valideyn

Döymək tərbiyələndirməyin son çarəsidirmi?

Baxış sayı: 598

Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün çox aktual məsələdir. Hər bir valideyn övladının sağlam, tərbiyəli, həyatsevər və xoşrəftarlı olmasını istəyir. Lakin bəziləri bunu necə etmək lazım olduğunu bilmir.

Təəssüflə qeyd etməliyik ki, mətbuatda, sosial şəbəkələrdə azyaşlı, hətta bir neçə aylıq uşaqların valideynləri, dayələri tərəfindən döyüldüyünə dair xəbərlərlə, görüntülərlə qarşılaşırıq. “Tərbiyə etmək” adı altında uşaqların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Bir Çin atalar sözündə deyildiyi kimi: “Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız ölə bilər, boş buraxsanız uçub gedər.”

Valideynlərin öz uşaqlarını döymələri, onlara zor tətbiq etmələri hallarına hələ də rast gəlinir. Bəs bu cür tərbiyə üsulu nə dərəcədə effektivdir?

EKSPERT: Uşağı döyə-döyə tərbiyələndirmək cəhdi cinayətdir

Sosioloq Əhməd Qəşəmoğlu sözügedən məsələ ilə bağlı bildirdi ki, körpənin gələcək  taleyi onun doğulduğu, formalaşdığı ailədəki  ab-havadan çox  asılıdır: “Hər bir ailə, eyni zamanda, şəxsiyyəti – yəni orada böyüyən körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. İndi bu məktəbdə bir dramatik ab-hava yaranırsa deməli şəxsiyyətin formalaşdırılması, cəmiyyətə hazırlanması prosesi düzgün getmir. Nəticədə bir sıra ailələrdə böyüyən körpələrdə depression vəziyyət yaranır. Ailədə və eyni zamanda cəmiyyətdə yaranmış  gərgin durum uşaqlar arasında belə halların artmasına gətirib çıxarır. Təcili olaraq situasiyadan çıxış yolları axtarılmalıdır. İndiki zamanda valideynlərin uşaqların düzgün tərbiyələndirilməsi mövzusunda bilgisi çox azdır.  Ona görə də valideynlərin özünün də bu mövzuda maariflənməsinə çox böyük ehtiyac var. Elmə əsaslanan fəaliyyət proqramı hazırlanmalı, proqramda valideynlərə necə işləmək lazım olması qeyd olunmalıdır. Təhsil sistemi, qanunvericilikdə hansı dəyişikliklərin edilməsi, uyğun qurumların üzərinə düşən öhdəliklər qeyd edilməlidir. Əgər istəyiriksə keyfiyyətli yeni nəsil  böyüsün o zaman  çalışmalıyıq ki, başqa xalqların, ölkələrin, elmin əldə etdikləri təcrübə barədə məlumatımız olsun. Qeyd edim ki, “Ömrün uğurlu bünövrəsi” adlı kitabımda 6 yaşadək uşaqların necə tərbiyə olunması barədə  çox önəmli məlumatlar  yer alıb. Kitabı oxuyan hər kəs yeni nəslin daha arzu olunan şəkildə formalaşmasına, tərbiyələnməsinə kömək olacaq zəruri biliklər əldə edə bilər.”

 

Valideynlər və dayələr çalışmalıdır ki…

“Uşaqlarımızı necə tərbiyə etməliyik” sualına isə mütəxəssisin cavabı belə oldu: “İlk şərt odur ki, yeniyetmə və gənclərimiz fiziki cəhətdən sağlam olmalıdır. Təəssüf ki, bununla bağlı çoxlu problemlər var. Bu problemlərin bir qismi maddi vəziyyətdən, digər qismi gənclərin davranışından, sağlamlıq mədəniyyətindən, öz sağlamlıqlarını necə qorumasından, bu sahədəki təcrübələrindən asılıdır. Təəssüf ki, bu sahədə nə valideynlər övladlarını lazımi şəkildə maarifləndirə, öyrədə bilir, nə də təhsil sistemi buna önəm verir. İkincisi, bizim gənclərin mənəvi zənginliyinə diqqət ayrılmır. Mənəvi zənginliyin olması üçün insan savadlı olmalıdır. Savad mənəvi zənginlik baxımından çox böyük rol oynayır. Üçüncü şərt də odur ki, bizim yeni nəsildə əməyə yaradıcı münasibət tələbatı üzərində çalışmalıyıq. İnsanlar nə qədər əmək sərf edirlərsə, harada iş görürlərsə, bu işi daha gözəl icra etmək tələbatı yaranmalıdır. Valideynlər və dayələr çalışmalıdır ki, uşaqlar qorxaq böyüməsin. Onlarda liderlik və özgüvən hissi yüksək olsun.  ”

Müəllimlər, baxıcılar uşağa yanaşarkən bədən dilinə, mimikasına, səs toyuna mütləq diqqət etməlidirlər

Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hospitalının pediatr-allerqoloqu  İlahə Həsənli bildirdi ki, uşaqların tərbiyəsi körpə doğulduğu gündən başlayır: “Yəni, ailə ilk olaraq bunun fərqinə varmalıdır. Övladlarımızı tərbiyələndirərkən onların şəxsiyyət olduğunu unutmamalıyıq. Övladlarımızı şəxsiyyət kimi böyüdüb, onlara söz haqqı verib, seçimlərinə hörmət etməli və onları dinləməliyik. Ən əsası isə lazım bildiyinizdə “yox” deməyi bacarmaq lazımdır. Uşağın tərbiyələndirməsində uşağa da işlər tapşırılmalıdır. Məsələn, alış-veriş edən zaman kiçik səbət verib kömək etməsini sevgi ilə istəyə bilərsiniz və qarşılığında ona təşəkkür edib, qucaqlaya bilərsiniz. Bu zaman uşaq özünü ailənin bir fərdi kimi hiss etməyə başlayacaq və gələcəkdə ailəni sevməmək, qəbul etməmək halları olmayacaq. Övladlarımıza özünə dəyər verməyi,  ideal olmaq məcburiyyətində olmadığını, bəzən səhvləri də ola biləcəyini aşılamalıyıq.  Və hər zaman dost kimi yanaşılmalıdır ki, onlar hər bir problemini bizimlə bölüşə bilsinlər.  Müəllimlər, baxıcılar uşağa yanaşarkən bədən dilinə, mimikasına, səs toyuna mütləq diqqət etməlidirlər. Unutmayaq ki, uşaqlar bizim aynamızdır.”

Əgər bir ailədə ruh yüksəkliyi, xoşbəxt aura, sakitlik varsa…

“Nuray” uşaq bağçasının direktoru, psixoloq-pedaqoq Zeynəb Əyyubova isə diqqətə çatdırdı ki, əgər bir ailədə ruh yüksəkliyi, xoşbəxt aura, sakitlik varsa orada böyüyən uşaqlar düzgün yolda tərbiyə olunacaqlar: “Uşaq tərbiyə edərkən eynilik və davamlılıq prosesini nəzərə çatdırmaq istəyirəm. Yəni, körpələrə ilk gündən eyni insanlar baxmalı və davamlı olaraq eyni insanın himayəsində olmalıdır. Tez-tez baş verən dəyişiklik uşaq ruhuna mənfi təsir edir. Bağlanma hissini uşaqda azaldır.”

Həmsöhbətimizin sözlərinə görə, heç bir insan döyə-döyə tərbiyə olunmur: “Uşağı tərbiyə etmək üçün onun vicdanına təsir etmək, toxunmaq lazımdır.  Bundan sonra heç danlamağa da ehtiyac olmayacaq.  Artıq vicdanı düzgün uşaq deyilənlərə adekvat reaksiya verəcək.

Mütəxəssis övladını dayələrə əmanət edən valideynlərə də tövsiyə verib: “Valideynlər araşdırmalıdır ki,  namizəd əvvəl harada çalışıb, əvvəlki iş yerindən təqdimat almalıdır,  dayə olmaq istəyən şəxsin özünün ailəsi, uşağı varmı, onlarla rəftarı hansı səviyyədədir , jesti, mimikası, üz cizgiləri, əsəbi, gərginliyinə diqqət etməlidir. Çünki ilkin baxışdan bədən dili özünü büruzə verir.“

 

Uşağa qarşı istənilən sərt münasibətin ağır sonluqları qaçılmazdır

Həmsöhbətimiz vurğuladı ki, şiddət görməyən və onun şahidi olmayan bir insan özü zorakılıq göstərmir: “Yəni, bu gün döyülən uşaq, sabahın döyən şəxsi olacaq. Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar, depressiya yaradır.  Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Belə uşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər. Nəticədə onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər. Və yaxud da döyülən uşaqlar gələcəkdə döyülməyə qarşı susan olacaqlar. Bu çox böyük travmadır. Bir insan döyülməyə susursa nə qədər özgüvənsiz və tək olduğu bilinir.”

Uşaq harada, nəyi, nə zaman edəcəyinə qərar verə bilmir

“Dərya” Tədris və Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova isə  hesab edir ki, cəmiyyətdə bir neçə ailə tipi  var: “Avtoritar, liberal, hədsiz qoruyucu. Onların hər biri öz uşaqlarını qaydalarına görə tərbiyə edirlər. Hədsiz qoruyucu ailə tipində uşağı o qədər qoruyurlar ki,  uşaq hər hansı cəza, fiziki şiddət görəndə onda stress, qorxu halları yaşanır. Özgüvənsiz olur və istəyir ki, davamlı olaraq valideyni yanında olsun. Liberal ailə tipində isə uşaqların sözünü dinləyərək, onun sözünü önəmsəyərək  övladlarını böyüdürlər. Avtoritar modeldə isə valideynlərin hər ikisi avtoritet olur. Həmin ailələrdə atanın və ya ananın dedikləri keçərli olur. Hədsiz xoşxasiyyətli ailə modeli isə övladlarına hədsiz dərəcədə davranış sərbəstliyi verirlər.  Bu uşaqlardan gözləntilər çox az olur. Uşaqlar səhv etsə belə  valideyn ona heç bir müdaxilə etmir. Əsassız ailə tipində  uşağın elədikləri bəzən çox sərt,  bəzən də çox müsbət reaksiya verirlər. Əsassız valideynlər övladına qarşı mənfi təsir göstərir. Uşaq harada, nəyi, nə zaman edəcəyinə qərar verə bilmir. Mükəmməlliyyətçi ailə tipi isə uşağından hər zaman hər şeyin ən yaxşısını gözləyir. Yəni, robot kimi uşaq böyüdür. Özü ola bilmədiyi bir tipi uşağında yaratmaq istəyir. Güvənverici və dəstəkləyi ailə tipini isə daha uğurlu hesab edirəm. Təəssüf ki, bu model hər ailədə olmur. Cəmiyyətdə daha çox mükəmməliyyətçi ailə tipi var. Bu daha çox sosial  aktiv həyatı olan ailələrdə, psixoloq və müəllim ailələrində olur. Belə ailədə dostluq qurmağa həvəsli və həssas uşaqlar yetişir. Həmin uşaqlar sosial baxımdan taraz və xoşbəxt olurlar, özgüvənləri  və məsuliyyət hissi yüksək olur, onlar yaradıcılıq qabiliyyətinə malik olurlar. Uşaqlar onlara qoyulan qaydaları rədd etmir, əksinə onlara hörmət edir. Sevgi, hörmət, sakitlik və güvən, şəffaflıq olan ailədə uşağın hərəkətlərinin hansının səhv və ya düz olması özü tərəfindən aydınlaşdırılır. “

 

Övladımızı döyərək tərbiyə etmək düzgün metod deyil!

Müsahibimiz vurğuladı ki, heç bir uşağı döymək, incitmək, onun mənliyinə , qüruruna, şəxsiyyətinə toxunacaq hərəkətlər etmək olmaz. Hətta onları küncədə qoymaq olmaz: “Çünki  bu zaman onlarda uşaq şəxsiyyətinin alçaldılması prosesi gedir. Belə olan halda gələcəkdə həmin uşaqdan  yaxşı nəsə gözləmək mənasızdır. Uşağı  döyən zaman  o düşünür ki, mən səhv etdim  və valideynlərim məni döydü. O uşaq  gələcəkdə cəmiyyətə şiddət daşıyacaq və səhv edən hər kəsi döyməyə başlayacaq. Döyülən uşaqlarda özgüvən azalır, sosiallaşma prosesi yavaşlayır, nitq qabilliyyəti zəifləyir, stresi artır, əlləri tərləyir, bədəni əsir yersiz ağrıları olur.  Döyülən uşaq nəyisə, nəyinsə xətrinə edir. Yəni, cəzadan və sizdən qorxaraq edir.”

Həmsöhbətimiz fikirlərini valideynlərə tövsiyələri ilə yekunlaşdırdı: “Övladının gələcəyini düşünən və dünyalar qədər sevən valideynlər uşaqlarınıza zaman ayırın, qoruyun.  Onlar sevgi verin,  diqqət, qayğı göstərin. Çalışmaq lazımdır ki, uşağa şiddət, zorakılıq göstərməyək,  fikirlərimizi daha anlayışlı və mülayim metodlarla  sözlə izah edək. Valideynlər baxıcı seçərkən diqqətli olun və onları onlayn nəzarətdə saxlayırlar.

Qısa təhlil əsasında belə qənaətə gəlirik ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər «Öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm» fikrindən əl çəkməli və məsuliyyətini anlamalı və hüquqlarından sərt şəkildə istifadə etməməlidir.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir