Koksartroz dayaq-hərəki apparatının xəstlikləri arasında birinci yerlərdən birini tutur.
Bu xəstəlik həmçinin “bud-çanaq oynağının osteoartrozu” adlandırılır. Koksartroz istənilən yaş qrupundan inkişaf edə bilər. Lakin daha tez-tez bu xəstəlik 40 yaşından yuxarı olan insanlarda inkiaşf edir. Hal hazırda həkimlər bu xəstəliyin “cavanlaşmasını” qeyd edir. Xəstəliyə hətta uşaq və yeniyetmələrdə təsadüf edilir.
Xəstəliyin əvvəlində koksartroz cərrahiyə müdaxiləsi olmadan uğurla müalicə oluna bilər. Lakin, təəssüf ki, xəstələr adətən xəstəliyin ilkin mərhələlərində yüngül ağrılara fikir vermir və həkimlərə müraciət etmir. Xəstəlik isə getdikcə inkişaf edir. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsulla müalicə olunur. Bu əməliyyat ağır, travmatik əməliyyatlardan biridir, əməliyyatdan sonra bərpa dövrü də uzun və xəstə üçün çətin olur.
Koksartroz özü-özündən (ilkin koksartroz) və həmçinin digər xəstəliklərin fonunda inkişaf edə bilər. Bu xəstəliklər arasında:
– anadangəlmə bud çıxığı,
– anadangəlmə bud-çanaq oynağının displaziyası,
– müxtəlif travmalar,
– bud-çanaq oynağının iltihabı.
Koksartroz zamanı həm bir, həm də hər iki oynaq zədələnə bilər.
Koksartroz zamanı nə baş verir?
Bud-çanaq oynağı bud və çanaq sümüklərini birləşdirir. Çanaq sümüyündə oyuq var ki, bu oyuğun içərisinə bud sümüyünün yumru baş hissəsi “salınır”. Nəticədə buradan “şarnir” yaranır. Məhz bu “şarnirin” köməyi ilə sağlam bud-çanaq oynağı asanlıqla müxtəlif dövri hərəkətlət icra edir.
Çanaq sümüyünün oyuğu və bud sümüyünün baş hissəsi qığırdaqla örtülmüşdür. Bu qığırdaq xamar və elastikdir. Məhz bu qığırdaq sümüklərin oynağın içərisində asan sürüşməsini təmin edir. Həmçinin bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir.
Qığırdaq xüsusi maye (oynaq mayesi) ifraz edir ki, bu maye oynaqda birləşən sümüklərin səthlərini örtür və bu səthləri sürtünmədən qoruyur. Həmçinin oynaq mayesi qığırdağı nəmləndirir, qidalandırır və qurumaqdan qoruyur.
Koksartroz zamanı oynaq mayesi əvvəl daha qatı olur. Nəticədə qığırdaq qurumağa başlayır, onun səthi nahamar olur, çatlarla örtülür. Vaxt keçdikcə qağırdaq nazilir, oynaqda birləşən sümüklərin arasında olan məsafə kiçilir. Daha sonra qığırdaq toxumu, demək olar tam yox olur və sümüklər biri birinə sürtünməyə başlayır, deformasiya olunur.
Koksartrozun səbəbləri:
– qan dövranının pozulmaları
– oynağın həddən artıq yüklənməsi. Bu peşəkar idmançılarda və həmçinin artıq çəkisi olan insanlarda baş verə bilər.
– mübadilə və hormonal pozulmalar
– travmalar
– oynaqların iltihabları
– onurğa sütunu (skolioz, kifoz) və pəncə (yastıpəncəlik) patologiyaları
– anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyalar (oynağın inkişafının pozulmaları)
– azhərəkətli həyat tərzi. Qığırdaq ona lazım olan qidalı maddələri ətrafdakı toxumalardan alır. Bu toxumaların qanla normal təchiz olunması üçün əzələlər işləməlidir.
– yaş
– irsiyyət. Koksartroz irslə keçmir. Lakin bu xəstəliyə səbəb olan bəzi amillər (skeletin zəifliyi, qığırdaq toxumasının xüsusiyyətləri və s.) irslə keçir. Bu səbəbdən əgər sizin yaxın qohumlarınızda bu pozulma varsa, sizdə də bu xəstəliyin inkişafı riski artmış olur.
Koksartrozun əlamətləri:
– bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar,
– oynağın hərəkətliliyinin pozulması,
– axsama,
– vaxt keçdikcə xəstə ayaq qısalır,
– vaxt keçdikcə xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur, atrofiya olunur (həyat qabiliyyətini itirir).
Xəstəliyin əsas əlaməti ağrılardır. Ağrıların intensivliyi, müddəti və s. xəstəliyin mərhələsindən asılıdır. Xəstəliyin əvvəlində ağrılar zəif olur. Məhz bu səbəbdən xəstələr həkimə getməyə tələsmir. Bu isə çox böyük səhvdir. Nəticədə müalicəsiz buraxılmış xəstəlik inkişaf edir və daha ağır pozulmalara səbəb olur.
Xəstəliyin müalicəsi ilə ortoped məşğul olur. Əsas müayinə üsulu rentgenoloji müayinədir.
Koksartrozun müalicəsi xəstəliyin mərhələsindən asılıdır. 1-ci, 2-ci mərhələlərdə konservativ (dərmanların köməyi ilə) müalicə, 3-cü mərhələsində isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur.
Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar, qığırdağı bərpa edən preparatlar, fizoterapiya istifadə olunur. Koksartrozdan əziyyət çəkən insanlara üzgüçülük çox yaxşı kömək edir.
Nərminə Abbasova
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)
salam,erken yashlarda bud canag oynagina protez edilir mi ve fesadi ne ola biler?