ayaqqabi

Eleqantlıq və komfort bir arada

Baxış sayı: 439

Hələ inanmaq çətindir, amma soyuq havalarla vidalaşacağımıza, nəhayət baharın gəlişinə çox az qalıb. Bu o deməkdir ki, uzunboğaz, içi xəzli çəkmələr daha yüngül və zərif ayaqqabılarla əvəz edilə bilər. Yaz obrazını hündürdaban ayaqqabılarsız təsəvvür etmək mümkün deyil. Ona görə ki, isti havaların gəlişi ilə zərif cinsin nümayəndələri həmişəkindən çox bəzənib-düzənməyə can atır, sözsüz ki, incə obrazı heç nə hündürdaban ayaqqabıdan daha yaxşı tamamlaya bilməz. Bunun üçün bəzən rahatlığımızı qurban verməli oluruq, dizaynerlər belə hallarda çıxış yolu kimi, qalın dabanlı ayaqqabıları təklif ediblər. Onlarda nazik stilettolarla müqayisədə özünüzü daha inamlı hiss edəcəksiniz və görünüşünüz yenə də eyni dərəcədə zərif olacaq.

Qalın dabanlı ayaqqabılar yaz trendlərindən biri olmağa namizəddir.

Mövsümün əsas modeli əlbəttə ki, “Meri-Ceyn” ayaqqabılarıdır. Mass-market brendlərinin kolleksiyaları kvadrat və ya yuvarlaq burunlu, ön hissəsi platformalı, hündürdaban və biləkdə kəməri olan ayaqqabılarla doludur. Ayaqqabını üstünlüklərinizə və qarderobunuzda olan geyimlərə əsasən seçməlisiniz, çünki yeni bir məhsul heç bir problemsiz istənilən geyiminizlə uyğunlaşmalıdır. Üstəlik, bu cür ayaqqabıları onlarla müxtəlif üsullarla geyə bilərsiniz: iş kostyumu, trikotaj, hətta rahat bir cins şalvar və uzun qollu köynəklərlə.

Ancaq nədənsə “Meri Ceyn” toqqasını bəyənmirsinizsə, mövcud variantlar arasında eyni dərəcədə zərif alternativlər var. Xüsusilə lakonik dizaynı olan bir model istənilən stil üçün universal bəzək olacaq. Digər maraqlı variant isə formasına görə loferləri xatırladan hündür və qalın dabanlı ayaqqabılardır. Rahatlıq və zəriflik arasında bundan mükəmməl kompromis tapa bilməzsiniz.

Ən funksionalı qara ayaqqabılardır. Bunlar istər növbəti, istərsə də başqa mövsümdə öz aktuallığını itirmək riski daşımır və heç bir sorğu-sualsız istənilən obraza yaraşırlar. Bununla belə, alternativ çalarları arasında tünd mavi, tünd qırmızı, qəhvəyi və qrafit bozu nəzərdən qaçırmamağı tövsiyə edirik. Yazda daha yumşaq rənglərə üstünlük verənlər də diqqətdən kənar qalmayacaq. Belə ki, çəhrayı, mavi, açıq yasəmən və açıq yaşıl seçimlərə diqqət yetirməyi təklif edirik. Daban hündürlüyünü də zövqünüzə görə seçin: hündür bəyənmirsinizsə, alçaq dabanlı ayaqqabılar gözəl alternativ olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir