Böhranda pul qazanmağın qızıl şərtləri

Baxış sayı: 1. 708

Bütün dünyanı bürüyən böhranda hər kəsi düşündürən sual gəlirlərini necə bölüşdürmək, əlavə vəsait itirməməkdir. Nəzərə alsaq ki, iqtisadi böhran bir ölkənin iqtisadiyyatındakı neqativ dəyişiklikləri əks etdirir, bu proses varlıdan tutmuş, orta təbəqəyə qədər hər kəsə təsir edir. İtirənlər də olur, qazananlar da. Böhranda əlavə vəsait itirməmək, gəlirləri düzgün bölüşdürmək və ya necə pul qazanmaq olar?

Böhranda cibinizdə pul qalmasının yolları

Ekspertlər deyir ki, böhranda ən çox əziyyət çəkən bu ağır prosesə borclu yaxalananlar olur. Belə insanların ilk növbədə atmalı olduqları addım borcları azaltmaqdır. Eləcə də yüksək faizli kredit kartlarının istifadəsindən uzaq durmaqdır. İkinci amil kənarda pul yığmaqdır. Bundan əlavə, böhran dövründə tamamlanmayan layihələrə pul qoyulması da məsləhət görülmür. Yəni evdə pulunuz var və buna tikilməkdə olan binadan mənzil almaq istəyirsiniz. Qəti bu addımı atmayın. Çünki böhran ilk olaraq tikinti sektorunu vurur. Əmin olun ki, həmin bina ancaq böhranın soyuq küləyi dayandıqdan sonra təhvil veriləcək və ya eləcə də qalacaq… Yazılı formada gəlirlərin və xərclərin hesabını aparmaq isə böhranda ac qalmamağın ən birinci şərti sayılır.

Belə vəziyyətlərdə aşağıdakı addımların atılması vacib sayılır:

Kiçik və lazımsız xərcləri azaltmaq.

Kreditlərdən və kredit kartlarından qurtulmaq.

Daha borca pul almamaq.

Gələcək gəlirlərə arxalanmamaq.

Tamamlayıcı gəlir mənbəyi tapmaq.

Kiçik işlərə laqeyd yanaşmamaq.

Bir ehtiyat hesabı açmaq.

Özünüzün yerinə yetirə biləcəyiniz xidmətlərdən imtina etmək.

Yaranan hər boş vaxtı pul qazanmaq üçün istifadə etmək.

Karyera qurmağa başlamaq.

Gəlirin artırılması zamanla həyata keçirmək.

Pula hörmətlə yanaşmaq.

Çox pul sərf edilən zərərli vərdişlərdən qurtulmaq.

Yalnız keyfiyyətli və mühüm əşyalara pul xərcləmək.

Yersiz hədiyyələr verməkdən uzaq durmaq.

Kənardan maliyyə dəstəyinə etibar etməmək.

Maliyyə dahilərinin əsərləri ilə tanış olmaq.

Sizdən daha varlı insanların məsləhətlərinə qulaq asmaq.

Qəfil alış-verişlərdən uzaq durmaq.

Vəsaitlərinizin artıq qalanını mənasız əyləncələrə xərcləməkdənsə valideynlərinizə verin.

Öz fiziki gücünüzü inkişaf etdirmək.

Üstünüzdə artıq pul gəzdirməyin.

Bir məhsul alarkən endirim tələb edin.

Şübhəli təklif və müqavilələrdən imtina etmək.

Borc verməmək və borc almamaq.

Zənginlik məntiqi iqtisadiyyat və yeni gəlir mənbələri əsasında qurulub.

Qəpiyinizi qoruyun – o milyonun təməlidir.

Daim sərmayə tələb edən əşyalardan uzaq olun.

Bir mağazadan məhsul alarkən yadda saxlayın ki, bu məhsul digər mağazada daha ucuz ola bilər.

Əlinizdə pul az olsa da, sayın.

Pul barəsində danışmayın.

Başqalarının qazandıqları pulları hesablamayın.

Sizdən daha çox qazananlara paxıllıq etməyin, onlardan nə isə öyrənməyə çalışın.

Yaşamağa hədəflənin, həyatda qalmağa yox.

Böhranda necə varlanmaq olar?

Böhranda varlanmağın yollarına gəlincə, ekspert Xəyal Məmmədxanlı deyir ki, böhran həm də fürsətdir:

“Böhran ona görə fürsət hesab edilir ki, bu dövrdə daxili tələbatın ödənilməsi üçün istehsalın inkişaf etdirilməsinə zərurət yaranır. Bu gün həm sahibkarların, həm də dövlətin üzərinə məsuliyyət düşür. Dəfələrlə sual verirlər ki, böhran dövründə nə etmək lazımdır? Böhran şəraitində yeni, eləcə də böyük, riskli investisiyalar yatırmağa dəyməz. Mövcud bizneslərin sağlamlaşdırılmasına gedilməlidir. Yəni bu günə qədər əlinizdə müəyyən biznesiniz var idisə, lakin böhranla əlaqədar dövriyyəniz, gəlirləriniz azalıbsa, yeni biznesə başlamaqdansa, əlinizdə olan biznesi necə optimallaşdırmaq haqqında düşünməlisiniz. Yəni işçi ixtisarına getmədən bazardakı rəqabətə tab gətirmək haqqında fikirləşmək lazımdır. Dünyadakı nəhəng şirkətlərin əksəriyyəti böhran dövründə çiçəkləniblər. Bəziləri 50-ci illərin, bəziləri də 80-ci illərin böhranında inkişaf ediblər. Burada söhbət hansısa sehrli çubuqdan getmir. Yəni böhran sehrli çubuq deyil. Hazırda iki yol var – qısa və uzunmüddətli strategiya. Uzunmüddətli strategiya özündə idxaldan asılılığı azaldacaq istehsal sahələrini əks etdirir. Ölkədə və yaxın dövlətlərdə olan məhsulların istehsalına çalışılmalıdır. Həm daxili tələbatın ödənilməsi, həm də xaricə satış üçün. İxracyönümlü iqtisadiyyatı yaratmaq uzundövrlü strategiyadır. Qısa zamanda inkişaf etdirmək üçün iki sektor var. Birincisi turizmdir. Bu sahədə ciddi potensialımız var. İstər qış, istərsə də yay turizmilə bağlı böyük işlər görülüb. Bu gün Azərbaycana turist cəlb edib, onları məmnun etmək olar. Sadəcə, bunun üçün kiçik məsələləri həll etmək lazımdır”.

Ekspert ikinci sahə kimi kənd təsərrüfatını göstərir:

“Hazırda kənd təsərrüfatına investisiya qoymaq məsləhətlidir. Fərqi yoxdur hansı sahəsi. Kənd təsərrüfatı elə sahədir ki, nə qədər ölkədə əhali var onlar qidalanacaqlar, siz də onları təmin edəcəksiniz. Hətta ixrac etmək imkanı da var. Lakin burada da fermerlərin maliyyə resurslarına çıxışı asanlaşdırılmalıdır. Bütün iqtisadiyyatlarda biznesin təkanverici qüvvəsi banklar, maliyyə təşkilatlarıdır. Amma bizdə fermer kredit üçün banka müraciət etdikdə ondan Bakı şəhərində əmlak tələb olunur, dollarla kredit təklif edilir. Lizinq şərtləri asanlaşdırılmalıdır”.

O ki qaldı normal biznes qurmaq üçün nə qədər vəsaitin tələb edilməsinə, X.Məmmədxanlı deyir ki, biznesdən-biznesə fərq var. Kapitalsız da biznesə başlamaq mümkündür:

“Sosial şəbəkədəki hesabınızda elan verə bilərsiniz ki, Bakı şəhərində kuryer xidmətləri göstərirəm. Oturursuz ictimai nəqliyyata aparırsız məktubu verirsiniz. Pulunuzu alırsınız. Yaxud da vasitəçilik xidməti göstərərək heç bir kapital qoymadan pul qazana bilərsiniz. Böyük biznes qurmaq istəyirsinizsə, biznesin növündən asılı olaraq, ilkin kapitalın həcmi dəyişir. Düşünmək lazim deyil ki, biznes üçün nə qədər pul lazımdır. Pulun məbləğinə görə biznesin növü seçilməlidir. Təəssüf ki, Azərbaycanda bir anda varlanmaq istəyirlər. Bu gün yatırılan pulu sabah götürmək istəyirlər. Belə ki, hər hansı biznes qurulur, 3 aydan sonra sahibkar artıq gəlir tələb etməyə başlayır. Halbuki normal biznes özünü 3-5 ildən sonra doğruldur və gəlir gətirir. Belə bizneslər Azərbaycanda yoxdur. Şirkətin rəhbərliyinə peşəkar menecer gətirilir. Bir çox hallarda həmin idarəçilərlə sahibkarlar arasında problem yaranır. Çünki 3 ay sonra sahibkar menecerdən “biznesə bu qədər pul qoymuşam, niyə gəlir gətirmir?” deyə izahat tələb edir. Dünyada elə şirkət yoxdur ki, 3 ay ərzində nəhəng biznes qurumuna çevrilsin. Hər birinin tarixində tərəqqi, tənəzzül dövrü olub. Bəzən yerli bizneslərdə plansız hərəkət iflasa gətirib çıxarır”. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir