Aile

Dünyaya örnək ailə modelimiz və onun problemləri

Baxış sayı: 2. 289

Cəmiyyətin inkişafı ailədən “su içir” deyirlər. Ailəni cəmiyyətin təməl daşı adlandıran mütəfəkkirlərin fikrincə, ailədə münasibətlər necə formalaşırsa bu özünü ictimai münasibətlərdə əks etdirir. Odur ki, ailənin sağlam təməl üzərində qurulmasının, cəmiyyətin, dövlətin inkişadında rolu danılmazdır. Bu gün də ailə, vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən sayılır. Bu mənada Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən tarix boyu öz simasını itirməyib. Qərb dünyasında ailə institutu  deformasiyaya uğradığı bir vaxtda, bizdə ailə dəyərlərinin hələdə qorunub saxlaması, Azərbaycan xalqına xas ən müqəddəs xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq, ailəyə  hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institututunun dağılmaması üçün xalq kimi yeri gələndə mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda  ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkədə elə buna görə də, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir. Amma  əlbəttə ki, qloballaşma, inteqrasiya mədəniyyətlərin qovuşması və digər bu kimi tendensiyalar, ailələrə yeni keyfiyyətlər gətirməklə bərabər bəzi arzuolunmaz fəsadlara da yol açır. Nəticədə ailələrin dağılması prosesi baş verir. Bu isə bütövlükdə cəmiyyətdə tənəzzül hallarına və əvəzedici nəslin təlim-tərbiyəsinə mənfi təsir edir. Bu gün ailə institumuzla bağlı cəmiyyəti narahat edən əsas məsələlər qurulan ailələrin, rəsmiləşdirilən nikahların bəzən uğursuz nəticələnməsidirsə, digər problem ailələrdə məişət zorakılığı hallarının baş verməsidir. Elə məişət zorakılığı özü, ailələrin dağılmasına gətirib çıxaran əsas səbəblərdən biridir.

 

Azərbaycan ailələri… mövcud vəziyyət, problemlər…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da deyir ki, bu gün boşanmaların əsas səbəbi məişət zorakılığıdır: “Ailə qurmaq kimi, boşanmaq da insanların şəxsi seçimidir. Komitə ailə qurduqdan bir müddət sonra ayrılmağa qərar verənlərə qarşı çıxıb onların bu seçimini əngəlləyə və qarşısını ala bilməz. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, boşanmalarla mübarizə aparmır. Ailələrin möhkəmləndirilməsi istiqamətində iş aparır. Bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilir. Komitə ailələrin dağılma səbəbini araşdırmaq üçün monitorinq aparır. Nikaha xitam verənlər əsasən xasiyyətlərinin uyğun gəlmədiyi üçün ayrıldıqlarını söyləyirlər. Amma bu reallıqda əsas səbəb deyil. Bu gün boşanmaların əsas səbəbi məişət zorakılığıdır. Bundan sonra narkotik aludəçiliyi, sonsuzluq, alkoqollu içkilərdən asılılıq,məşğulluq problemləri durur. Əlbəttə xasiyyət uyğunsuzluğu da bir səbəbdir. Əksər boşanma hallarında bu səbəb göstərilsə də, araşdırma təsdiqləyir ki, çox vaxt ayrılanlar ailədə zorakılığın olduğunu və digər səbəbləri açıb demirlər”.
Komitə səlahiyyətlisinin sözlərinə görə, araşdırmalar nəticəsində boşanma hallarının baş verməsində son illər qadınların məişət zorakılığı zamanı öz hüququnu müdafiə etməsi, zorakılıq halları ilə barışmamasının da əsas rol oynadığı üzə çıxıb: “ İndi qadınların əksəriyyəti zorakılıqsız, sərbəst həyat yaşamağa üstünlük verirlər. İllər öncə zorakılıq hadisəsi zamanı bununla razılaşan qadınlar bu gün, ailədə iqtisadi, fiziki, psixi zorakılıqlar zamanı öz hüquqlarını tələb edirlər. Bu da çox təəssüf ki, nəticədə ailələrin dağılmasına gətirib çıxardır. Bugünki, Azərbaycan qadınları, illər öncəki qadınlar kimi düşünmürlər. Əvvəllər ailədə münaqişə olduqda, zorakılıq hadisəsi zamanı qadın övladını, cəmiyyətin ona yanaşmasını, ailənin qorunmasını düşünürdü. Loru dildə desək, susub otururdu. Amma  bugün isə qadınlar öz təhlükəsizliklərini düşünürlər”.
E. Səfərov deyir ki, boşanmaların qarşısının alınması üçün yalnız bir qurumun iş aparması problemin həllini təmin etmir: “Mən yuxarıda boşanmalara səbəb olan əsas amilləri sadaladım. Aidiyyatı qurumlar həmin məsələlərlə bağlı tədbir görməlidirlər. Ailədə sonsuzluq üzündən boşanmanın qarşısının alınması üçün sağlamlıqla bağlı tədbirlər görülməli, işsizlik üzündən münaqişə varsa məşğulluq problemi aradan qaldırılmalıdır”.
Şöbə müdiri boşanmaların qeydə alınmasında tələsik nikahların da payı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, dağılan ailələr arasında tanış olduqdan qısa müddət sonra evlənmək qərarı verənlər də az deyil: “İnsanlar çox təəssüf ki, bəzən ailənin məsuliyyətini dərk etmirlər. Bu gün tanış olub, üstündən iki ay keçən kimi ailə qururlar. Biri-birinin xasiyyətini tam anlamamış qurulan ailələr uzunömürlü olmur”.

 

Ailə dəyərlərimiz necə təbliğ olunur?

Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə  Məmmədova deyir ki, təmsil etdiyi qurum tərəfindən hər zaman cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin təbliği məqsədilə layihələr keçirilir.  Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan ailəsi bu gün də, dünyada ən yaxşı ailə modellərindən hesab olunur: “Bu gün dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühim məsələlərdəndir. Hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə var. Hər il orta hesabla ölkədə 80 mindən çox nikah qurulur. Ailənin inkişafı və sosial müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Bizim Komitə gənc nəsil arasında ailədaxili münasibətlərin,ailə dəyərlərinin, yaşlı nəsilə hörmət və məhəbbətin qorunub saxlanılması istiqamətində layihələr həyata keçirir. 15 may Beynəlxalq Ailə Gününün qeyd olunması artıq ölkəmizdə ənənəyə çevrilib. Ailə dəyərlərimizin qorunub saxlanılması sahəsində görülən marifləndirmə işlərinin mühim hissəsi kimi 2009-cu ildən başlayaraq “Azərbaycan ailəsi” qısametrajlı film festifvalı uğurla davam etdirilir.  2014-cü ildən isə bu festival çərçivəsində “Həyatdan şəkilə” adlı foto müsabiqə də həyata keçirilir”.

G.Məmmədova ailələrin uzunömürlü olması, ailələrdə məişət zorakılığının qarşısının alınması üçün mütəmadi gənc nəsillə, gənc ailələrlə görüşlər keçirildiyini söyləyir. Onun sözlərinə görə, yeni qurulacaq ailələrin möhkəmliyi, gənclərin zərərli vərdişlərdən uzaq durması üçün hərbi hissələrdə də əsgərlərlə görüşlər təşkil olunur, bu istiqamətdə marifləndirmə işləri aparılır: “Biz məktəblərdə də layihələr həyata keçiririk. Mən həyatı seçirəm” adlı layihə, yuxarı sinif şagirdləri və valideynlərlə birgə təşkil olunur. Layihə çərçivəsində valideyn-uşaq münasibətləri, müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması, ailədə baş verən konfliktlərdən necə qorunmalı, yeniyetmə dövrünün çətinlikləri və onların profilaktik həlli, reproduktiv sağlamlıq, zərərli vərdişlərə qarşı mübarizə, internet təhlükəsizliyi, hüquqi məsələlərlə bağlı marifləndirmə və müzakirələr aparılır. Komitə  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Qadınlar və kişilər seçilərək hüquqi maarifləndirmə və seminarlara cəlb olunur”.
Komitə səlahiyyətlisi deyir ki, bu gün təmsil etdiyi qurumun tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Həmin  Mərkəzlər bölgələrdə ailə dəyərlərinin təbliği, məişət zorakılığının və erkən nikahların qarşısının alınması, eləcə də digər istiqamətlərdə işlər həyata keçirir”.

 

Görülən işlər səmərə verir, amma…


Elə ekspertlər də bu gün aidiyyatı qurumların, QHT-lərin əsas gücü ailə dəyərlərimizin təbliği, ailə institumuzun qorunması istiqamətində fəaliyyətə sərf etməli olduğunu söyləyirlər.  Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva bizimlə söhbətində qloballaşma dövründə ailə dəyərlərinin illər öncə olduğu kimi qoruyub saxlamağın çətin olduğunu söyləyir. Onun sözlərinə görə, Avropaya inteqrasiya, İKT-nin inkişafı,  ailələrə təsirsiz ötüşmür: “Mən hesab edirəm ki, bu gün ailələrin uzunömürlü olması,  boşanmaların, məişət zorakılığının qarşısını alması üçün çıxış yolu maarifləndirmə və təbliğatın gücləndirilməsindədir. Azərbaycanda bu işlə məşğul olan bir dövlət qurumu fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə əsas dövlət siyasətini həyata keçirir. Bu çox mühim addımdır. Biz yüksək dəyərlərin saxlanıldığı cəmiyyət, güclü dövlət qurmaq istəyiriksə, mütləq ailələr sağlam təməl üzərində qurulmalıdır. Bunun üçün isə ailə dəyərlərimiz təbliğ olunmalı, Azərbaycan ailə modeli qorunub-saxlanılmalıdır. İllər öncə erkən nikahlar cəmiyyət üçün ciddi problem idi. Amma Komitənin apardığı işlər, qanunvericiliyə dəyişikliklər sayəsində bu gün erkən nikahların sayında əhəmiyyətli dərəcədə azalma var. Mən hesab edirəm ki, Komitə bu problemin qarşısını almaq üçün tədbirləri davam etdirməlidir.

 

“Məktəb direktorları erkən nikah hallarını bilə-bilə gizlədirlərsə…”

Amma bir qurumun iş görməsi ilə də, vəziyyəti düzəltmək, problemi aradan qaldırmaq mümkün deyil. Bu gün bəzi məktəb direktorları erkən nikah hallarını bilə-bilə gizlədirlər. Halbuki, qız uşaqlarının təhsildən yayınması məktəb direktorları üçün SOS siqnalı olmalıdır. Nikaha daxil olmaq üçün yaş həddini artırdıq. Amma çox təəssüf ki, bu gün hələ də molla kəbininə üstünlük verən ailələr var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tövsiyyə yox, rəsmi nikah olmadan dini kəbin kəsməyin yasaq olduğunu qanuna salmalıdır. Bu cür problemlər aradan qalxsa Komitənin, bu istiqamətdə layihə həyata keçirən QHT-lərin gördüyü işlər səmərə verər. Mən Komitənin hərbi hissələrdə ailə dəyərlərimizin təbliği, digər marifləndirmə tədbirlərini dəstəkləyirəm. Amma iş bununla bitmir. Sabah həqiqi hərbi xidməti başa vuran gəncin zərərli dini sektalara qoşulmaması,digəq qanunsuz əməllərə qurşanmaması, əsl ailə başçısı olması üçün onların məşğulluğu istiqamətində də işlər görülməlidir”.
Həmsöhbətimiz deyir ki, məişət zorakılığı qurbanlarının reablitasiyası istiqamətində də görülən işlər təqdirəlayiqdir: “Nəzərə almaq lazımdır ki, bu cür tədbirlərə məişət zorakılığına məruz qalmış qurbanlar qatılır”.

 

Qadın hüquqları istiqamətində yalnış marifləndirmə ailələrdə münaqişəyə səbəb olur…

Birlik sədri bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının müxtəlif layihə çərçivəsində marifləndirmə və təbliğat işlərinin çox vacib olduğunu söyləyir: “Çox təəssüf ki, bəzi yeni yaranan QHT-lərin təlimçiləri qadınlara onların hüquqlarını düzgün başa sala bilmir. Qadın hüquqları barədə marifləndirmə işi aparanda, elə təbliğat qurmaq olmaz ki, ailədə əsas söz sahibi qadın olmalıdır. Bəzi yeni yaranan QHT təlimçiləri bu işdə nöqsanlara yol verirlər. Nəticədə qadın hesab edir ki, ailədə onun dediyi olmalıdır. Bu zaman Azərbaycanda mental dəyərləri, adət-ənənələri, Azərbaycan kişisinin  ailədə uzun illər tutduğu mövqeyi unutmaq olmaz. Bu cür səhv marifləndirmə ailələrdə ər-arvad arasında münaqişələrə, daha sonra boşanmalara qədər gətirib çıxardır. Ona görə də, qadın hüquqları ilə bağlı marifləndirməni də peşəkarlar aparmalıdır”.

Deputat: “Azərbaycan ailəsinə məxsus xüsusiyyətlərin  təbliği səmərə verir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Assambleyanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, millət vəkili Sahibə Qafarova da cəmiyyətin sağlam münasibətlər üzərində inkişaf etməsi üçün ailə institumuzun qorunub saxlanılmasını, ailə dəyərlərimizin təbliğini vacib sayır. Həmsöhbətimiz deyir ki, bu istiqamətdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi böyük işlər görür: “Komitənin bu istiqamətdə həyata keçirdiyi layihə və treninqlərin məqsədi də, məhz cəmiyyətdə neqativ hallara yol açan boşanmaların, məişət zorakılığının qarşısını almaqdır. Bu gün Komitə regionlarda bununla bağlı ciddi marifləndirmə işləri aparır. Bütün bunlar cəmiyyətdə sağlam təməllər üzərində qurulan, uzunömürlü ailələrin sayının artmasına öz müsbət təsirini göstərir. Elə götürək Ailə Gününün bayram edilməsini… Bu bayram Azərbaycan ailəsinə məxsus xüsusiyyətləri ortaya qoyur, təbliğ edir. Bu cür tədbirlərin gənc nəslin o ruhda tərbiyə olunmasında rolu böyükdür. Azərbaycan ailəsinin xüsusiyyətlərinin, hansı dəyərlər üzərində qurulmasının təbliğinin müsbət əhəmiyyəti var. Bu gün Azərbaycan ailə modelinin xarici ölkələrdə təbliği istiqamətində də Komitə əhəmiyyətli işlərə imza atıb. Komitə bu gün gender bərabərliyinin təbliği ilə yanaşı, ailə dəyərlərimizi də vaxtaşırı təbliğ edir. Aparılan işlər, həyata keçirilən layihələr sözsüz ki, öz səmərəsini verir. Erkən nikahların sayının azalmasında Komitənin böyük rolu var. Düşünürəm ki, ailə institumuz, nümunəvi ailələrimiz hər zaman təbliğ olunmalıdır ki, ailələr də uzunömürlü olsun. Ailə “pis olarsa boşanaram” düşüncəsi ilə qurulmamalıdır. Bunun üçün isə ailə dəyərlərimizin, ailə modelimizin təbliği daim davam etdirilməlidir. Çünki qloballaşma və modernləşmə şəraitində ailə dəyərlərinin zəifləməsi müşahidə olunur. Bunun qarşısını almaq üçün təbliğat və marifləndirmə işləri aparılmalıdır ki, sağlam cəmiyyət qurmaq mümkün olsun”.

 

Uzunömürlü ailələrimiz gənclərə nümunə olmalıdır

Ailə institumuz yad təsirlər üzündən bəzi mənfi dəyişikliklərə səbəb olsa da, uzunömürlüyü ilə gənclərə örnək sayılan ailələrimiz də çoxdur. Elə Şəki rayonunun Daşbulaq kəndinin sakinləri, Güllü nənə ilə Adil baba da belə nümunəvi ailələrdəndir. 6 övlad sahibi olan bu ər-arvadın 18 nəvəsi, 5 nəticəsi var. Ömürlərin 79-cu qışını yaşayan bu ixtiyarlarlarla söhbət zamanı uğurlu ailə resseptlərinin sirrini açmalarını xahiş etdik: Elə bir sirri yoxdur ay qızım, deyə sualımıza cavab verən Adil Hüseynov ailələrinin uzunömürlü olmasını ailə dəyərlərimizi yaşatmaları, bütün əziyyətlərə birgə qatlaşmaları ilə izah etdi: “Biz həmişə böyük-sözünə qulaq asıb hərəkət etmişik. Dədə-babadan ailəni hər söz-söhbətə görə dağıtmazlar deyiblər. Ailə kiçik dövlətdir. Hər ailədə söz-söhbət olur. Amma gərək hər kiçik sözü böyütməyəsən. Mən bir ailə başçısı kimi, həmişə rəhmətlik atam təki evi, ailəni idarə etməyə çalışmışam. Bizim ailədə heç kəs böyük məsləhəti olmadan iş tutmur. Güllü mənim 63 ildir ki, ömür-gün yoldaşımdır. Bütün çətinliyi birgə dəf etmişik. Ailənin uzunömürlü olması üçün yeri gələndə güzəştə getmək də lazımdır. Əgər indi ailə quran gənclər bu ənənələri yaşatsalar, öz balaları ilə birgə bizim kimi talehin yazdığı qədər biryerdə olalar”.

Beləcə, bir çox millətlərin qibtə hissi ilə baxdığı Azərbaycan ailələri hələ də öz çoxəsirlik dəyərlərini qoruyaraq saxlamağa müvəffəq olublar. Unutmayaq ki, normal cəmiyyət qurmaq üçün möhkəm, uzunömürlü ailələrin olması şərtdir.
Zülfiyyə QULİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir