pul

Azərbaycanda xeyriyyəçi milyarderlər niyə çox deyil?

Baxış sayı: 1. 028

Zaman-zaman dünyanın tanınmış milyarderləri ilə bağlı siyahı açıqlanır. Amma bu siyahıdakı milyarderlərin ən böyük özəlliyi onların həm də xeyriyyəçi fəaliyyətləri ilə bağlıdır. Bu kontekstdən çıxış edib, azərbaycanlı milyarderlərin xeyriyyəçilik fəaliyyəti ilə maraqlandıq.

 

“Forbes”in siyahısındakı  azərbaycanlılar…

“Forbes” jurnalının son açıqlamasına görə, Rusiyanın 200 milyarderinin də yer aldığı siyahıda bir neçə azərbaycanlının da adı var. “LUKoil” şirkətinin rəhbəri, tanınmış azərbaycanlı iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə bu siyahıda 4-cü yerdə qərarlaşıb. Digər azərbaycanlı biznes adamı, “Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb. Bu siyahıdakı son azərbaycanlı isə 1,4 milyard dollarlıq sərvəti ilə 69-cu yeri tutan Fərhad Əhmədovdur.

Fərhad Əhmədov və Qod Nisanov... ile ilgili görsel sonucu

Fərhad Əhmədov və Qod Nisanov…

“AzNar” QSC-nin sahibi, xeyriyyəçi Fərhad Əhmədov ötən il şəxsi vəsaiti ilə Göyçayın Potu kənd tam orta məktəbinin binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. “AzNar” QSC-nin rəhbəri tərəfindən məktəbli çantaları və dərs ləvazimatları hədiyyə olunub.

Qod Nisanov... ile ilgili görsel sonucu

Diqqətə çatdırılıb ki, xeyriyyəçi Fərhad Əhmədov hər il öz ad günündə rayonda bir orta məktəbi əsaslı təmir etməyi qərara alıb. Ötən il onun maddi köməkliyi ilə Göyçay şəhər 2 saylı orta məktəb əsaslı təmir edilib, bu il isə şəhər 7 saylı orta məktəbin əsaslı təmir edilməsi nəzərdə tutulub. Dağ yəhudilərinin yaşadığı Quba rayonunun “Qırmızı qəsəbə”sında doğrulan Zarax İliyev və Qod Nisanov zaman-zaman həmin qəsəbənin imkansız ailələrinə aylıq olaraq yardım edirlər və o ərazinin abadlaşdırılmasına pul ayırırlar.

Bəs görəsən, milyarder həmvətənlərimizin əksərində niyə xeyriyyəçilik hissi yoxdur?

Rəşad Həsənov: ile ilgili görsel sonucu

Rəşad Həsənov: “Bizim kimi ölkələrdə fərdi maraqlar önə keçir”

Bəs azərbaycanlı milyarderlərin xeyriyyəçilik fəaliyyəti ilə bağlı məlumatlar niyə geniş yayılmır? “Sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır” prinsipi ilə, yoxsa…?

Bir çox iqtisadçılar hesab edirlər ki, Azərbaycanda əksər milyonçular əldə etdikləri sərvəti heç də qanuni yollarla qazanmayıblar. Buna görə də onlar rəsmən qeydiyyata alınmırlar. Belə ki, onlar milyonçuya qanunsuz yollarla çevriliblər. Belə vəziyyətdə milyonçuların adının leqallaşdırılması cəmiyyətdə çox böyük qarşıdurmalar və qeyri-sabitliyə rəvac verər. Milyonçuların rəsmi siyahısı o ölkələrdə cəmiyyət üçün leqal olur ki, həmin ölkələrdə sərvət və mülkiyyət leqal yollarla qazanılır. İkinci səbəb odur ki, milyonçular leqallaşsa, gərək öz statuslarına və rəsmi bəyan edilən sərvətlərinə uyğun vergi ödəsinlər. Amma bu qruplar ən çox vergidən yayınanlar sayılırlar.

İqtisadçı Rəşad Həsənov bildirdi ki, burada ən müxtəlif faktorlar nəticəyə təsir göstərir. Onun fikrincə, xeyriyyəçilik ictimai maraqlar fonunda bir institutdur: “O ölkələrdə xeyriyyəçilik daha geniş yayılır ki, o ölkələrdə ictimai maraqların müdafiəsi, qorunması daha geniş yayılıb. Amma bizim kimi ölkələrdə fərdi maraqlar daha önə keçir. İctimai maraqlar hər zaman geridə qalır. Bu da özlüyündə xeyriyyəçilik institutunun formalaşmasına neqativ təsir göstərir. Eyni zamanda burada digər faktor kimi maarifləndirmə və dini qurumların fəaliyyəti də mühüm rol oynayır. Avropa ölkələrində ilk xeyriyyəçilər və öncüllər dini təşkilatlardır. Bu dini təşkilatların gördüyü işlər əhalinin digər sosial qruplarında, o cümlədən milyarder, imkanlı şəxslərdə xeyriyyəçilik istiqamətində qənaətin formalaşdırılmasına gətirib çıxarır. Bu, cəmiyyətdə bir dəyərə çevrilir. Amma təəssüflər olsun ki, bizim kimi ölkələrdə dini qurumların bu kimi təşəbbüslərdə iştirakı çox zəifdir. Bəzi hallarda heç rastlanmır. Bu, dəyər olaraq Azərbaycan cəmiyyətində özünə hələ də yer tapmamış institutlardan biri hesab olunur. Ona görə də düşünürəm ki, Azərbaycanda xeyriyyəçilik hələ də geniş yayılmayıb. Demək olmaz ki, yoxdur”.

Müsahibimiz bu məsələdə inkişaf etmiş ölkələrin təcrübəsini də yada saldı. Dedi ki, nəinki ayrı-ayrı şəxslər, eyni zamanda biznes subyektləri, müəssisələr ölkənin resurslarından, insan ehtiyatından yararlanaraq gəlir əldə edilməsi fonunda korporativ sosial məsuliyyət deyilən bir öhdəliyi öz öhdəlikləri sırasına daxil ediblər: “İctimai maraqların qorunması, təbiətin mühafizə olunması, digər sosial maraqların müdafiə olunmasında iştirak edirlər. Bu, hələlik bizdə özünü əks etdirmir. Bir başqa məqam da qarşılıqlı inam məsələsidir. Bir sıra hallarda bu vəsaitlərin xərclənməsi ilə bağlı xeyriyyə təşkilatları ilə xeyriyyəçilər arasında anlaşılmazlıqlar yaşanır. Şəffaflığın olmaması bu istiqamətdə, xeyriyyəçiləri bu istiqamətdə fəaliyyətdən çəkindirən amil ola bilər”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir