er arvad

Evlilikdə yaş fərqi hansı problemlərə səbəb olur – EVLİLİK TERAPEVTİ YAZIR

Baxış sayı: 3. 073

Müasir dövrdə, xüsusilə də, ulduzlar aləmində sevgi münasibətlərində yaş fərqi nəzərə alınmır. Eşqin gözünün  kor olduğunu iddia edənlər sevginin bütün maneələri aradan qaldırmağa qadir olduğuna inananlardır.

Ancaq bu fikirlər real həyatla uyğunlaşmır. Təəssüf ki, eşq nə qədər böyük olsa da, müəyyən müddət sonra aradakı yaş bəzi problemlərin yaranmasına gətirib çıxarır.

Evlilik terapevti və Türkiyənin Cinsi Sağlamlıq İnstitutu Dərnəyinin rəhbəri Cem Keçənin bu mövzuda qələmə aldığı maraqlı məqaləni təqdim edirik:

“Önəmli olan eşqdir!”, “Sevən insan üçün yaş fərqi problem deyil!”, – deyənlər də var,  “Bir neçə il sonra eşq bitdikdə nə olacaq?”, “Uşağım atasına baba deyəcək?” , – kimi fikirlərlə böyük yaş fərqini tənqid edənlər də…

Son illər qadın və kişi münasibətlərindən söhbət açıldıqda ən çox yaş fərqi mövzusu müzakirəyə çıxarılır. Çoxluq ər-arvad arasında yaş fərqinin olmamasının tərəfdarıdır.

İnsanlar yaş fərqinə rəğmən bir-birilərini dəlicəsinə sevə bilərlər. Ancaq bu sevgi onları gələcəkdə yaşayacaqları problemlərdən siğortalaya bilməz. İlk günlərin həyəcanı keçib gedən kimi bəzi həqiqətlər yavaş-yavaş su üzünə çıxmağa başlayacaq. Düzdür, bütün sevgililər və ya evli cütlüklər arasında mübahisə olur. Ancaq yaş fərqindən qaynaqlanan münaqişələr bir az daha fərqlidir.

Tərəflərdən biri digərindən 10-20 yaş böyükdürsə, böyük ehtimalla aşağıdakı problemlərə görə tez-tez dava etməli olacaqlar:

1.Səbirsiz olmaq

Əgər partnyorunuzdan yaşca böyüksünüzsə, onun müəyyən hərəkətləri, davranışları, hətta danışıq tərzi sizi qıcıqlandıra bilər.

Çünki onun indi getdiyi yolları siz çoxdan qayıtmısınız.  Ona görə də səhvləri bağışlamaq sizə çətin gələ bilər. Bu vəziyyət müəyyən müddət sonra əlaqələrinizə zərər verəcək. Sizin soyuq münasibətiniz və aqressiv davranışınız həyat yoldaşınızın nəzərindən yayınmayacaq və o, buna reaksiya göstərəcək. Bir sözlə, ayrılmaq üçün partnyorunuzun əlinə bəhanə vermiş olacaqsınız.

2. Maddi güc

Adətən yaşca böyük olan tərəf maddi baxımdan da güclü olur. Ancaq pul həmişə xoşbəxtlik gətirmir. Mütəmadi olaraq partnyoru üçün pul xərcləməli olan qadın və ya kişi bir müddət sonra özünü pis hiss edir. Qarşı tərəfin yalnız pula dəyər verdiyi üçün onunla birlikdə olduğunu düşünüb əsəbiləşir. Nəticədə evlilik və eşq xoşbəxtlik deyil, əzab verməyə başlayır.

3. Valideyn kimi davranmaq

Yaş demək, təcrübə deməkdir. Evlilik və ya sevgili münasibətlərində tərəflərdən biri yaşlı olduqda qarşı tərəfi öz övladı kimi görməyə başlayır. Tövsiyələr, məsləhətlər verərək sevgilisini qorumaq istəyir. Ancaq bu davranış qarşı tərəfin xoşuna gəlməyə bilər. Çünki məsləhət, tövsiyə vermək valideynlərin və dostların işidir. Sevgili isə insanı çərçəvəyə salmamalıdır. Təəssüf ki, aralarında yaş fərqi olan cütlüklər istəsələr də belə problemlərdən yaxa qurtara bilmirlər. Yaş öz sözünü deyir.

4. Son söz böyüyündür?

Yaş artdıqca insanın xarakteri formalaşır və öz addımlarından daha çox əmin olmağa başlayır. Ona görə də müəyyən yaşdan sonra insanlar fikirlərini diqtə etməyə meyilli olurlar. Ancaq sevgili münasibətlərində bu yolverilməzdir. Qərarlar ortaq şəkildə qəbul edilməlidir. Əks təqdirdə qarşı tərəf özünü alçaldılmış hiss edə bilər. Bu isə münasibətin bitməsi üçün kifayət qədər böyük səbəbdir.

5. Cinsi baxımdan təmin edə bilməmək

Yaşca böyük olanlar gənc partnyorlarını cinsi baxımdan təmin edə bilmədiklərini düşünə bilərlər. Bu qorxu cinsi performansın zəifləməsinə, orqazm ola bilməməyə, cinsi istəksizliyə və erreksiya problemlərinə səbəb ola bilər. Ona görə də əgər sağlamlıq problemi yoxdursa, cinsi baxımdan təmin etməmək fikri yaddan çıxarılmalıdır.

6. Qadın və kişinin cinsi həyat müddəti

Cütlüklər arasında yaş fərqindən qaynaqlanan ən böyük problemlərdən biri də cinsi həyat müddəti ilə əlaqəlidir. Kişilər andropoz (klimaks) dövründə cinsi həyatdan soyuyurlar. Qadınlarda isə klimaks orta hesabla, 48 yaşdan sonra başlayır. Əgər qadın həyat yoldaşından böyükdürsə və ər uşaq istəyirsə, bu problemə səbəb olacaq. Çünki klimaksdan sonra qadınların hamilə qalmaq ehtimalları sıfırdır.

Tək problem uşaq da deyil. Hər iki cinsdə də klimaks cinsi istəksizliyə səbəb olur. Qadınlarda həmçinin, vaginada quruluq, gec orqazm olmaq kimi hallar müşahidə edilir.

Ancaq bu dövrü kişilər daha çətin keçirir. Qadın cinsi əlaqəyə girə bildiyi halda, kişi üçün bu imkansız hala gəlir. Gənc sevgilisi olan yaşlı kişilər bu dövrdə həddən artıq qısqanclıq etməyə başlayırlar və depressiyaya düşürlər.

Çox vaxt “Viagra” kimi dərmanlardan istifadə edən kişilər bu dəfə də ürək və damar sağlamlıqlarını təhlükəyə atmış olurlar. Nəzərə alın ki, əgər cütlük eyni yaşda olsa, bu dövrdə təkcə qucaqlaşmaq, öpüşmək, hətta əl-ələ tutuşmaq kifayət edər. Deməli yaş fərqi bioloji baxımdan da maneçilik törədir.

7. Xəyanət

Özündən gənc bir adamla ailə quran və ya eşq yaşayan yaşlı qadının xəyanətə uğraması gözləniləndir. Çünki qocaldıqda  belə şorgözlük etməkdən çəkinməyən kişilərin gənc yaşda yaşlı bir qadına sadiq qalmaları imkansızdır. Yaşlı kişilərin də aqibəti fərqli deyil. Gənc sevgilisini yataqda xoşbəxt edə bilməyən kişi hər an xəyanətə uğraya bilər. Üstəlik, iş sadəcə cinsi əlaqə ilə də bitmir. Gənc qadınlar macəranı, çılğınlığı sevirlər. Oturuşmuş, sıxıcı kişi puluna görə, bir müddət qadını cəlb etsə də sonradan gözdən düşür.

Evlilik terapevti olaraq mənim tövsiyəm sizinlə aranızda 5 yaşdan daha çox yaş fərqi olan insanlarla münasibət qurarkən diqqətli olmağınızdır. İnsanlar çox vaxt eşqlə ehtirası səhv salırlar və ya pul, şan-şöhrət üçün daha vacib şeyləri ikinci plana atırlar.  Siz siz olun, təbiətə qarşı çıxmayın, əks təqdirdə həyatınızı məhv edə bilərsiniz.

Günay Əzizbəyli

publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir