xeyanet

Azərbaycan ailələrində xəyanətin artmasına səbəb nədir?

Baxış sayı: 1. 646

Son illər Azərbaycan cəmiyyətinin aktual və eyni zamanda ciddi problemlərindən biri də boşanmalarla bağlıdır. Son statistikalara görə, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Boşanmalar ailə anlayışını ciddi dərəcədə zədələdiyi kimi, demoqrafik göstəricilərə də mənfi təsir göstərir. Tarixən köklü mental ənənələri, ailə dəyərləri və əxlaqi keyfiyyətləri ilə qonşu xalqlarıdan seçilən azərbaycanlılar arasında evliliklərin azalması və əksinə, boşanma sayının artımı müxtəlif səbəblərlə izah olunur.

Bir çoxları boşanmaların başlıca səbəblərini müasir dövrün dəyişdirdiyi ənənəvi qaydaların sıradan çıxması ilə əlaqələndirsə də, bəzi insanlar boşanmanın sivil cəmiyyətlərdə normal bir seçim olduğunu dilə gətirirlər. Səbəbindən asılı olmayaraq, boşanma daha çox boşanan ailələrdəki uşaqlara mənfi təsir göstərir. Belə ki, araşdırmalara görə, valideynləri boşanmış uşaqlarda psixoloji problemlər, özgüvənsizlik və asosiallıq daha çox nəzərə çarpır. Ən maraqlı məqamlardan biri isə odur ki, əksər hüquqşünaslar bildirir ki, hazırda məhkəmələrdə olan boşanma işlərinin böyük hissəsi xəyanətlə bağlıdır. Bəs görəsən, Azərbaycan ailələrində xəyanətin artmasına səbəb nədir?

Almara Malikova

Mövzuya münasibət bildirən “Gencaile.az” saytının daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, milli mentalitetinə və  ailəcilik prinsiplərinə dəyər verməyən fərdlər daha çox xəyanətə yol verirlər. İlk öncə insan öz-özünə  qiymət verməli və öz şəxsiyyətinə hörmət  edərək addım atmalıdır. Öz vicdanı qarşısında hesabat verən zaman utanacağı hərəkətə  – xəyanətə  yol verməməli və ailə dəyərlərini üstün tutmağı bacarmalıdır. Bəzən cütlüklər öz xəyallarındakı sevgi ilə ailə qurduqları insanı müqayisə edərək reallıqla barışmayıb, emosional aclıq  yaşayaraq sonunda belə səhvlərə yol verirlər. Bir çox ailələrdə  isə soyuq münasibət, qayğısızlıq, təhqir, təcavüz, dava-dalaş, ailə-məişət söz-söhbətləri ilə çox rastlaşan insanlar da xəyanətə yol verirlər. Yaşından asılı olmayaraq qadın daim nəvaziş, qayğı görmək istəyən zərif bir məxluqdur. Daha çox da ailədə  sevgi olmadığı üçün xəyanət halları yaşanır.

Kişilərin də xəyanət etmə səbəbindən bəhs edən mütəxəssis aşağıdakıları bildirdi:”Kişilərin xəyanət etmə səbəbləri  isə bir çox hallarda gözlədikləri o istiliyi, qayğını,insani münasibəti görmədikdə təklik hissindən macəra axtarmaları, evdə həyat yoldaşlarından diqqət, qayğı görməmələri, qadınların özlərinə baxmamaları, cəmiyyət içində həyat yoldaşları tərəfindən iradla qarşılaşmalarıdır. Bu iradlar  bəzən qarşılıqlı nifrət yaradır. Nifrət yaranan yerdə xəyanətə və yanlış rəftara yol acılır.”

Psixoloq sonda xəyanət etməmək üçün cütlüklərə tövsiyələrini də verdi:”Təssüf ki, indiki zamanda  sosial şəbəkələrin də bu xəyanətlərin baş verməsində böyük  rolu var. Ailəli insanlar internet vasitəsilə sosial şəbəkələrdə, müxtəlif tanışlıq  platformalarında tanışlıqlardan və  gizli münasibətlərdən cəkinməlidirlər. Münasibetlər bir-birini başa düşmək və anlayış üzərində qurulmalıdır. İnsanlar bir-birini mənfi və müsbətləri ilə qəbul etməyi öyrənməlidirlər. Buna görə də ailələr sevgi üzərində qurulmalıdır. Bu halda insanlar bir-birini başa düşə, istənilən məsələdən çıxış yolu tapa bilərlər. Hər yaş dövrünün öz düşüncə tərzi  olduğu kimi  ailə qurduqdan sonra da hər dövrün öz böhranı olur. Bu böhranı keçirə bilməyən, reallığı başa düşə bilməyən səthi fikirli qadın və kişilər xəyanət edir. Digər tərəfdən, insanlar anlamalıdır ki, ailədə dostluq, mehribanlıq öz yerində, amma cinsi münasibət də önəmli yer tutur. Bu sahədə də balanslı  münasibət olmayanda  bu da xəyanətə aparıb çıxarır. Bu da çox önəmli bir psixoloji məqamdır. Cütlüklər arasında bu sahədə harmoniya olmadıqda və qarşı tərəfdə istək-sevgi görməyəndə də xəyanət baş verə bilir. Bu məsələdə cütlüklərə maksimum diqqətli olmağı tövsiyə edirəm.”

 

Hazırladı: FATEH




5 şərh “Azərbaycan ailələrində xəyanətin artmasına səbəb nədir?

  1. Ülkər Əliyeva

    Xəyanət münasibətdə bir problem olduğunun əlamətidir. Tərəflərdən biri münasibətdə hər hansı sahədə lazım olan məmnuniyyəti tapmadığından, bu ehtiyacı qarşılamaq üçün başqasına yönəlir.

    Cavabla
  2. DR. Yeganə

    Psixoanaliz elminin banisi, nevroloqist Freudun dediyinə görə hər fərddə xəyanətə meyllilik vardır. Bəs insanlar niyə xəyanət edir? Əslində bu sualın bir cavabı yoxdur. Partnyordan partnyora, münasibətdən münasibətə görə dəyişən səbəbləri vardır.

    Cavabla
  3. Arif Dunyamaliyev

    Xəyanət qəlbdən başlayır. Fikrində, düşüncəsində başqa birini yaşatmaqdır. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır.

    Cavabla
  4. Fərhad Nadirov

    Ailədə xəyanəti yaradan səbəblər çox ola bilər. Bütün hallarda, əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var.

    Cavabla
  5. Asif Mənnədov

    Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: “Kişilər xəyanət edər, amma qadınlar əsla!” Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir