qadin

Bahar depressiyası qadınları “sevir”?

Baxış sayı: 1. 497

Son illər “depressiyaya düşmüşəm” ifadəsini az qala hər kəsin ağzından eşidirsən. Yazın gəlişi ilə sosial şəbəkələrdə yaz depressiyası ilə bağlı paylaşımlar da artıb. Ekspertlərin fikrincə, günəşli günlərə rəğmən, insanın dərin üzüntü yaşaması və buna məhəl qoymaması şəxsi, eləcə də işgüzar həyatında bir sıra geridönməz hadisələrlə, hətta faciələrlə nəticələnə bilər.Psixoloq Ahmet Tuğrul Demir bildirir ki, yaz depressiyası havaların isinməsi, günlərin uzanmasıyla, günəşin üzünü daha çox göstərməsi, havanın, suyun və torpağın oyanması ilə baş qaldırır: “Bütün bu oyanışlara uyğunlaşan bədənimiz də yenilənərək enerji ilə dolsa da, bu aylar hamımız üçün eyni enerjili keçmir. Çöldə yazı müjdələyən bir bahar havası varkən biz daha çox yatmaq, yataqdan qalxmamaq, hətta qolumuzu belə qaldırmaq istəmədiyimizdən şikayət edirik. Hər il baharın gəlməsiylə başlayan və eyni dönəmlərdə görülən bu duyğu durumunun adına bahar depressiyası adını qoyuruq”.

Demirin dediyinə görə, əslində bahar depressiyası hər ilin eyni zamanlarında təkrar edən bədbəxtliyimizin fərqinə varmağa başladığımız dövrdür: “Əlbəttə ki, heç birimiz hər gün xoşbəxt, ya da üzüntülü deyilik. İçində yaşadığımız şərtlərə uyğun olaraq büründüyümüz ruh halından doğan uzun müddət davam edən bədbəxtlik hissinin davamlı olması, narahat və qayğılı olmağımızın artması kimi əlamətlərlə özünü götərən bu durum iki həftədən çox sürərsə, bahar depressiyasının ağuşuna düşdüyümüzü göstərir. Bahar depressiyasının əlamətləri zəif başlasa da, zaman keçdikcə ağırlaşır. Keçici olduğunu düşündüyünüz bahar depressiyası qalıcı bir hala keçib davamlı bir depressiya ola bilər”.

Müsahibimiz qeyd edir ki, bahar depressiyasını yaradan amillərin təməli bütün psixoloji rahatsızlıqlara səbəb yaradan genetik faktorlar, vücuddakı kimyəvi prosesləri normada saxlayan hormonlarla bağlıdır: “Yaş faktoru əhvalımıza dəyişkən təsir etsə də, bahar depressiyasının yaşla bağlılığı yoxdur. Kişi və qadınlarda fəqli keçən bir xəstəlikdir. Bahar depressiyası daha çox qadınları sevər, ancaq kişilər də bu depressiyaya tutulur”.

Psixoloq əlavə edir ki, bahar və yay aylarında günlərin uzanması ilə əlaqədar olaraq gün içində oyaq qaldığımız zamanın artmasıyla vücudumuzun bioloji ritminin dəyişməsi baharla birlikdə gələn depressiya halını yaradan ən önəmli amildir: “Xoşbəxtlik hormonu deyilən serotonin hormonunun azalması da bahar depressiyasını yaradan amildir. Serotonin hormonunun gecə, səssiz və tam qaranlıq mühitdə yarandığı gerçəkliyi də bu depressiv halları artırır. Bu üzdən serotonin harmonunu yüksəldəcək tədbirlər görərək, səhər erkən saatlarda 1 saatlıq gəzinti və ya idmanla məşğul olaraq, idmandan sonra gün ərzində günəş şüalarının vücudumuza toxunmasına izin verərək bahar yorğunluğunu və depressiyasını aradan qaldıra bilərik. Yuxunuzu sistemli hala gətirərək gününüzü yaxşı şəkildə planlaşdırmaq bahar depressiyasının sizi ələ keçirməməsini qabaqlamaq üçün doğru bir başlanğıc ola bilər. Qapalı yerlərdənsə açıq havada oturmağa üstünlük verib tətil günlərinizi təbiətdə, meşəlikdə, dəniz havasında keçirərək bu depressiya dönəmini ata bilərsiz”.

Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, son illərdə insanlar daha çox depressiyaya tutulmağa başlayıb: “”Depressiyadayam” artıq gündəlik istifadə etdiyimiz bir sözdür. Amma fəsildən fəslə keçdikdə insan orqanizmində baş verən dəyişikliklər nəticəsində depressiya yarana bilər. Misal üçün, qış aylarında insan orqanizmi soyuğa öyrəşir və zamanla fəsil dəyişdikdə, artıq biz yaza keçdikdə havaların isinməsi insan orqanizmində bioritmlər və hormonal balansların dəyişilməsi nəticəsində dəyişiklik olur və bu da yaz depressiyasına gətirib çıxarır. Ümumiyyətlə, yazda qan durulur, təzyiqin artması baş verir, bununsa nəticəsində orqanizmdə oyanma baş verir. İnsan bədənində baş verən bu dəyişikliklər sinir pozğunluqlarına, əsəbiliyə səbəb olur. Belə insanlar düşdükləri vəziyyəti “yaz depressiyasına düşmüşəm” kimi fikirlərlə təsvir edirlər”.

Rüstəmovanın dediyinə görə, yaz depressiyasının əlamətlərindən biri insanların çox yatmasıdır: “İnsan yazda depressiyaya düşərkən gününün daha çox hissəsini yatmaqla keçirmək istəyir. Üzüntü hissləri güclü olur, əsəbilik baş qaldırır, aqressiv reaksiya verir, bəzən yuxu pozuntuları olur. İştaha dəyişkənlikləri olur. Depressiya müxtəlif yaşlarda özünü müxtəlif göstərir. Misal üçün, yeniyetmələrdə yaz depressiyası özünü daha qabarıq göstərir. Onların orqanizmində bu vaxt daha çox dəyişikliklər başlayır.

Bu depressiya dönəmi onlarda daha kəskin şəkildə gedir. 50-55 yaşlı insanlarda isə fizioloji problemlər daha çox hiss olunur. Sinir sistemi pozuntusu, aqressivlik insanlarda yaz depressiyasının əlamətləridir”.

Həmsöhbətimiz əlavə edir ki, yaz depressiyasına tutulmamaq üçün yaz fəslinə keçiddə yuxudan erkən durmalı, daha çox su içməli, idmanla məşğul olmaq, açıq havada gəzmək, daha çox ünsiyyət qurmaq lazımdır: “Gərginlik hissi keçmirsə, mütləq psixoloqa, neroloji problemi olan insanlarsa nevropotoloqa müraciət etməli, gələcəkdə depressiyanın kəskin kök salmasının qarşısını almaq üçün bu uçuruma aparan hissə təslim olmaqdansa, onunla mübarizəni seçmək fayda verəcək”.

 

 

Aynurə MƏMMƏDOVA

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir