Qiris01

Cavanlıq inyeksiyası

Baxış sayı: 1. 935

Qiris01

Günəş şüaları, gülüş, göz yaşları, fikir – bütün bunlar sifəti qocaldır. Amma, bu gün gözəllik iynəsi adlanan botulotoksin preparatlarının köməyi ilə qırışlardan yaxa qurtarmaq müşkül iş deyil.
Çoxillik tədqiqatların nəticələri sübuta yetirib ki, A tipli botulizm toksini artıq sinir impulslarının qarşısını alır. Həkimlər bundan ruhlanaraq, botulizm toksinlərindən çəpgözlüyün, qeyri-iradi gözqırpmanın və əzələlərin hiperaktivliyi ilə müşayiət olunan bir sıra xəstəliklərin müalicəsində istifadə etməyə başladılar. Yeni dərmanla işləməyə başlayan oftolmoloqlar və nevroloqlar onun qəribə əlavə təsiri ilə qarşılaşdılar: pasiyentlərin gözətrafı və alın qırışları hamarlaşırdı. Estetik təbabət toksinin bu «qabiliyyətindən» bəhrələnməyə başlayıb. Artıq bu gün tərkibində təmizlənmiş və zəiflədilmiş botulik toksini olan preparatlar məhz kosmetologiyada daha fəal tətbiq edilir.
Fransada Dysport, ABŞ-da isə Votox adlı preparat istehsal olunur. Onların tətbiq göstəriciləri demək olar ki, eynidir.

Nəticələr: müsbət və mənfi cəhətlər

Bizim klinikalarda botulotoksinlə sifətin hamarlaşdırılmasına 4-5 ildir başlanılıb. Qərbdə bu metodikaya bizdən xeyli əvvəl müraciət ediblər. Deməli, onların həkimlərinin də, pasiyentlərinin də bu sahədə təcrübəsi çoxdur. Yeri gəlmişkən, botulotoksin preparatları ilə işləyən həkimlərin çoxu onu əvvəlcə özləri üzərində sınayırlar.
Nəticələr bütövlükdə ürəkaçan olsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, hər bir pasiyentin üzündə əzələ və sinirlərin fərdi yerləşmə xüsusiyyəti üzündən bəzən xoşa gəlməz əlavə effektlər yarana bilər. Preparat yerli təsirə malik olduğundan yalnız və yalnız estetik problemin yaranmaq ehtimalı ola bilər.
Əgər inyeksiya düzgün yerinə yetirilibsə, insan öz sifətini çox asan «idarə edə» bilir. Daha «maska effekti» adlandırılan mimikanın pozulması problemi baş qaldırmır.
Nəzəri cəhətdən botulotoksindən bütün qırışlarla mübarizədə istifadə etmək mümkündür. Lakin təcrübə göstərir ki, bu inyeksiyalar sifətin yuxarı hissəsində maksimal effektli və təhlükəsizdir. Qalan zonalarda müxtəlif əzələ və sinir dəstələri bir-birinə çox yaxın yerləşdiyindən xoşagəlməz nəticələrin riski artır.

Həkim məsləhəti hamıya aiddir?

Bəzən adət etdiyin hərəkəti təkrarlamaq istəyi başağrısına səbəb olur. İlk nəticələr prosedurdan bir neçə gün sonra nəzərə çarpır, 3-4 həftə keçəndən sonra isə irəliləyişin 80 faizi özünü göstərir. Heç nəyin dəyişmədiyini israr edən huşsuz və narahat pasiyentlərə həkimlər mütləq onların köhnə fotolarını göstərirlər.
Lakin yaxşı nəticəyə nail olmaq azdır – həmin nəticəni qoruyub saxlamaq lazımdır. Botulotoksinin də təsir müddəti ömürlük deyil. Pasiyentin dərisindən və fərdi hissiyyatından asılı olaraq müalicə öz təsirini yarım ildən çox saxlamır. Yeri gəlmişkən, pasiyent nə qədər cavandırsa, sinir impulslarının əvvəlki fəallığı və onunla əlaqəli olan əzələ yığılmaları daha tez bərpa olunur və sifət öz əvvəlki həyatını yaşamağa başlayır. Qan dövranını yaxşılaşdıran hər hansı prosedur: məsələn, sifətin masajı, gündə qaralma, sauna, eləcə də, bir sıra dərmanlar (məsələn, antibiotiklər) toksinin fəaliyyət müddətini qısaldır.
Dəridə dərin şırımlar artıq yaranıbsa, ya cərrahi üsulla, ya da botulotoksinlə birlikdə xüsusi «hamarlayıcı» preparatlardan istifadə etməklə onlardan qurtulmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir