issizlik

Diplomlu məzunlar iş axtarışında – problem əmək bazarındadır, yoxsa…

Baxış sayı: 341

Teleaparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində diqqətçəkən fikir söyləyib. Öncə o, 50 yaşı keçən insanların iş tapmaq problemindən danışıb. “50 yaşdan sonra iş üçün gələndə deyirlər çox yaşlısan. 50 yaşda pensiyaya gedəndə də deyirlər, bunun üçün cavansan”, – deyib.

Aparıcı həmçinin universitet bitirən gənclərin iş tapa bilməməsindən də şikayətlənib: “Tələbələr iş axtaranda deyirlər təcrübə lazımdır. Bölgələrdə yaşayan insanlar çətinlik çəkirlər. 20-21 yaşlı universitet bitirənə deyir təcrübə lazımdır. Bunu özün yarat da. İdarələr diplomlu uşağa deyir ki, get təcrübə yığ gələrsən. Tələbə bunu necə toplasın?”

Azərbaycanlı nisbətən yaşlı insanların və universitet məzunlarının layiqli iş tapmaq problemi təzə deyil. Bu barədə vaxtaşırı yazılıb.

Bəs problemin kökündə nə dayanır, vəziyyət yaxşıya doğru gedir, yoxsa? Ali təhsil ocaqlarımız ölkənin əmək bazarındakı durumu nə dərəcədə ciddiyə alır? Problem əmək bazarındamı? Ümumiyyətlə, vəziyyətdən optimal çıxış yolu necə görünür? Nəhayət, məktəb, valideynlərin bu xüsusda cavabdehlik dərəcəsi nə qədərdir?

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev aşağıdakıları dedi:

“Bu, hazırda biz sosioloqları çox ciddi düşündürən məsələlərdən biridir. Qeyd edim ki, bu problemin bir çox səbəbləri var.

Birincisi, bəzən əmək bazarına uyğun olmayan mütəxəssis hazırlıqları gedir. Yəni, əmək bazarı ilə təhsil mütəxəssisi hazırlığı arasında bir koordinasiya, tələb-təklif olmalıdır. Mütəxəssis hazırlığı əmək bazarına uyğun aparılmalıdır, özü də bu günə görə deyil. Buna bir qədər geniş yanaşmaq lazımdır. Yəni düzgün hesablamaq lazımdır ki, yaxın və orta perspektivdə bizim hansı mütəxəssislərə və nə qədər mütəxəssisə  ehtiyacımız olacaq. İlk növbədə bunu düşünməliyik.

Həmçinin zamanın çağırışına, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığına daha çox üstünlük verməliyik. Təhsil müəssisələri bunu nəzərə almalıdır.

Hesab edirəm ki, həm də müəssisələr sifarişlər verməli, elan etməlidir ki, yaxın və orta perspektivdə hansı mütəxəssislərə ehtiyacı var və təhsil müəssisələri buna uyğun mütəxəssis hazırlamalıdır. Yəni əmək bazarındakı müəssisələr ilə təhsil xidməti arasında belə bir koordinasiya olmalıdır”.

Sosioloq hesab edir ki, əmək bazarındakı müəssisələrin yenicə universitet bitirmiş tələbələrdən əmək stajı tələb etməsi doğru deyil: “Çox təəssüflər olsun ki, universiteti bitirən məzunlar iş üçün müraciət edəndə ondan əmək təcrübəsi tələb edirlər. O zaman sual yaranır, tələbələr 4-cü kursun 2-ci semestrindən etibarən əmək müəssisələrində praktikada olurlar, bəs onda niyə əmək müəssisələri tərəfindən gələcək işə götürmə zamanı bu məsələ nəzərə alınmır? Hesab edirəm ki, bu, ciddi məsələdir və buna nəzər yetirilməlidir. Tələbə əgər praktika keçirsə, ali təhsil müəssisəsində əldə etdiyi bilikləri praktikada tətbiq edirsə, o zaman niyə əmək müəssisələri ondan yenidən işə götürmə zamanı əmək stajı tələb etməlidir. Axı bu, məzundur, nə vaxt işlədi ki, əmək stajı da olsun.

Beləliklə, hesab edirəm ki, əmək müəssisələrinə bu tələbi qoymaq lazımdır ki, universiteti yenicə bitirmiş məzunlardan əmək stajı tələb etməsinlər.

Doğrudur, özəl şirkətlər, qurumlar yüksək ixtisaslı və yaxud yüksək əmək təcrübəsinə malik olan kadr axtarır və bu onların hüququdur. Amma bu o demək deyil ki, bütün əmək müəssisələri yenicə universitet bitirmiş məzunlardan əmək stajı istəsin.

Daha bir məsələ, daha yaxşı olardı ki, əmək bazarındakı müəssisələr təhsil müəssisələri ilə əlaqə qursunlar. Məlum olmalıdır ki, hazırda əmək bazarında daha çox hansı ixtisaslara ehtiyac var. Buna əsasən mütəxəssis hazırlanmalıdır. Həmçinin xaricə tələbə göndərərkən Azərbaycan əmək bazarında tələb olunan sahələr nəzərə alınmalıdır”.

“Valideynlərin bu xüsusda cavabdehlik dərəcəsi nə qədərdir?” sualımıza isə sosioloq bu cür cavab verdi:

“Məlum olduğu kimi, cəmiyyətimizdə əksər valideynlər övladlarının ixtisas seçiminə təsir edir, mane olur. Bəzən nə vaxtsa özünün sahib ola bilmədiyi ixtisasa övladının nail olmasını istəyir. Məsələn, nə vaxtsa hüquqşünas olmaq istəyib, buna nail olmayıb, indi istəyir ki, övladı onun arzusunu yerinə yetirsin və hüquqşünas ixtisasını seçsin. Bu mənada az valideyn var ki, əmək bazarını düşünür, yaxın və orta perspektivi düşünür və övladını bu istiqamətə yönəldə bilir. Hesab edirəm ki, valideynlər çalışmalıdır ki, övladlarına əmək bazarına, yaxın və orta gələcək perspektivə söykənən tövsiyələr versin. Tövsiyə verəndə də övladının daxili potensialını, resurs və imkanlarını, maraq dairəsini nəzərə almalıdır. Çünki bəzən gənclər valideynlərinin göndərdiyi istiqamət üzrə gedir, lakin müəyyən vaxtdan sonra yanlış istiqamətə getdiyini fərq edir. Anlayır ki, onun içərisində hüquqşünas deyil, başqa sahənin adamı gizlənib. Yəni insanın daxilindəki peşə kimliyini də tapmaq lazım gəlir. Bunu valideyn də, məktəb də tapa bilər. Hesab edirəm ki, burada təhsil konsultasiyasına ehtiyac var”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir