pul

Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir?

Baxış sayı: 666

Azərbaycanda adambaşına düşən orta aylıq xərc artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 58 manat və ya 16,7 faiz çoxdur. Başqa sözlə, bu il adambaşına düşən orta aylıq xərc 58 manat artıb.

Pərakəndə ticarətdə orta aylıq 404,7 manat xərcin 233,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 171,4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

 

Adambaşına düşən xərclər niyə artır?

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub və bu il də inflyasiya davam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almağa keçən il daha az, bu il isə daha çox vəsait sərf olunur.

 

Ekspert inflyasiyanın bir qədər azalacağını gözləyir

“Növbəti aylarda əgər inflyasiya davam etsə, adambaşına düşən xərclərin artması da davam edəcək. Amma bu ilin əvvəli ilə müqayisədə növbəti aylarda ölkədə inflyasiyanın bir qədər azalacağı gözlənilir”, – deyə ekspert əlavə edir.

 

Azərbaycanda orta illik ərzaq inflyasiyası 16,6 faiz olub

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 16,6 faiz olub. Bu ilin 4 ayında təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11,8 faiz), ödənişli xidmətlərin qiymətləri (10,7 faiz) də bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4 faiz artıb.

 

Xərclərin 52,7 faizi ərzaqların alınmasına gedib

2023-cü ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

Əhalinin dərman xərcləri azalıb

Bu ilin 4 ayında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 399,5 milyon manat xərc çəkib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azdır.

 

Bu il inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib. Bununla belə qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.

 

Xalid Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir