mektebli

Dərsə gedən bir uşaq… – İlk dərs günündən REPORTAJ

Baxış sayı: 71

“Bilik günü” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayır. Daha sonra meydana Azərbaycanın Dövlət bayrağı gətirilir. Məktəbin direktoru ilk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edir. Pandemiya səbəbilə tədbir keçrilmir. Müəllimlər birinciləri sinif otağına dəvət edirlər.

 

“Uşaqlar, sinif otağı sizi gözləyir”.

Balaca məktəblilər yarı həyəcan, yarı maraqla, kiçik addımlarla sinif otaqlarına doğru addımlayırlar…

Koronavirus səbəbiyə edilən dəyişiklik sadəcə bununla yekunlaşmır. Valideynlərin sinif otaqlarına daxil olması da qadağan edildi. Hə, indi məktəbin həyətində övladının sinif otağından çıxmasını gözləyən onlarla valideyn var. Bəzisi həyəcanlı, bəzisi nigarandır.

“Birinci sinfə gedir qızım. Çox həvəslidir. Gün sayırdı məktəbə gəlmək üçün. Düşünmürəm ki, sinifdə ağlayar. Hazırlığa gələndə artıq həm müəllimini, həm də sinif yoldaşlarını tanıyırdı. Onun üçün çətin olmayacaq alışmaq”.

Bunu Sevinc Adgözəlova deyir. Həvəslə qızını gözləyən Sevinc xanımdan fərqli olaraq Günay xanım nigarandı.

“Oğlum bir dəqiqə də məndən ayrı qala bilmir. İndi çox narahatam ki, birdən sinifdə mənsiz olduğuna görə ağlayar”.

Azər Məmmədov da oğlunu birinci sinfə yola salanlar sırasındadır.

“Düzdü, bu qayda övladlarımızın sağlamlığına görədir. Amma oğlumu parta arxasında görmək, bircə şəklini çəkməyi çox istəyərdim”.

Məktəbin həyətində ancaq birincilərin valideynləridir. Digər valideynlər isə övladlarını məktəbin həyətinə girmədən, elə darvazanın önündə gözləyirlər. Mədinə Mehdiyeva iki övladını məktəbə gətirib:

“Qızım 2, oğlum isə 3-cü sinfə gedir bu il. Pandemiya uşaqların məktəbə gəlmə alışqanlığına çox təsir etdi. Səhər oyada bilmirdim heç birini. Elə ki, məktəbə gəlib sinif yoldaşlarını gördülər o an həvəsləndilər”.

Hə, məktəbin qapısı açılır və birincilər əlində şarla çölə çıxırlar. Sevinclidirlər. Baxışları ilə valdeynini axtaran kim, sinif yoldaşı ilə oynayan kim, sinifdəki təsürratlarını anası ilə bölüşən kim…

Qeyd edək ki, bu gün məktəbə sadəcə ibtidai sinif şagirdləri gedir. Digərləri isə dərsə 29 sentyabrdan başlayacaq. Yeni tədris ilində 158 608 şagird I sinfə qədəm basıb.

“Lent.az”

Fotolar: Emil Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir