ELSAD MIRI

Elşad Miri: “Orucu yuxuda keçirənlər onun savabını da yuxuda görərlər” – “OXUCULAR SORUŞUR”

Baxış sayı: 5. 791

Ramazan ayının başlaması oruc tutan və bu arzuda olan insanları düşündürən bir çox sualları yenidən gündəmə gətirməkdədir. Son bir neçə gündə saytımıza bu mövzuda ünvanlanan suallar “Oxucular soruşur” rubrikasında Elşad Miri ilə söhbətləşməyimizi, oxuculaımızdan gələn sualları tanınmış ilahiyyatçıya ünvanlamğımızı şərtləndirdi.

 

— Ramazan ayında toy etmək nə qədər məqsədə uyğundur?

— Şəxsən mən Ramazan ayında dəfələrlə toy şənliklərində olmuşam. Bu ayda toy etməklə bağlı dinimizdə heç bir qadağa yoxdur. Spirtli içki verilmirsə, toy etmək olar. Ümumiyyətlə, insanlarda belə bir yanlış təsəvvür var ki, guya digər aylarda spirtli içki içmək olar, amma Ramazan ayında yox. Halbuki heç bir halda içkidən istifadə olunmamalıdır.

 

—İynə vurduran insan oruc tuta bilərmi?

— Qidalandırcı, vitamin deyilsə, iynə vurdurmaq olar. Buna heç bir qadağa yoxdur. Əsas odur ki, burda məqsəd bədəni qidalandırmaq yox, sağlamlığını qorumaq olsun.

 

— Ağızı, burunu yaxalamaq orucu batil edirmi? İnsan tüpürcəyini udarsa bunun orucun pozulmasına hansısa təsiri olarmı?

— Bu halların heç biri orucu batil etmir. Dişləri diş məcunundan istifadə etməklə fırçalamağa heç bir qadağa yoxdur. Hətta ağzınızdakı suyu udsanız belə, bu hal orucun pozulması demək deyil, çünki orucu ancaq bilərəkdən yemək, içmək və cinsi münasibətdə olmaq pozur.

ELSAD M

— İslamın hansı təriqəti əsl şəriətə uyğundur?

— Heç biri. Çünki, hər bir təriqət deyir ki, mən ən doğrusuyam. Təriqət və məzhəb fərqli şeylərdir. Əslinə qalsa ərəb dilində ikisi də yol deməkdir. Məzhəb iki cür anlaşılır. Biri var əməli məzhəblər, biri də var, etiqadi məzhəblər. Təriqətlər isə XI əsrdən ortaya çıxıb. Onlar daha çox sufiliklə bağlıdır, nəqşibəndilər, xəlvətiyyə və s. təriqətlərdir. Məzhəblərin isə əsas iki qolu var, şiə və sünni. Hər iki məzhəbin də qolları var. Hər bir təriqət və məzhəb özünün ən doğru olduğunu bildirir. Ən doğru olanı Qurani-Kərimə əsaslanan İslam anlayışıdır. Lazım olsa, peyğəmbərin dövründə də məzhəblər, təriqətlər ortaya çıxardı. Məzhəblərin özləri də öz həqiqətlərini peyğəmbər, İslamla əlaqələndirməyə çalışırlar və peyğəmbər dövründən çıxdığını iddia edirlər. Ona görə də, deyə bilərəm ki, bu gün demək olmaz məzhəb anlayışlarının hansısa doğrudur, hansınınsa arxasınca getmək olar. Bu gün məzhəblərə, təriqətlərə baxdıqda görürük ki, onlar müəyyən qrupların, şəxslərin arxasınca gedir. Özlərini onların davamçıları kimi aparırlar. Bəzi insanlar bilərəkdən və bilməyərəkdən bəzi ölkələrin və şəxslərin quluna çevrilmiş olur.

 

— Orucumuzu su və xurma ilə açmaq mütləqdir?

— Orucun mütləq xurma ilə açılmalı olduğunu iddia etmək dindən istifadə etmək, onu oyuncağa çevirməkdən başqa bir şey deyil. Bu, sadəcə kiminsə biznesini inkişaf etdirmək üçün ortaya atılan bir şeydir. Son vaxtlar “peyğəmbər xurması” ifadəsini çox eşidirik. “Peyğəmbər xurması” nə deməkdir? Bunu hardan çıxardırlar? O vaxt Peyğəmbərimiz Ərəbistanda yaşadığı üçün xurma ilə açırdısa, bu o anlama gəlmir ki, oruc birmənalı şəkildə xurma ilə açılmalıdır. Bəlkə Azərbaycanda yaşasaydı, Quba alması ilə açacaqdı.

 

— Bəzi insanlar orucu yataraq keçirirlər, digərləri isə əksinə, ağır işlə məşğul olurlar, onların savabı arasında fərq olurmu?

— Bu haqda vaxtilə dediyim sözlərdən biri bir az səhv anlaşılmışdı, amma dediyim fikirlər heç də yanlış deyildi. Orucu yuxuda keçirənlər onun savabını da yuxuda görərlər. Ramazan ayının əsas gözəlliklərindən biri də ac qalan insanların halını anlaya bilməyimizdir ki, yatdıqda bunu başa düşmək mümkün olmur. Əgər məqsəd aclığın qarşısını almaqdırsa, düzgün deyil. Məqsəd bu deyilsə, yatmaq olar.

 

— Orucluq ayına pəhriz fürsəti kimi baxanlar da mövcuddur, o niyyətlə tutulan oruc qəbul olurmu?

—  Təbii, bu heç də doğru deyil. Ramazan Quran ayıdır, pəhriz ayı deyil. Necə ki, namaz qılmağa idman kimi baxmaq olmaz. Yəni həm namaz, həm də oruc Allah tərəfindən vacib buyurulduğu üçün həyata keçirilməlidir. Məqsəd sırf ibadət olmalıdır. İbaadət səmimi və Peyğəmbərin etdiyi kimi olmalıdır.

 Elsad miri

— Oruc tutmaq istəyən azyaşlılar da var ki, bəzən valideynləri onlara icazə vermirlər. Uşaqlar hansı yaşdan oruca təşviq edilməlidir?

— Əgər uşağın bunu istəyi varsa, qarşısını almaq lazım deyil. Əksinə, hətta bəzən uşaqları buna həvəsləndirmək üçün müəyyən manevrlər etmək lazımdır.

 

 

Hazırladı: Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir