aile

Fərdlərin ailə daxilində bir-birinə yadlaşma problemi

Baxış sayı: 299

Ailədə dinclik, sabitlik və xoşbəxtliyin hökm sürə bilməsi üçün ailədaxili ünsiyyət böyük əhəmiyyət daşıyır. Bu ünsiyyət nə qədər sağlam və düzgün əsaslar üzərində qurularsa, həm ər-arvad, həm ana-ata, həm də valideyn-övlad münasibətləri bir o qədər keyfiyyətli, davamlı olar. Bu, həm də ailədaxili münaqişələri azaldan əsas foktorlardandır. Ailədə  münaqişə nə qədər az olarsa, o qədər keyfiyyətli zaman qazanılar. Bəs bu münaqişələrə səbəb olan faktorlar hansılardır və onları necə aradan qaldırmaq olar?

 

Ailədə düzgün ünsiyyətin rolu

Ailə içində münaqişəsiz münasibətin birinci yolu düzgün ünsiyyət qura bilməkdən keçir. Ünsiyyət qurmaq – bir tərəfin verdiyi mesajı qarşı tərəfin qəbul etməsi və bu prosesin qarşılıqlı davam etdirilməsidir. Məsələnin nəzəri tərəfi bundan ibarətdir və bunu anlamaq elə də çətin deyil. Çətin olan bu ünsiyyəti ailə daxilində tətbiq etməkdir. Ailədə sağlam ünsiyyət qura bilmək üçün, həm danışan, həm də dinləyən, yəni mesajı göndərənin və alanın sağlam psixologiyaya sahib olması çox vacibdir. Ya hər iki tərəfdə, ya da tərəflərdən hər hansı birində psixoloji baxımdan müəyyən dərəcədə problemlər varsa, məlumdur ki, bu ünsiyyət prosesini sağlam və düzgün formada təmin etmək mümkün olmayacaq. Əgər ailədə söhbətlər daima dava-dalaşla, ailədaxili münaqişələrlə nəticələnirsə, deməli, ortada ciddi psixoloji problem var.

 

Bəs onda bu problemin bizdə, yoxsa qarşı tərəfdə olduğunu necə aydınlaşdıra bilərik?

 

Ailədəki fərdlərlə düzgün ünsiyyət qura bilirikmi?

Psixoloqlar bunu anlamağın çox sadə üsulunu qeyd edirlər. Sağlam ünsiyyətin təməli insanın özü ilə bağlı müsbət duyğu və düşüncələrə sahib olmasından keçir. Yəni sağlam ünsiyyət qura bilmək üçün birinci növbədə insan özünü sevməlidir. Özünü sevməyən, özünə dəyər verməyən şəxs üçün həyat yoldaşının da, uşaqların da, valideynlərin də, digər bütün insanların da heç bir önəmi qalmır. Yalnız özünə dəyər verən, daxilən xoşbəxtliyə çata bilən şəxs üçün başqa insanların da dəyərli olur. Çünki insan özünə qarşı hansı münasibətdədirsə, başda ailəsi olmaqla digər insanlara da o münasibəti göstərir. Boş yerə deyilməyib ki, pis insan heç vaxt heç kəsə yaxşı münasibət bəsləyə bilməz, çünki o, hamını özü kimi bilir.

 

Bəs insan özünü hansı halda sevə və dəyər verməyi necə öyrənə bilər?

 

Xarakter və mənlik bütövlüyünün münasibətlərdə rolu

Psixoloqlara görə, özünə sevgi, qayğı və hörmət formalaşdıra bilməməyin səbəbi insanın özüylə bağlı bütöv bir mənlik düşüncəsinə sahib olmamasından irəli gəlir. Bu insanlar öz dəyərlərini başqalarının onlara qarşı olan münasibəti üzərindən ölçür – bir kəs onunla yaxşı davrananda özünü sevilən və dəyərli hiss edərkən, pis davranış gördüyü zaman da özünü dəyərsiz, zəif, pis biri kimi qiymətləndirir. Məsələn, çətin bir gün keçirən partnyor evə yorğun gələ, soyuq danışa bilər. Belə vəziyyətdə, öz mənliyini formalaşdıra bilməyən biri bu davranışları şəxsi qəbul edə, özünü dəyərsiz hiss edə bilir. Belə hallar əksər ailələrdə baş verir və insanlar ailə içində normal olan bu cür adi halları şəxsi qəbul etdikləri üçün sözlərini sevgisiz, dəyərsiz hiss etməyə başlayırlar. Bunun əksi isə partnyorun əhval-ruhiyəsinin yaxşı olmasından qaynaqlanaraq, qadının, yaxud kişinin bir anda özünü dəyərli, önəmli hiss etməsidir. Bu iki hal ya yanlış formalaşmış, ya da hələ tam yetişməmiş, kamilləşməmiş insan psixologiyasıdır.

Adətən uşaqlar ailədə baş verən hadisələri özləri ilə əlaqələndirir, hətta valideynlərinin boşanmalarına səbəb kimi çox vaxt özlərini günakhar görürlər. Çünki uşaqlar özlərini dünyanın mərkəzinə qoyur, həyatı bu cür anlayırlar. Yetkin insanların özlərini bu cür hiss etməsi isə psixoloji olaraq böyüyüb kamilləşə bilməməklərindən irəli gəlir. Bu, psixologiyada pataloji hal hesab olunur. Fərd özünü yaxşı və pis tərəfləri ilə bütöv bir şəxsiyyət olaraq görə bilmir. Psixoloqlar bu prossesin ilk beş yaşda başladığını, əgər 0-6 yaş aralığı problemli keçərsə, gələcəkdə də insanın bu xarakter bütövlüyünü əldə edə bilmədiyini deyirlər.

 

Başqaları ilə ünsiyyət tərzinin təməlini analar qoyur

Mütəxəssislərə görə, insanın bu günündə yaşadığı mənfi və müsbət duyğuları keçmişi ilə həmişə əlaqəlidir. Uşaqlar ilk beş yaşdan etibarən özlərinin və başqalarının şəxsi sərhədləri olduğunu anlamağa başlayırlar. Bu da uşaqda həmin dönəmdə qulluq edən, tərbiyə verən insanla, əsasən də anayla olan münasibətdə formalaşır. Əgər ananın bəzi psixoloji və davranış problemləri varsa, bu, uşağa da sirayət edir və bu problemlər beləcə nəsildən-nəsilə ötürülür.

Çox təəssüf ki, bu yaş dövrü hər kəs üçün sağlam şəkildə keçmədiyinə görə, bunun nəticəsi olaraq insanlar ailədaxili münasibətlərdə daima problemlər yaşayırlar. Psixoloji və ruhi cəhətdən yetişməmiş insan yetkin fərd olsa belə, əslində, uşaq olaraq qalır.

 

Ünsiyyət qurmaqla ürəyini boşaltmaq arasındakı fərq

Ailə daxilində mənfi hisslərin bir-birinə ötürülməsi sağlam ünsiyyətin qarşısında duran ən böyük problemdir. Mənfi hissləri bir-birinə ötürmək, ünsiyyət qurarkən informasiya vermək, yaxud problemlərin həllinə yönəlmək əvəzinə, insanın qeyri-iradi mənfi duyğularını qarşı tərəfə hiss etdirərək rahatlaşmağa çalışdığını göstərir. Bu, təkcə açıq şəkildə, sözlə yox, səs tonuyla, mimika ilə, bədən diliylə də edilir.

Mənfi hissləri ötürməyin bir başqa yolu da qarşı tərəfin həyatını zəbt etməkdir. Bu, elə bir davranış formasıdır ki, insan qarşısındakının ehtiyaclarına məhəl qoymadan öz istək və arzularını tələbkar bir şəkildə ona yeritməyə çalışır. Ailədə fərdlərin bir-birlərinin tək qalmaq ehtiyacına barmaqarası baxması, qadının, yaxud kişinin dostlarıyla vaxt keçirməsinə, kişinin qadının geyim-keçiminə müdaxilə etməsi kimi davranışlar qarşı tərəfin həyat keyfiyyətini azaldır, onu məhdudlaşdırır, mənliyini zəbt edir. Böyüklər buna bənzər yanaşmanı uşaqlar üzərində də tətbiq edirlər. Valideynlər uşağın ehtiyaclarını nəzərə almayıb, öz ehtiyaclarını ona diktə etməyə başlayırlar. Məsələn, böyümə dövründə olan uşaq oyun oynamalı, çoxlu yatmalı və sağlam qidalanmalı olduğu halda, bəzi valideynlər uşaqları bir hazırlıqdan digərinə aparır, musiqi, xarici dil, rəqs kurslarına yazdırır, uşağın ruhi və fiziki sağlamlığını ikinci plana ata bilirlər. İstər böyük olsun, istər uşaq, həyatı başqaları tərəfindən zəbt olunan insanlarda boğulma, ürək sıxıntısı, tükənmişlik, çarəsizlik kimi hisslər ortaya çıxır. Bu cür insanlar münasibətləri fiziki olaraq davam etdirsələr də, çox vaxt duyğusal olaraq həmin münasibətlər bitib tükənir. Beləcə, ailə fərdləri yaşadıqları evi otel kimi istifadə etməyə başlayır, eyni evin içində yavaş-yavaş yadlaşırlar.

 

Özünü başqalarından ayıra bilmək

Bəzən insanlar ailədəki fərdləri, yaxud dostlarını öz mənliyinin bir parçası olaraq qəbul edirlər. Digərləri onu dəstəkləmədiyi zaman, yaxud eyni məsələ ilə bağlı fərqli düşünüb, fərqli hiss etdiyini gördüyü zaman dəyərsizlik kimi bir çox mənfi duyğular hiss edir və dərhal başqalarının düşüncələrinə təsir göstərməyə, onları özü kimi düşünməyə vadar etməyə çalışır. Başqalarının duyğu və düşüncələrini dəyişdirməyə çalışmaq isə münasibətləri pozan, zədələyən əsas amillərdən biridir.  Burda doğru olan, hər kəsin öz duyğularına sahib çıxması, münasibətləri bu fərqliliklərə hörmət üzərində qurmasıdır.

Ailə daxilindəki bu problemlərin həllinə aparan tək yol birinci növbədə ünsiyyət prosesindəki səhvləri görə bilməkdir. Bunu görə bilmək üçün insan güvəndiyi kəslərdən özü haqqında fikir bildirməsini istəyə, münasibətdə yaxşı və pis tərəflərinin nə olduğunu soruşa bilər. Burada eqonu bir kənara qoyub, kənardan bir kəsin verəcəyi rəyin özümüzdə görə bilmədiyimiz bir çox kor nöqtəni işıqlandıra biləcəyini anlamalıyıq.

Psixoloqların da dediyi kimi, insan özünün və duyğularının fərqinə vardıqca özünü formalaşdıra, tərbiyə edə və gücləndirə bilir. Əks halda bu duyğusal durum iş, ailə və sosial vəziyyəti olduqca çətinləşdirir.

 

Natəvan ABDULLA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir