Müasir dövrdə texnologiyanın sürətli inkişafı, təhsil və əmək bazarında baş verən dəyişikliklər, qloballaşma və sosial münasibətlərdəki yeniliklər bir sıra sahələrdə hüquqi tənzimləmənin yenilənməsini gündəmə gətirir. Xüsusilə təhsil, süni intellekt, sosial media, milli-mənəvi dəyərlər və ailə münasibətləri cəmiyyətin dəyişən reallıqları fonunda diqqət mərkəzində olan məsələlər sırasındadır.
Bu mövzularla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsi Milli Məclisdə də gündəmə gətirilib. Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışı zamanı bir neçə istiqamət üzrə yeni qanunların hazırlanmasını və mövcud qanunvericiliyə yenidən baxılmasını təklif edib.

Təhsil sahəsində yeni qanunvericilik təşəbbüsləri
Ceyhun Məmmədov təhsil və peşəkar kadr hazırlığı məsələsinə diqqət çəkərək bu sahədə mövcud qanunvericilik bazasının yenilənməsinin vacibliyini vurğulayıb və mövzu ilə bağlı mövqeyini belə ifadə edib:
“Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev İnvestisiya Forumunda çıxışında ölkəmizdə kadr hazırlığı sahəsində görülən çox mühüm işlərdən danışdı. Peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını vurğuladı. Bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir. Bu baxımdan düşünürəm ki, Təhsil haqında qanuna yenidən baxılmasına, Ali Təhsil və distant təhsil haqqında Qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə təhsil məcəlləsinin qəbul edilməsini təklif edirəm”.
Süni intellekt və sosial media ilə bağlı ayrıca qanun təklifi
Çıxış zamanı süni intellekt və sosial media məsələsi də xüsusi diqqət çəkib. Deputat süni intellektin insanların həyatına sürətlə daxil olduğunu, bununla yanaşı, yeni təhlükəsizlik məsələlərinin də ortaya çıxdığını bildirib və bu məsələyə münasibət bildirərkən belə bir təklif səsləndirib:
“Bu, bir reallıqdır ki, süni intellekt sürətlə insanlarımızın həyatına daxil olmaqdadır. Müsbət tərəflərlə yanaşı, bizi dövlətçilik baxımından narahat edən xeyli məsələ var. Burada süni intellektdən düzgün isitfadə, xüsusilə təhlükəsizliklə bağlı xeyli məsələlər var. Onların nəzərə alınmasına ehtiyac var. Bu proses indidən tənzimlənməsə, gələcəkdə proseslərin qarşısını almaq çox çətin olacaq”.
Milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi baza
Parlamentdə müzakirəyə çıxarılan digər məsələ milli-mənəvi dəyərlərin qorunması olub. Deputat bu sahədə də ayrıca hüquqi bazanın yaradılmasını təklif edib.
Ailə dəyərlərinin qorunması məsələsini də bu kontekstdə gündəmə gətirən Ceyhun Məmmədov fikirlərini belə yekunlaşdırıb:
“Bu gün sürətli qloballaşma prosesi milli-mənəvi dəyərlərimiz üçün ciddi təhdidlər yaradır. Artıq dünyada dəyərlərin transformasiyası gedir. Bu dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını təklif edirəm. Ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm. Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”.











































































































































































