Qumru Eyvazova

Faktiki nikah və onun törətdiyi fəsadlar – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 533

Bəşəriyyətin bütün varlığı boyu qadın və kişi arasında qarşılıqlı münasibətlər hansısa bir səbəbə söykənmiş, tədricən isə ailə ən yüksək həyat dəyəri keyfiyyətini qazanaraq, insanların ailəyə qarşılıqlı dayaq mənbəyi və mənəvi prinsip kimi yanaşması formalaşmışdır. Hər bir şəxs məhz ailədə bir çox əhəmiyyətli ehtiyaclarını (uşaqların doğulması və tərbiyəsində iştirak, qarşılıqlı maddi və mənəvi dəstək, valideyn, ər və/arvad və övlad tərəfindən sevgi və qayğı və s.) əldə edir.Ailənin ən vacib əsaslarından biri də onun rəsmiyyətə salınaraq nikahın bağlanmasıdır. Nikahı hüquqi nöqteyi-nəzərdən götürsək, bu, qeydiyyat şöbəsində gələn cütlük, yəni, kişi və qadının könüllü birliyinin rəsmləşdirilməsi kimi müəyyən edə bilərik. Lakin çox vaxtlar, eləcə də Azərbaycanda, xüsusən də ucqar rayonlarda mütəmadi olaraq ailənin rəsmi nikah olmadan yaşayaraq, (kəbinlə) uşaqlarının da olmasını müşahidə edirik, çünki burada sevgi,  xoşbəxtlik, anlaşma, qarşılıqlı hörmət hökm sürür.

 

Bəs qanunvericilik faktiki nikahı qəbul edirmi?

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü madəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Bu maddənin müddəalarından da göründüyü kimi, nikah yalnız müvafiq dövlət orqanında qeydiyyata alınarsa, rəsmi hesab edilir. Kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir.

Belə ki, Ailə Məcəlləsinin 1.4 və 1.5-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. Bu prinsip onu ifadə edir ki, yalnız rəsmi qeydə alınmış nikahdan törəyən hüquqi və sosial nəticələr dövlət tərəfindən hüquqi fakt kimi qəbul olunur. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, mövcud qanunvericiliyin mənasına görə ailə münasibətlərinə könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır. Bununla yanaşı, dövlət orqanlarında bağlanmayan nikah (faktiki nikah) hüquqi nəticə yaratmır

 

Bəs vərəsəlik baxımından faktiki nikah məsələsi necə tənzimlənir?

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı 3 il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Belə olan halda, hazırkı maddənin müddəalarından da görünür ki, əgər tərəf məhkəməyə yetərli dərəcədə sübut təqdim edərsə, baxmayaraq ki, ər və arvadın rəsmi nikahı mövcud deyildir, hətta bu halda belə bu müddət 3 ili ötməmişdirsə, şəxs vərəsə kimi məhkəmə tərəfindən tanına bilər.

 

Faktiki nikahda olan şəxsin ölümündən sonra, onun rəsmi nikahda olması faktı təsdiq edilə bilərmi?

Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş MPM-in 251-ci maddəsinin 4-cü bəndində qeyd olunurdu ki, ər-arvaddan birinin vəfat etməsi nəticəsində nikah vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında qeyd edilə bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktı haqqında işlərə məhkəmə baxa bilər.Azərbaycan Respublikasının 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Nikah və Ailə Məcəlləsinin 6-cı maddəsinə görə nikah və ailə münasibətlərinin hüquqi tənzimi yalnız dövlət tərəfindən həyata keçirilir. Yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır. Nikahın dini mərasimi, eləcə də digər dini mərasimlər hüquqi əhəmiyyətə malik deyildir.“Nikahda olmayan valideynlərdən doğulmuş uşaqlar haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli Fərmanına əsasən yalnız bu Fərmanın qəbuluna qədər faktiki nikah münasibətlərində olan şəxslərin nikahları tanına bilərdi.Həmin fərmanla faktiki nikah münasibətlərində olan ər-arvadın nikahının rəsmi tanınması (qanuniləşdirilməsi) üçün VVAQ orqanlarında qeydə alınması tələb olunurdu. Məhz 1944-cü ilədək mövcud olmuş faktiki nikah münasibətləri tanındığına görə qanunvericilikdə yalnız 1944-cü ilin iyulun 8-dən əvvəl başlanıb və ər-arvaddan birinin vəfatına qədər davam edən hallarda faktiki nikah münasibətlərində olma faktının məhkəmələr tərəfindən tanınmasına yol verilmişdir.Bu məsələ hazırda qüvvədə olan qanunvericilikdə də eyni qaydada tənzimlənir.

Qeyd edildiyi kimi, MPM-in 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.19-cu maddəsinə əsasən 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir.

Beləliklə, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.Bununla belə, nəzərə alınmalıdır ki, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.Qeyd edilməlidir ki, oxşar müddəa 14 noyabr 2002-ci ildə qəbul edilmiş Rusiya Federasiyasının yeni MPM-dən çıxarılmışdır.

Bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu özünün 02 noyabr 2010-cu il tarixli Qərarında MPM-in 307.2.4-cü maddəsinin Konstitusiyanın və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qərarına gəlinmişdir. Hazırda MPM-nin 307.2.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmələr tərəfindən baxılır.

Bu mövzu Azərbaycan qanunvericiliyi üçün çox aktualdır, çünki əksər ərazilərdə cütlüklər faktiki nikah münasibətlərində yaşamağı seçirlər və daha çox dini kəbini seçərək rəsmi nikahı qəbul etməkdən imtina edirlər və qeyri-ciddi baxırlar. Lakin sonradan ailədaxili problemlər yarananda təbiidir ki, iş yenə də məhkəmələrə düşərkən, rəsmiyyətlə bağlı boşluqlar yaranaraq, qanun baxımından problemi həll etmək qeyri-mümkün olur.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir