Nermine Abbasova

Daimi yorğunluq nə zaman adi halsızlıq, nə zaman xəstəlik əlamətidir?

Baxış sayı: 508

Yorğunluq demək olar ki, hər bir insanın həyatında zaman-zaman yaşadığı haldır. Gərgin iş günü, yuxusuz gecə, uzunmüddətli stress, fiziki fəaliyyətin artması və ya düzgün qidalanmamaq insanın özünü halsız hiss etməsinə səbəb ola bilər. Belə hallarda kifayət qədər istirahət etdikdən sonra enerji bərpa olunur və insan gündəlik fəaliyyətinə normal şəkildə davam edir.

Ancaq yorğunluq davamlı xarakter alırsa, yaxşı yatdıqdan və dincəldikdən sonra belə keçmirsə, gündəlik fəaliyyətə mane olursa, artıq bunun səbəbini araşdırmaq lazımdır.

 

Yorğunluq nə zaman normal hesab oluna bilər?

Əgər yorğunluğun konkret səbəbi varsa və qısa müddət davam edirsə, adətən ciddi narahatlıq üçün əsas olmur. Məsələn, bir neçə gün davam edən yuxusuzluq, intensiv fiziki fəaliyyət, emosional gərginlik və ya iş rejiminin dəyişməsi insanı yorğun sala bilər.

Belə vəziyyətdə əsas məsələ bədənə kifayət qədər istirahət vermək, yuxu rejimini qaydaya salmaq, düzgün qidalanmaq və maye qəbulunu artırmaqdır.

Əgər bundan sonra insan özünü əvvəlki kimi enerjili hiss etməyə başlayırsa, yorğunluğun həyat tərzi ilə əlaqəli olması ehtimalı daha yüksəkdir.

 

Daimi yorğunluq hansı problemlərlə əlaqəli ola bilər?

Uzun müddət davam edən halsızlığın arxasında müxtəlif səbəblər dayana bilər. Bunlara qanazlığı və dəmir çatışmazlığı, qalxanabənzər vəzinin fəaliyyətində dəyişikliklər, bəzi vitamin və mineral çatışmazlıqları, yuxu problemləri, infeksiyalar, şəkər mübadiləsi pozğunluqları və digər sağlamlıq problemləri daxildir.

Bəzən isə insan özünü fiziki cəhətdən yorğun hiss etsə də, əsas səbəb uzunmüddətli stress, emosional gərginlik və ya kifayət qədər keyfiyyətli yuxu almamaq ola bilər.

Məsələn, insan gecə 7-8 saat yata bilər, amma yuxusu tez-tez bölünürsə və ya yuxu keyfiyyəti aşağıdırsa, səhər yenə də yorğun oyana bilər.

 

Dəmir çatışmazlığı yalnız qanazlığı demək deyil

Davamlı yorğunluğun səbəblərindən biri də dəmir çatışmazlığıdır. İnsanlarda bəzən hemoglobin normal olduğu halda dəmir ehtiyatları aşağı ola bilər. Bu səbəbdən səbəbsiz halsızlıq, diqqətin azalması, fiziki fəaliyyət zamanı tez yorulma kimi şikayətlər olduqda yalnız hemoglobin göstəricisinə baxmaq kifayət etməyə bilər.

Həkim şikayətlərə və ümumi vəziyyətə uyğun olaraq qan analizləri və lazım olan digər müayinələri tövsiyə edə bilər.

 

Hansı əlamətlərə diqqət etmək lazımdır?

Yorğunluqla yanaşı başqa əlamətlərin olması vəziyyətə daha ciddi yanaşmağı tələb edir. Xüsusilə:

səbəbsiz çəki itkisi;

uzun müddət davam edən qızdırma;

gecə tərləmələri;

nəfəs darlığı;

sinə ağrısı;

ürəkdöyünmə;

davamlı başgicəllənmə;

rəngin solğunlaşması;

əzələ zəifliyi;

yuxu pozğunluğu;

əhval və düşüncə dəyişiklikləri;

gündəlik işləri yerinə yetirməkdə çətinlik

kimi əlamətlər varsa, həkimə müraciət etmək lazımdır.

Xüsusilə yorğunluq getdikcə artırsa və insan əvvəl rahatlıqla gördüyü işləri artıq yerinə yetirməkdə çətinlik çəkirsə, bunu sadəcə “çox işlədim” deyərək keçişdirmək düzgün deyil.

 

Özbaşına vitamin qəbul etmək çıxış yolu deyil

Daimi yorğunluq yaşayan insanların tez-tez etdiyi səhvlərdən biri səbəbi müəyyən etmədən vitamin və mineral preparatları qəbul etməyə başlamaqdır.

Yorğunluğun səbəbi həqiqətən hansısa çatışmazlıq ola bilər. Lakin hər halsızlıq vitamin çatışmazlığı ilə əlaqəli deyil. Bəzən problemin səbəbi yuxu, stress, hormonal dəyişikliklər, infeksiya və ya başqa sağlamlıq problemi ola bilər.

Ona görə də uzunmüddətli yorğunluqda əsas məqsəd sadəcə enerjini artırmaq yox, bu vəziyyətin nədən yarandığını müəyyən etməkdir.

 

Nə vaxt həkimə müraciət etməli?

Əgər yorğunluq bir neçə həftə davam edirsə, istirahətlə keçmirsə və gündəlik həyatınıza təsir göstərirsə, ailə həkimi və ya terapevtlə məsləhətləşmək məqsədəuyğundur.

Həkim əvvəlcə şikayətləri, yuxu rejimini, qidalanmanı, qəbul edilən dərmanları və digər mümkün səbəbləri qiymətləndirə bilər. Lazım gəldikdə qan analizləri və digər müayinələr təyin olunur.

Yorğunluq bəzən sadəcə orqanizmin istirahətə ehtiyac duyduğunu göstərir. Amma davamlı və səbəbsiz halsızlıq bədənin diqqət tələb edən siqnallarından biri də ola bilər. Əsas məsələ bu iki vəziyyəti bir-birindən ayırmaq və uzun müddət davam edən şikayətləri laqeyd qoymamaqdır.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir