kart

Bank kartlarımızı necə qoruyaq?

Baxış sayı: 490

Bank kartları ilə bağlı az qala hər gün yeni bir dələduzluq növü eşidirik. Kartlardan istifadə və təhlükəsizliklə bağlı nə qədər məlumatlı olsaq da, hakerlər yenə də xırda bir ehtiyatsızlıq sonrası kartımızdakı pulları oğurlaya bilirlər. Nədənsə onların qurbanı olan kartlarda adətən, böyük məbləğlər olur. Məhz bu səbəbdən dolayı bank kartlarını kateqoriyaya bölərək istifadəni məsləhət görənlər var. Deyirlər, alış-veriş kartımız ayrı olmalıdır, maaş kartımız ayrı, onlayn alış-veriş kartımız başqa… Bu cür yanaşma riski nə dərəcədə azaldır?

Bir kartla hər işimizi görə bilərik, amma…

Bank məsələləri üzrə ekspert Emin Mahmudov deyir ki, bir kartla həm alış-veriş edə, həm də ehtiyat pulumuzu orada saxlaya bilərik. Sadəcə bunun “amma”sı var: “Ola bilər ki, bank kartı sizə yaxşı üstünlüklər verir. Məsələn, həm kartdakı qalığa görə sizə faiz hesablayır, həm də alış-verişdə bonusları yaxşıdır. Yəni o kartda pul saxlamaq da sizə sərfəlidir, alış-veriş də. O zaman istəsəniz, eyni kartda həm böyük məbləğdə pul saxlaya, həm də alış-veriş üçün istifadə edə bilərsiniz. Eyni zamanda bir sual ətrafında düşünməlisiniz: Mən kartımın təhlükəsizliyi ilə bağlı nə qədər diqqətliyəm? Vəsaitləri xərcləyərkən kart məlumatlarımı kiməsə vermədiyimdən tam əminəm? O əminliyimiz varsa, bir kartla da hər işimizi idarə edə bilərik”.

Maaş vaxtı pulumuzu necə çəkirlər?

Əmin deyiliksə, risk etmək istəmiriksə, E.Mahmudov istifadə etdiyimiz kartları kateqoriyaya bölməyin daha məsləhətli olduğunu bildirdi. İlk olaraq maaş kartına yanaşmamızın necə olmasına toxundu: “Azərbaycanda maaş kartlarına kəşbək verən, maaş kartındakı qalıq məbləğə faiz hesablayan, əlavə hansısa üstünlüklər – millər, bonuslar verən banklar çox azdır. Həm bu, həm də təhlükəsizlik səbəbindən maaş kartlarımızı gündəlik alış-verişdə, istifadə etmək o qədər də məsləhət görülmür. Onlayn saytlarda da maaş kartı ilə qeydiyyat məsləhət deyil. Maaş kartınızın məlumatları əllərinə düşürsə, onu yaddaşda hazır saxlayırlar. Karta vəsait gəldiyini ehtimal etdikləri zaman o vəsaitləri istifadə edə bilərlər. Maaşların da hesaba oturulması zamanı təxmini məlumdur”.

E.Mahmudov alış-verişdə üstünlükləri çox olan debet kartlarından istifadənin daha məsləhətli olduğunu bildirdi: “Ən çox kəşbək də, hesabdakı qalığa faiz hesablamaq da, əlavə bonuslar da debet kartlardadır. Üstəlik bankların əksəriyyəti müştərilərinə pulsuz debet kartlar təklif edirlər. Üstünlüklərinə görə alış-verişdə istifadə etdiyimiz kartla bağlı o qədər də diqqətli deyiliksə, bu kartlarda çox pul saxlamamaq məsləhətdir. Əsas pulu başqa kartda saxlayırsınız, hazırkı xərciniz qədər bu karta pul əlavə edirsiniz. Ən yaxşı üsul o kartlardan onlayn istifadə etməkdir”.

Pul olmayan kartın yaratdığı böyük təhlükə

Ekspert pullarımız olan kartların tanımadığımız, bilmədiyimiz saytlarda qeydiyyatının isə daha təhlükəli olduğunu deyir: “Tutaq ki, hansısa xarici saytdan məhsul, yaxud xidmət alırsınız. Təbii ki, ödəniş üçün kart məlumatlarınızı daxil etməlisiniz. Kart məlumatımızı yazdığımız həmin sayta etibar edirik? Ona görə, onlayn alış-veriş üçün ən təhlükəsiz üsul virtual kartlardır. Virtual kart alırıq, o karta bizə həmin xidməti almağa kifayət edəcək qədər vəsait qoyuruq və həmin linkə virtual kart məlumatlarımızı yazırıq. Əgər daxil etdiyiniz sayt dələduz linkdirsə, bizdən yalnız o kiçik məbləği oğurlaya bilir, başqa məbləğimiz toxunulmaz olaraq qalır. Əgər real kartımızın məlumatlarını tanımadığımız, bilmədiyimiz bir linkə, hansısa sayta yazsaq və düşünsək ki, orada vəsait yoxdur, heç nə itirən deyiləm və s. böyük yanlış edərik. Hakerlər həmin kart məlumatlarınızdan istifadə edərək bankın mobil tətbiqinə daxil ola və orada bizim bütün kartlarımızın, cari hesablarımızın, əmanətlərimizin idarəetməsini ələ keçirə bilərlər. Ona görə tanımadığınız, bilmədiyiniz saytlarda real kartlarınızı istifadə etməyin”.

Kredit kartını sizdən əvvəl haker istifadə edir

Öz pulumuzun hakerlər tərəfindən oğurlanması onsuz da bizim üçün pis haldır. Bir də var kredit olaraq götürdüyümüz pul. Haker istifadə edir, amma sonra o borcu biz ödəməli oluruq. Ekspertin sözlərinə görə, hakerlərin ən çox hədəf aldığı kartlardan biri də kredit kartlarıdır: “Digər kartlarla bağlı qeyd etdiklərim kredit kartlarının istifadəsinə də aiddir. Kredit kartlarının istifadəsi ilə yanaşı, həm də onları alarkən diqqətli olmalıyıq. Bu kartları elə aldığımız zaman qısa müddətdə hakerlər ələ keçirə bilirlər. Belə ki, son vaxtlar kredit kartları (bu debet kartlarına da aiddir) onlayn əldə edilir, kuryer vasitəsilə çatdırılır. Kart hazırlanıb müştərinin əlinə çatana qədər bank tərəfindən müştəriyə çox zəng olur. Bu zaman hər gələn zəngə inanmaq olmaz. Bank özü verdiyi kartın sonradan hansısa məlumatlarını istəyə bilməz. Çox zaman kredit vəsaiti karta oturmamış dələduzlar bu barədə məlumat tutur və müştərilərə bank adından zəng vurub deyirlər ki, pulunuzu karta oturtmaq üçün filan rəqəmləri bizə bildirməyiniz xahiş olunur. Kart istifadəçiləri də bank bilib istədikləri məlumatı deyirlər. Bilmək lazımdır ki, bank müştərisinə verdiyi kartın hansı olduğunu dəqiq bilir. Vəsaiti karta yox, kart hesabına yerləşdirir. Hansısa kart məlumatı ilə əməliyyat etmir”.

Bloklanmış kart üsulu

“Səyahət kartımız da ayrı olmalıdır” deyirlər. E.Mahmudovun sözlərinə görə, bu, sizin xərclərinizin məbləğinə görə dəyişə bilir: “Səyahətlərdə gündəlik alış-veriş kartımızı istifadə edə bilərik. 99 faiz kart ölkə xaricində də ödənişləri dəstəkləyir. Səyahət üçün ayrıca kart əldə etməyə ehtiyac yoxdur. Səyahətdə böyük məbləğdə vəsait xərcləyəcəyiksə, o zaman həmin ölkənin yerli valyutasına uyğun kart açdırmaq daha məsləhətdir. Alış-veriş etdiyimiz zaman konvertasiya zamanı komissiyada və kurs fərqində pul itirməyək”.

E.Mahmudov qeyd etdi ki, əgər kart təhlükəsizliyinə riayət etdiyinizdən tam əmin deyilsinizsə, əsas pulunuzu ayrıca bir kartda saxlayın, o kartı da mobil tətbiqdə bloklaşdırın, bütün limitləri sıfırlayın. Ehtiyacınız olanda, kartı blokdan çıxarıb istifadə etdiyiniz karta əlavə edin, yenidən bloka salın.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir