deyə bilərəm ki, “Extra Time” ölkə futbolu ilə bağlı yayımlanan ən yaxşı verilişlərdəndir.  Dəvət etdiyim qonaqlar da bunun sübutudur. Yəqin ki, valideynlərim də indi mənim uğuruma sevinir.

 

Qulaq asmırlar verilişlərinə? Nə deyirlər?

–  Dinləyirlər. Xüsusilə də atam irad və təkliflərini deyir. Mən də nəzərə almağa çalışıram. Amma çox qızğın müzakirə aparmırıq. Kənardan ola bilsin ki, bəzən o, nəyisə düzgün qiymətləndirməsin. Efir və onun tələbləri çox vaxt başqa olur.

 

–  Sizcə, radio aparıcısı üçün lazım olan əsas xüsusiyyətlər hansılardır?

Radio aparıcısında əsas olan səs, dünyagörüşü, söz ehtiyatının geniş olması və səmimiyət. Mənim üçün radio aparıcısı bu cəhətləri özündə birləşdirməlidir. Çox vaxt əhatəmdə olan insanlar deyir ki, buna bax, Tibb Universitetini bitirib, gedib radio aparıcısı olub. Mənim üçün əsas olan hansı işi görməyimiz deyil, o işi hansı səviyyədə, hansı ustalıqla həyata keçirməkdir. Bəlkə də, başqa universiteti bitirsəydim, bu qədər söz ehtiyatım olmazdı. Bir də insan gərək özünü inkişaf etdirsin. Azərbaycan Radiosunun səhər efirində bütün sahədən mütəxəssislər qonağımız olur. Əgər mən, ya da mənimlə efirdə olan digər həmkarlarım əvvəldə qeyd elədiyim cəhətlərə malik olmasa, qonaqla müsahibə də uğurlu alınmaz. Deyirlər xalqın gözü tərəzidir. Dinləyici də efirdəki boşluğu o dəqiqə hiss edir. Xüsusilə də, Azərbaycan Radiosunun dinləyicisi səhvi bağışlamaz. Onlar bilir ki, hansı radioya qulaq asır. Buna görə də Azərbaycan Radiosunda təsadüfi adam yoxdur.

 iLKIN

– İndiki rəqabət şəraitində geniş dinləyici auditoriyası qazanmaq üçün nələr etmək lazımdır?

Heç vaxt ucuz reklam, şou arxasında qaçmamışam. Bu günə qədər heç kim deyə bilməz ki, İlkin Baba efirdə bayağı söhbət edib. Mənim yalnız bir məqsədim olub, efirə səviyyəli veriliş təqdim etmək və nitqimdə, danışığımda hər hansı səhvə yol verməmək. Mən harada işlədiyimi, dinləyici auditoriyamızı çox yaxşı bilirəm. Mənə görə efirdə şit zarafatlar edib, müəyyən qismi güldürmək radio aparıcısına yaraşmayan şeylərdir. Əsas güldürəndə də düşündürməyi bacarmaqdır. Bayağı söhbətlər elə o aparıcı ilə birgə tarixə qovuşur və heç vaxt vərəqlənmir.

 

–  Azərbaycan radiosu öz ciddiliyi ilə seçilir. Başlıca standart və tələblər nələrdir?

Azərbaycan Radiosu xalqın radiosudur. Bu, boşuna deyilmiş söz deyil. Çünki biz xalqa yaxınıq, xalqın dilində danışırıq, xalqın yanındayıq. Bu gün Azərbaycan Radiosu müasirliklərlə köhnəliyin vəhdətini efirdə dinləyiciyə təqdim edir. Sadə azərbaycanlı ailəsi rahat şəkildə evində, işində, yolda Azərbaycan Radiosunu dinləyə bilir. Həmin adam çox yaxşı başa düşür ki, bu radioda efirdə səslənəcək heç bir söz və ya cümlə onu ailəsinin, uşağının yanında utandırmayacaq. Azərbaycan radiosunda bəhs etdiyiniz bu ciddilik milli-mənəvi dəyərləri və ən əsası Azərbaycan dilinin saflığını, təmizliyini qorumaqdan ibarətdir. Kaş bütün radiolarda işləyən həmkarlarımız dilimizi qorumaq üçün çalışardı. Aparıcı olmağımızı bir kənara qoyaq. Bu, bizim vətəndaş kimi borcumuzdur.

 

– Maraqlıdır,  gözə görünmədən insanlarla evlərində, yollarda və iş yerlərində bərabər olmaq sizin üçün nə deməkdir?

– Əslində çox çətin sualdır. Yəni, bunu təsvir etmək mümkün deyil. Mənə elə gəlir ki, digər radio aparıcıları da bu hissi izah etməkdə çətinlik çəkər. Düşünün, adi bir otaq, hansı ki biz ora studiya deyirik. Qarşınızda mikrafon, qulaqlıq taxmısınız və danışırsınız. Bizim üçün bəlkə də adi haldır. Amma fikriləşəndə ki, bizə milyonlarla insan qulaq asır, səsimizlə onlara yol yoldaşı oluruq, doğmalaşmıq, üzümüzü görmədən səsimizlə haqqımızda fikir formalaşdırırıq… Bu çox çətin, amma o qədər də şərəfli işdir. Sevinirəm ki, bunu bacarırıq.

 urfan

– Ümumiyyətlə, radioların gələcəyini necə görürsünüz? Sizcə, həmişə belə təlabat olacaq, yoxsa hansısa yeniliklərin vaxtı çatıb?

– Radio heç vaxt gündəmdən düşməyəcək. Nə qədər müasirləşmə, yeni texnologiya olsa belə, radio dinləniləcək. Bu gün hamıda ən müasir cihazlar var. Amma radio dinləyirlər. Deməli, radionun yerini heç nə tuta bilməz.

 fuzuli-ilkin

– Futbol sahəsi üzrə ixtisaslaşmısınız. Futbol nə deməkdir sizin üçün?

– Ola bilsin ki, siz məni idman jurnalistikasında daha çox görürsünüz. Buna görə belə düşünürsünüz. Amma mən Azərbaycan Radiosunda həftənin 4 günü səhər efirinin aparıcısıyam. Orada tamamilə başqa mövzulardır. Futbol isə həyatımın tərkib hissələrindən biridir. Futbol mənim üçün radio efirindən sonra ikinci istirahətdir. Futbol sevgim başqadır. Ölkə Premyer Liqasının həftə ərzində olan oyunlarının ən azı ikisinə stadiondan baxıram. Hətta stadiondan da radioya canlı yayımlar təqdim edirəm. O, ikiqat istirahət olur.

 

Yəqin ki, hansısa kluba azarkeşlik edirsiniz. Olubmu ki, bunu efirdə hiss etdirəsiniz?

– “Fənərbağça” azarkeşiyəm. Bunu nəinki efirdən, elə burdan da deməkdən çəkinmirəm. Mənim “Extra Time” verilişim ölkə futbolundan bəhs etdiyi üçün əsas bizim komandalar arasında ayrı-seçkilik etməməkdir. Bəzi klub nümayəndələri efirə gəlib, suallar qarşısında aciz qalacağını bildiyi üçün dəvətimizdən imtina edib. Mən də həmin adamlara ikinci dəfə dəvət göndərməmişəm. Mənim verilişimə AFFA-nın baş katibi Elxan Məmmədov gəlib, istənilən suala açıq şəkildə cavab verirsə, başqalarının “bəhanə”ləri əhəmiyyət kəsb etmir. Mən idman mediasında kütlə arxasınca qaçan jurnalistlərdən deyiləm. Kimə lazımdırsa, sözümü, iradımı, tənqidimi deyirəm.

 

– Proqnozunuz maraqlıdır, sizcə, millimizi Avropa və ya dünya çempionatında nə vaxt görəcəyik? Cari seçmə oyunlarında şansımızı necə qiymətləndirirsiniz?

– Bu yaxınlarda Nikola Yurçeviç qonağım idi. Eyni sualı mən də ona verdim. Cavabı belə oldu ki, bu dəqiqə bizim seçmə mərhələ keçmək şansımız digər rəqiblərə və futbolçularımızın oyun keyfiyyətinə görə aşağı səviyyədədir. Amma bu, o demək deyil ki, biz rəqabət aparmayacağıq… Baş məşqçi cavab veribsə, mən əlavə şərh vermək istəmirəm. Həmişə millimizə inanmışam, həmişə də dəstəkləmişəm. Mənim milli komanda sevgim oradakı adlara görə yox, Azərbaycan Milli Komandası adına, formanın üzərində olan Azərbaycan bayrağına, stadionda səslənən Azərbaycanın Dövlət Himninə görədir. Bu sevgimi də sona qədər dəyişməyəcək.

 ILKIN-ELXAN

– Azərbaycan çempionatı da sona yaxınlaşır. “Neftçi” yoxsa “Qarabağ” – kim marafonu lider kimi tamamlayacaq, fikrinizcə?

– Bu mövsüm çox maraqlı çempionat izləyirik. Ötən il “Qarabağ” rahat şəkildə çempionluğunu təmin etmişdi. İndi isə “Neftçi” və “Qarabağ” arasında gərgin mübarizə gedir. Belə görünür ki, əgər hər hansı sensasiya olmasa, son tura kimi bəlli olmayacaq. Son turda isə “Neftçi” – “Qarabağ” oyunu var. Azarkeşlər üçün möhtəşəm qarşılaşma ilə çempionata yekun vurulacaq.

 

– Proqnozunuzu isə demədiniz…

– Hər hansı komandanın azarkeşlərinə qarşı hörmətsizlik etmək istəməzdim. Ona görə də layiq olan qazansın deyib, vəziyyətdən çıxım. Amma hazırda turnir cədvəlində “Qarabağ” “Neftçi”ni 2 xal qabaqlayır. Qarşıda 4 tur var. Əgər xal fərqi belə olsa, “Neftçi”nin çempionluq şansı son tura qalacaq. Hər iki komandaya uğurlar!

 

Söhbətləşdi: Tural Məmmədov

ilkinbaba

ilkin babayev

 

ilkin b

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir