nikah

Bir kəllə qənd, 3 manat pulla kəsilən nikahlar

Baxış sayı: 1. 537

” – Məgər evlənmək belə asan işdir ki? Evlənmək? Lap su içmək kimi bir şeydir. Bir nəfər molla, 3 manat pul, bir kəllə qənd. Vəssalam, şüttamam…”

 

Yəqin ki, “Arşın mal alan” filmindən bu ifadələri hamınız xatırlayırsınız. Hələ ötən  əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili-komediyasını qələmə alarkən  Sultan bəyin və Cahan xanımın dilindən çıxış edərək bu gün də öz aktuallığını qoruyan dini nikah məsələsinə diqqət çəkib. Heç kim inkar etmir ki,  üstündən yüz ildən də çox vaxt keçməsinə baxmayaraq, indi də bir kəllə qənd, 3 manat pula başa gələn və bir mollanın şahidliyi ilə kəsilən nikahlar var. Məsələn, onlardan biri də həmsöhbətim Gülşən Qədimovadır. Gülşən deyir ki,  ailə qurarkən rəsmi nikah kəsdirməyi lazım bilməyiblər. Bir-birilərini sevib evləndiklərinə görə, belə qərara gəliblər ki, rəsmi nikah lazımsız bir şeydir: “Biz nə vaxtsa  boşanacağımızı heç ağlımıza da gətirmirdik. Amma heç də belə deyilmiş. Ailə qurandan sonra xırda-para problemlər yaranmağa başladı. Böyüklərimiz dedilər ki, uşağınız olandan sonra hər şey yoluna düşəcək. Bir müddət sonra övladımız dünyaya gəldi. Lakin zaman keçdikcə hər şey yaxşılaşmaq əvəzinə, daha da pisləşməyə doğru getdi. Həyat yoldaşımla heç cür ortaq məxrəcə gələ bilmirdik. Davamlı olaraq evdə dava, söz-söhbət olurdu. Nəhayət, belə bir qərara gəldim ki, boşanım. Əvvəlcə yoldaşım buna etiraz etsə də, başa düşdü ki, artıq ikimiz də dava-dalaşdan yorulmuşuq. Beləliklə, dini qaydada boşandıq. Elə əsas problemlər də bundan sonra başladı. İndi nə aliment ala bilirəm, nə də hər hansı bir mal-mülkə iddia edə bilirəm”.

Bu, sadəcə, kiçik bir nümunədir. Təəssüflər olsun ki, cəmiyyətdə onlarla, hətta yüzlərlə Gülşənlər var. Rəsmi nikaha əhəmiyyət vermədiyinə görə, boşandıqdan sonra ciddi problemlərlə üzləşən xeyli sayda qadın var. Elə bu kimi  problemin qarşısını almaq üçün bir sıra ictimaiyyət nümayəndələri belə bir təklif irəli sürüblər ki, dini nikah zamanı tərəflər arasında müqavilə imzalansın və bu müqavilənin hüquqi əsası olsun. Belə olan təqdirdə, qadının aliment və əmlak problemi qismən də olsa aradan qaldırılacaq. Bunun tətbiqi nə dərəcədə real görünür?

Bu müqavilə müəyyən bir dövr üçün lazımdır

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Flora Qasımova deyir ki, belə bir müqaviləyə ehtiyac yoxdur: “Məsələni bu qədər mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Belə bir müqavilənin hüquqi əsaslarla tanınmasına ehtiyac görmürəm. Yaxşı olar ki, belə şeylər fikirləşməkdənsə, rəsmi nikaha üstünlük verilsin. Azərbaycanda din dövlətdən ayrıdır. Yəni biz dünyəvi dövlətik. Rəsmi nikah ola-ola, artıq iş açmağa ehtiyac yoxdur. Əgər rəsmi nikahın varsa, boşandıqdan sonra nə istəsən, qanuni şəkildə tələb edə bilərsən. Nəyə görə ikinci bir nikahı qanuni hala salırıq ki? Fikrimcə, belə bir qanun tamamilə yersizdir və artıq əziyyətdir”.

 

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, təklif əsaslandırılaraq qanunvericiliyə təqdim edilə bilər: “Dini nikahla ailə quran şəxslər uzun müddət bir yerdə yaşayırlar. Amma bu nikahdan dünyaya gələn uşaqlara atalıq verilmir. Bir çox hallarda məhkəmələr də  bu işə baxmır. Çünki ortada rəsmi nikah yoxdur. Bu baxımdan, mən də bir neçə dəfə təklif etmişəm ki, məhkəmələr bəzi hallarda dini nikah məsələsini nəzərə alsınlar. Həmin qadınları çıxılmaz vəziyyətdən çıxarmaq və uşaqların ortalıqda qalmaması üçün bu lazımdır. Mollalar dini nikah kəsdikləri zaman mehr deyilən dini bir sənəd yazırlar. Orada qeyd olunur ki, bu kişi boşandıqdan sonra qadına nələr verməlidir. Düzdür, adətən orada simvolik  şeylər qeyd olunur. Amma  dini nikah kəsərkən yazılanlara  boşanma zamanı  əhəmiyyət verilmir və ciddi qəbul edilmir. Ona görə də mollar üçün məsuliyyət qoyulmalıdır ki, əgər dini nikah əsas götürülürsə, onun boşanma tərəfini də fikirləşsinlər. Mən özüm indiyə kimi dini nikaha girən zaman imzalanan, amma boşanma zamanı heç bir hüquqi statusu olmayan o qədər dini sənəd kağızları görmüşəm ki… Heç kim demir ki, bu adam nikaha girən zaman molla qadın üçün hansı əmlakı qeyd edib. Biz dəfələrlə bu haqda danışmışıq. İndi sosial problemə çevrilən bu məsələ  üçün  mexanizm işlənilməlidir. Amma məsələ burasındadır ki, bu təklif hansı formada əsaslandırılıb hüquqi əsas veriləcək? Qafqaz Müsəlmanları İdarəsi bu məsələnin oturuşan bir mexanizmini fikirləşib, qanuni şəkildə təqdim etmək barəsində düşünməlidir. Təklif əsaslandırılmalıdır ki, onu qanunvericilik orqanlarına təqdim etmək mümkün olsun. Belə bir müqavilənin müsbət tərəfi odur ki, artıq qadınlar uşaqları üçün atalıq faktının müəyyən edilməsinə görə, illərlə məhkəmədə sürünməyəcək. Çünki adi halda qadın atalıq faktını müəyyən etmək üçün məhkəməyə müraciət edə bilmir. Bunu təsdiq edən analizi vermək üçün isə çox vaxt onların pulu olmur. Ona görə də, bu kimi məsələlərdə dini nikah nəzərə alınsa, yaxşı olardı. Amma bütün hallarda, rəsmi nikahın əsas götürülməsi ən gözəl yoldur. Bu müqavilə müəyyən bir dövr üçün lazımdır. Biz dini nikahı əsas götürsək, hər kəs dini nikaha üz tutacaq. Bu isə dünyəvi dövlətin prinsiplərinə ziddir. Mən demokratik və dünyəvi dövlətin tərəfindəyəm. Qadınlar demokratik ölkənin qaydalarına uyğun olaraq, rəsmi nikaha girməlidirlər. Biz belə bir addımı yalnız müəyyən dövr üçün,  problemlərin həlli məqsədilə dəstəkləyirik. İnsanların taleyinin həllində müəyyən dövr üçün dini nikahın əsas götürülməsinin tərəfindəyəm. Amma belə qanuna arxayın olub, rəsmi nikahdan imtina edilməsinin birmənalı şəkildə əleyhinəyəm. Ona görə də bu məsləyə bir qədər həssas yanaşmaq lazımdır”.

 

Məsələyə elə yanaşmaq lazımdır ki…

Sosioloq Lalə Mehralı isə bu müqaviləni gərəksiz hesab edir: “Dini nikah zamanı müqaviləni gündəm etməkdənsə, dini nikahın yerinə rəsmi nikahı üstün tutmağı təbliğ etmək lazımdır. İnsanlar dini nikahı rəsmi nikahdan daha keçərli hesab edir, ailə quranlar birinci dini nikahı kəsdirir. Nikahın dinisini üstün tutan niyə hüquqi müqaviləyə inanır? Əgər rəsmi sənəd onun üçün əhəmiyyətlidirsə, vaxtında rəsmi nikaha düşməlidir. Dövlət dini nikahı olan ailəni tanımır, cütlüklər yalnız rəsmi nikahları olduğu zamanı dövlət tərəfindən rəsmən ailə olaraq tanınır. Qadın əgər hüquqları üçün narahatdırsa və buna görə müqavilə bağlamaq istəyirsə, bu, ticarətdən başqa bir şey deyil. Yaxşı olar ki, qadın ən vacib hüququndan imtina etməsin və evlənərkən rəsmi nikaha daxil olsun. Beləliklə, o, hüquqlarını dövlətin təmin etdiyi qanunlar çərçivəsində qoruya bilər. Əgər ehtiyac olarsa, nikahdan sonra tərəflər mal-mülk bölgüsü üçün nikah müqaviləsi də imzalaya bilərlər və bu tamamilə könüllüdür”.

 

Şərqşünas Seyid Camal Əzimbəyli düşünür ki, belə bir müqavilənin olması bəzi problemlərin hüquqi müstəvidə öz həllini tapması baxımından müsbət addımdır: “Azərbaycanda kəbin nikahı ilə yaşayan çox insan var. Amma  bu nikahın heç bir hüquqi əsası yoxdur. Düşünürəm ki, təklif qadınların mənafeyinə xidmət etməsi baxımından təqdirəlayiq bir addımdır. Bu həm də erkən nikah və boşanmaların da qarşısını almaqda faydalı ola bilər. Məhkəmələrdə olan və illərdir ki, hüquqi müstəvidə həllini tapmayan xeyli sayda işlərin müsbət məcraya yönəlməsinə nail ola bilərik. Elə adamlar var ki, qanuni həyat yoldaşı olmasına baxmayaraq və milli kimliyini unudub dini kimliyini əsas gətirərək, başqa bir xanımla ailə qurur. Bu nikahdan da onun övladı dünyaya gəlir. Zaman keçdikcə o, həmin xanımdan olan övladından imtina edir. Xanım nə qədər məhkəmələrə üz tutsa da, buna qanunla haqqı çatmır. Çünki qanunvericiliyimizdə dini nikah heç bir hüquqi əhəmiyyətə malik deyil. Ona görə də belə bir müqavilənin olması yaxşı olardı. Amma məsələyə elə yanaşmaq lazımdır ki, kimsə bunu öz məqsədləri üçün sui-istifadə alətinə çevirməsin”.

 

Bu məsələlər rasional bir gücə, yəni dövlətə söykənsə daha yaxşıdır

Hüquqşünas Ceyhun Cəfərli bəzi məqamları qeyd etdi: “Mövcud qanunvericiliyə əsasən, dini kəbin əsasında nikaha girən  şəxslər arasında mal, mülk və digər məsələlərlə bağlı münasibətləri tənzimləyən müqavilə yalnız onların aralarında rəsmi nikah qeydə alındıqdan sonra hüquqi əsas daşıya bilər. Dini kəbin əsasında qurulan ailə dağıldığı zaman, ailə üzvləri arasında müqavilə olsa belə, Azərbaycanın Ailə Məcəlləsi bu müqaviləni tanımayacaq. Deməli, bu ailənin dövlət təminatı da olmayacaq. Əslində, hesab edirəm ki, bu müqavilə qadınların  hüquqlarının qorunması baxımından, eləcə də doğulan uşaqların hüquqları baxımından mütərəqqi addım hesab oluna bilər. Çünki Azərbaycanda bölgələrdə, regionlarında rəsmi nikah paytaxtda və digər şəhərlərdə olduğu qədər aktual deyil. Hətta bir çox hallarda ata və ana uşaq dünyaya gəldikdən, yaxud doğum şəhadətnaməsi və digər sənədlər tələb olunduğu zaman  məcbur qalıb rəsmi nikaha girirlər. Bəzən bu nikahın rəsmiləşməsi illər çəkir”.

C.Cəfərli bildirdi ki, bəzi problemlərin həlli baxımından dini nikah əsasında qurulan ailələr arasında bağlanan müqavilənin hüquqi qüvvəyə malik olması yaxşı olardı: “Amma əgər tərəflər dini kəbinlə ailə quran zaman notariusa gedib hansısa hüquqi sənəd imzalayırlarsa, bunun əvəzində rəsmi nikah da bağlaya bilərlər. Çünki dövlət rəsmi nikahı tanıyır və problem olduğu zaman hər iki tərəfin hüquqlarını qoruyur. Ona görə də bu məsələlər rasional bir gücə, yəni dövlətə söykənsə daha yaxşıdır. Həmçinin. düşünmürəm ki, belə bir sənəd  boşanmaların da qarşısını ala bilər”.

 

Millət vəkili Rafael Cəbrayılov deyir ki, belə bir hal mümkün deyil: “Azərbaycan demokratik və dünyəvi bir dövlətdir və dövlətlə din bir-birindən ayrıdır. Nikahdan əvvəl və ya sonra hər kəs kəbin kəsdirə bilər. Dövlət buna mane olmur. Dini nikahın bağlanmasına dövlət mane olmur. Çünki Azərbaycan xalqının 96 faizi islam dininə sitayiş edən insanlardır. Bu, konstitusiyaya görə, vicdan azadlığına daxil olan komponentdir. Yəni dini nikah hər kəsin şəxsi işidir. Bütün hallarda, iki insan öz həyatını birləşdirir,  ailə formalaşır və uşaq doğulur. O ki qaldı əmlakın bölgü məsələsinə, bunun üçün nikah müqaviləsi deyilən bir şey var. Rəsmi qaydada nikah bağlamaq lazımdır ki, sabah əmlak bölgüsü problemi zamanı istər uşağın, istərsə də qadının hüquqları qorunsun.  Azərbaycan dövləti qüvvədə olan Ailə Məcəlləsi ilə tərəflərin hüquqlarını qoruyacaq. Belə bir müqavilənin hüquqi əsas qazanması Azərbaycan dövlətində mümkün deyil”.

 

Və sonda…

Verilən təklifin qəbul edilib-edilməyəcəyini deyə bilmərik. Məqsəd boşanmadan sonra tərəflərin öz hüquqlarını qoruya bilməsi üçün kiçik də olsa, bir addım atmaqdır. Amma bütün hallarda, yaxşı olardı ki, hər kəs sivil qaydada rəsmi nikaha üz tutub, dövlətin qanunlarına arxalansın. Çünki dövlət insanın ən böyük təminatıdır.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir