IMTAHAN

Bağça müəllimlərini gözləyən “təhlükə”

Baxış sayı: 431

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51 faizinin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin sertifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir. Yəni artıq bağça müəllimlərinin də sertifikasiyası həyata keçiriləcək.

Sertifikasiyanın bu il ərzində keçirilməyi planlaşdırılır

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov dedi ki, sertifikasiyanın vaxtı hələ ki, məlum deyil: “Nazirlik sertifikasiyanın nə vaxt keçiriləcəyini hələ elan etməyib. Amma bu il ərzində keçirilməsi planlaşdırılır. Suallar məktəbəqədər təhsil müəssisələrinin kurikulumunu hazırlayan ekspertlər, mütəxəssislərin materialları əsasında hazırlanacaq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təhsil kafedrasının hazırladığı erkən yaş psixologiyası, pedaqogika kimi əsərlərdən istifadə olunaraq materiallar tərtib ediləcək”.

Direktor hansı müəllimin biliksiz olduğunu təsbit edirsə…

Q.Məhərrəmov bildirdi ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək: “Dövlət təhsil müəssisələrində sertifikasiyadan keçməyənlər hələ də işləməyə davam edir. Bu o deməkdir ki, məktəbəqədər müəssisələrdə də sertifikasiyadan keçməyənlərə şans veriləcək ki, yenidən hazırlaşsınlar. Dünyada isə sertifikasiya imtahanını məktəb direktoru özü məktəb miqyasında həyata keçirir. İmtahan mərkəzləşmiş formada olmur. Məktəb direktoru hansı müəllimin biliksiz olduğunu təsbit edirsə, onu işdən uzaqlaşdırır”.

Müəllimlərin bir çoxunun ixtisası pedaqoji sahədə deyil

Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, bağçalarımızda kifayət qədər ciddi problemlər var: “Bu problemlərin əsasında da müəllimlərin ixtisası üzrə işləməməsi durur. Diqqət etsək görərik ki, bağçalarda işləyən müəllimlərin bir çoxunun ixtisası tamamilə fərqlidir, hətta bəlkə də, heç pedaqoji sahədə deyil. Sertifikasiya və ya onların işə qəbulu kimi proseslərin Elm və Təhsil Nazirliyinə verilməsi bu kimi problemləri aradan qaldıracaq. Qaydalardakı dəyişikliklər uşaq bağçalarında keyfiyyətin artmasına gətirib çıxara bilər. Sertifikasiyanın hansı kriteriyalarda keçiriləcəyi ilə bağlı hazırda Elm və Təhsil Nazirliyi qaydalar hazırlayır. Yəqin ki, yaxın vaxtlarda bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Bağçada hər cür uşaqla qarşılaşmaq mümkündür

A.Vəliyevin fikrincə, sertifikasiya həyata keçirilərkən müəllimlərin psixoloji durumu da mütləq nəzərə alınmalıdır: “Özümüz də diqqət edəndə görürük ki, bağçalarda işləyən müəllimlərin şagirdlərlə davranışı heç də xoş deyil. Diqqətə alınmalıdır ki, uşaq bağçalarına müəllimlər işə götürülərkən və yaxud sertifikasiyadan keçərkən onların əlavə olaraq psixoloji durumları da yoxlanılmalıdır. Uşaq bağçalarında azyaşlılardır və yaşına görə danışmayan, hərəkətlərində bir az daha nadinc uşaqlar da ola bilər. Yəni müəllim bağçada hər cür uşaqla qarşılaşa bilər və ona görə də hazır olmalıdır”.

Müəllim testdən keçsə belə…

Ekspert qeyd etdi ki, bəzi ölkələrdə bu məsələlər başqa cür həyata keçirilir: “Xarici təcrübəyə baxanda görürük ki, uşaq bağçalarında işləyən müəllimlərin ixtisası, demək olar ki, məhz bu sahədədir. Mütləq şəkildə müəllimləri işə götürərkən onların psixoloji durumlarına da diqqət yetirirlər. Bu psixoloji yoxlamanı da kağız və ya test üzərində etmirlər. Mütləq şəkildə praktiki olaraq yoxlayırlar. Daha sonra müəllim testdən keçsə belə, əgər psixoloji durumu istədikləri səviyyədə deyilsə, o zaman uşaq bağçasında işləməyinə icazə vermirlər. Düşünürəm ki, bizdə də eyni vəziyyət olmalıdır. İstər hazırda işləyən, istər gələcəkdə uşaq bağçalarında işləyəcək müəllimlərin mütləq şəkildə sertifikasiyada və yaxud da qəbulda psixoloji durumları ölçülməlidir”.

“Artıq neqativ hal baş verməyəcək”

A.Vəliyev bildirdi ki, dəyişikliklərdən sonra bağçalarda xeyli inkişaf gözlənilir: “Yəqin ki, işçilərin bir çoxu sertifikasiyadan keçə bilməyəcək. Çünki onların ixtisası çox fərqlidir. Tanışı vasitəsilə, yaxud hansısa qeyri-leqal bir yol tapırdılar və uşaq bağçasına işə qəbul olurdular. Artıq bunların hamısı keçmişdə qaldı və belə bir hal baş verməyəcək. Həmin adamların işdən çıxarılması və yeni müəllimlərin işə qəbul olunması həm uşaq bağçalarının reytinqini, həm də oradakı təhsilin və tərbiyənin keyfiyyətini artıracaq”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir