meymunciceyi

Azərbaycanda yayılan suçiçəyidir, yoxsa meymunçiçəyi

Baxış sayı: 207

Türkiyə və Gürcüstandan sonra Rusiyada da meymunçiçəyinə ilk yoluxma qeydə alınıb. Bildirilib ki, meymunçiçəyi virusu Avropadan qayıdan bir gəncdə aşkar edilib. O, bədənində meymun çiçəyindəki kimi səpmələrdən şübhələnib və onda virusun olduğu təsdiqlənib. Yeri gəlmişkən, indiyədək meymun çiçəyi virusu onlarla ölkədə yayılıb. İlk dəfə mayın 7-də qeydə alınandan sonra virusa yoluxmalar ABŞ, İspaniya, İsveç, Belçika, İsrail, BƏƏ, Portuqaliya, Finlandiya, Polşa və başqa ölkələrdə də qeydə alınıb.

Düzdür, hazırda Azərbaycanın quru sərhədləri bağlıdır. Meymunçiçəyi həmçinin hava-damcı yolu ilə yoluxmur. Bununla belə, hava yolu açıqdır və meymunçiçəyinin bizdə peyda olmayacağına təminat yoxdur.

Digər tərəfdən, son günlər insanlar arasında suçiçəyi xəstəliyi yayılıb. Həm rayon yerlərində, həm də Bakı və Sumqayıtda müşahidə olunan suçiçəyi getdikcə çoxalmaqdadır. Əsas narahatlıq doğuran və insanların sual etdiyi isə odur ki, suçiçəyi xəstəliyi əksər vaxtlarda qış və yaz fəslində olurdu. Yayda bunun belə yayılması narahatlıq doğurub. “Bəlkə bu, meymunçiçəyidir”, deyə insanlar təşvişə düşüblər…

Paralel olaraq COVİD-ə yoluxmalar da dünyada artıb. Gürcüstanda son günlər dəfələrlə çoxalıb. Habelə, Azərbaycanda da yoluxmalar artan templə davam edir. Bu iki təhlükəli virusun fonunda payızda böyük təhlükələrlə, təkrar qapanmalarla üzləşə bilərikmi?

Yeri gəlmişkən, İordaniyada COVİD-19 infeksiyalarının sayının artması krallıqda yeni ştam – “Omikron BA.5″ ştamı variantının sürətlə yayılması ilə bağlıdır. Bu barədə ölkənin milli epidemiologiya komitəsinin üzvü Bassam Hicavi bildirib. Onun sözlərinə görə, gün ərzində koronavirusa yoluxan 2210 vətəndaşın əksəriyyətində “Omikron” ştamının yeni variantı aşkarlanıb. “Statistik göstəricilər iyunun sonundan pisləşib. Bu, İordaniyanın bütün dünya ilə birlikdə pandemiyanın yeni dalğası ilə üzləşdiyini göstərir”, – deyə epidemioloq qeyd edib. Hicavi deyib ki, “BA.5 ştammı orijinal ”Omikron”dan dörd dəfə sürətlə yayılır. Bu səbəbdən biz vətəndaşlara buster doza qəbul etməyi tövsiyə edirik, çünki bu, infeksiyanın yeni variantından qoruyur”. Epidemioloq bildirib ki, hazırda xəstəxanalarda COVİD-19-a yoluxmuş 1104 xəstə var, onlardan 124-ü reanimasiya şöbəsindədir.

Koronavirusla bağlı ölüm sayı bir qədər çoxdur

Mövzu ilə bağlı bu və digər suallara infeksionist-hepatoloq Mərdan Əliyev cavab verdi: “Meymun çiçəyi xəstəliyi əsasən kontakt yolu ilə yoluxur. Ona görə bu xəstəlikdə mövsümün COVİD qədər önəmi yoxdur. Tənəffüs yolu ilə yoluxur, bu da onun əsas yoluxma yolu deyil. Buna görə burada payız mövsümündə artan xəstəlik deyil. Bu hazırda olduğu tempdə davam edə bilər. İndi artma var. Bu çox ciddi sürətlə artmır. Bu, qonşu ölkələrdə yavaş tempdə rast gəlinir. Məsələn, Rusiyada bir faktdır, Türkiyədə, Gürcüstanda bir-iki adamda aşkar olunub. Gördüyünüz kimi, bu, sporadik şəkildə yayılır. Yəni, epidemik şəkildə yayılmır. Çox sürətli yoluxma qabiliyyəti yoxdur”.

İnfeksionist koronovirusla bağlı verilən sualı da cavablandırdı: “Koronavirusun artması müşahidə edilir. Bu, immunitetin həm yoluxub sağalanlarda, həm peyvənd olunanlarda get-gedə zəifləməsi və koronavirus infeksiyasına qarşı həssaslığın artması ilə bağlıdır. Buna görə də yoluxma sayında artma müşahidə edilir. Bəlkə payız fəslində maska taxılması tələbi yenidən gündəmə gələ bilər. Açığı, mən də bunun tərəfdarıyam. Müəyyən yerlərdə maska taxılmalıdır. Həm avtobuslarda, həm xəstəxanalara gedəndə maskadan istifadə olunmalıdır. Bu, tək COVİD-lə bağlı deyil, həm qrip, həm də vərəm kimi təhlükəli virusun qarşısını ala bilir. Bunu vərdiş halına gətirməliyik. Amma digər karantin qaydalarının sərtləşdiriləcəyinə  inanmıram. Sərtləşdirmə aktiv xəstə sayından yox, xəstəxana şəraiti tələb olunan xəstələrin sayından asılı olacaq. Əgər xəstəxanalar dolarsa, o zaman karantin qaydaları sərtləşdirilə bilər. Aktiv xəstə sayı arta bilər. Amma bu, əvvəlki dalğalardan fərqli olaraq yüngül gedişli olacaq. Çünki artıq hər kəs bu xəstəliyə yoluxub, sağalıb, peyvənd olunmaqla immunitet əldə edib. Qanda antitellərin miqdarı azalsa da, orada yaddaş hüceyrələrində yaddaş immuniteti var. Belə olan halda da yoluxma ikinci səfər yüngül keçir”.

Ətrafımızdakı "zelyonkalanmışlar” suçiçəyidir, yoxsa meymunçiçəyi? – CAVABA DİQQƏT!

Həkim insanların suçiçəyi ilə bağlı təlaşlarına da aydınlıq gətirdi: “Suçiçəyi ilə meymunçiçəyi arasında xeyli fərq var. Suçiçəyində dəri üzərində olan səpkilər xırda-xırda, çox miqdarda olur. Və səpkilərin içi şəffaf maye şəklində olur, bir müddət sonra quruyur. Amma meymunçiçəyi zamanı səpkilər iri olur. Səpkinin içində şəffaf maye bir-iki gün ərzində əmələ gəlir, sonra isə bu şəffaf maye bulanıqlaşır. Bu səpkilərə baxanda çox aydın şəkildə ayırd etmək olar. Eyni zamanda limfa düyünlərində böyümə olur. Bunu xəstələr özləri bilməsə də, həkimlər limfa düyünlərini müayinə edəndə onun böyüdüyünü görə bilir.  Meymunçiçəyi həm böyüklər, həm də kiçiklər arasında yayılır. Suçiçəyi isə daha çox uşaqlar arasında geniş yayılır. Bir ailədə uşaqlarda xəstəlik varsa, bu, yalnız suçiçəyi ola bilər. Çünki meymunçiçəyi olsa, həm böyüklərə, həm də kiçiklərə yoluxa bilir. Bəli, suçiçəyi mövsüm olaraq qışın sonu və yaz fəslində əmələ gəlir. Yayda demək olar ki, olmur. Bizdə suçiçəyi qış fəslinin ortalarından etibarən müşahidə edildi. Yazda daha çox oldu. İndi yenə də var. Amma azalmağa doğru gedir, yaxın müddət ərzində yəqin ki, olmayacaq. Suçiçəyinin yayılmasının əsas səbəbi odur ki, ötən illərdə pandemiya olduğu üçün məktəblər, bağçalar bağlı oldu, maskalardan istifadə olundu, insanlar evdə oldular. Suçiçəyi insanlar arasında yayıla bilmədi. İndi karantin qaydalarının birdən-birə aradan qaldırılması ilə məktəblər açıldı, maska tələbi yığışdırıldı.  Buna görə də suçiçəyinin yaranması üçün əlverişli şərait yarandı. Bir-iki il olmayan suçiçəyi birdən-birə sürətlə yayılmağa başladı. Meymunçiçəyi ilə bağlı insanların panikaya düşməsinə ehtiyac yoxdur. Çünki ölkəmizdə bu virus yoxdursa və qonşu ölkələrdə bir-iki hal müşahidə edilibsə, bizdə olması ehtimalı sıfırdır. Amma burada tam arxayınlaşmaq da lazım deyil. Əgər siz xaricdən gələn kimləsə təmasda olmamısınızsa, özünüz xaricə getməmisinizsə, meymun çiçəyi ilə bağlı şübhələnməyə əsas yoxdur. Yox, əgər təmasda olmusunuzsa və simptomlar hiss edirsinizsə, mütləq həkimə müraciət edin”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir