Geyim

GEYİMLƏRİMİZ: assimilyasiyanın zirvəsində -1-Cİ YAZI

Baxış sayı: 325

Geyim parçadan və müxtəlif materiallardan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdikləri bədən örtüyü kimi ifadə olunur. Şüuraltında isə bu, yuxarıdakı təriflə bitmir. Geyim mədəniyyət, mənəviyyat, xarakter, zövq, həm də əxlaqdır. İstər kişi, istər qadın olsun, ilk baxışda geyim onun təqdimatıdır; səliqəsi, zövqü, əxlaqı haqqında məlumatdır. Təbii ki, zaman keçdikcə, geyimlər də dəyişir, müasirləşir. Lakin bu dəyişikliklər klassik geyimlər əsasında aparılmaqla daha gözəl olardı, nəinki həmin geyimlərə əsla istinad etmədən və mentalitetimizə uyğun olmayan tərzdə.

Bu gün milli geyimləri ən çox assimilyasiyaya uğrayan xalqlar içərisində yerimiz heç də aşağı tərəf deyil, yuxarı başdır. Yüzilliklər boyu qoruyub saxladığımız dəyəri assimilyasiyanın qoynuna bu qədər asanlıqla necə ata bildik? Dəyişdirdik, özgələşdirdik, özümüzə bənzəməyən bir formaya saldıq. Qadın geyimləri əsasında bundan danışaq…

 

Azərbaycan qadını Şərq qadınının ümumi obrazı kimi

Azərbaycanın və ümumilikdə şərq xalqları qadınlarının geyimi ilə yaratdığı bir obraz mövcuddur. Şərq qadını obrazı. Bütün dövrlərdə onun geyimində bir incəlik, zərafət, əxlaqi dəyərlər öz əksini tapıb. Elə bu cəhətlər də Şərq qadını obrazını formalaşdırıb. Baxmayaraq ki, geyimlər dəyişilib, lakin nə zaman Şərq qadınından söhbət açılırsa, göz onünə məhz gözəlliyini geyimi ilə daha da rövnəqləndirən obraz gəlir. O obraz ki, zaman-zaman onda bir özünəməxsusluq olub. Boy, qamət, saç düzümü, geyim və geyim aksesuarları, baş örtüyünün yaratdığı əsrarəngiz görünüş bu obrazın əsas çaları olub. İllər əsrləri tamamlayıb yeni yüzilliyə keçid etsə də, müasirlik yeni əsrlərə lövbərini açsa da, Şərq qadınının da geyimi müasirləşsə də, lakin bu geyim tərzinin görünüş etibarilə mədəniyyəti, mənəviyyatı, əxlaqı, zövqü, xarakteri özündə əks etdirən tərəfləri yerində qalıb. Bəs bu gün necə, Şərq qadını bu özünəməxsusluğu qoruyub saxlaya bilirmi?

 

İctimai-iqtisadi formasiyanın geyimlərimizə təsiri

Söz yox ki, ictimai-iqtisadi formasiyalar xalqların həyatına, məişətinə təsirsiz ötmür. Azərbaycan xalqı da 70 illik bir formasiyanın gətirdiyi assimilyasiyaya məruz qaldı. Həyatımızın bütün sahələri dəyişdi. Çünki biz müstəqil bir xalq deyildik. SSRİ-nin tərkibinə qatılmışdıq və rus imperiyasının qanunlarına tabe idik. Həmin vaxta qədər zaman-zaman müasirləşsə də, qorunub saxlanılan geyimlərimiz yeni bir dövrə qədəm qoydu.

Burada artıq bazar da dəyişmişdi. Bazarda satılan parçalar, təklif olunan paltar çeşidləri istər-istəməz geyimimizə təsirsiz ötməyəcəkdi. Zamanla geyimlərimizə onlardan əlavə edəcək, bu “müasirləşmə” ilə də bir vaxt baxacaqdıq ki, özümüzdən ortada heç nə qalmayıb. Belə də oldu. İllərə nəzər salsaq, geyimlərimizdə əsaslı dəyişikliyin məhz SSRİ dövründən başlandığını görə bilərik. 70 il az deyil. İki qərinəlik bir vaxtdır və illərin hər biri də insan həyatına öz “naxışlarını” vurub gedir.

Azərbaycan qadını vaxtilə geyimi ilə ətrafa işıq saçıb. O geyim ki, artıq indi klassik geyim adlandırırıq və ona yalnız muzeylərdə, bayram tədbirlərində rast gələ bilirik. Sonrakı dövrlərdə təbii ki, geyimlərimiz də müasirləşdi. Qadınlar daha geniş ətəklərə deyil, bir qədər qatları az olanlara, bir qədər də qısa ətəklərə üstünlük verdilər. Bunun özündə də bir zəriflik vardı. Lakin qısaltmalar, daraltmalar o yerə gəlib çatdı ki, bir də baxdıq, ətəklərimiz lap əynimizə yapışır, uzunluğu isə dizimizin altında qalıb. Elə belə qalsaydı, buna şükür edərdik. Hazırda qısa ətəklər də (cəmi bir qariş olan) var ki, əsasən gənc qadınlar onlardan istifadə edirlər.

Beləliklə, 70 ilin sonunda artıq geyimlərimiz çox dəyişmişdi. Milli geyimlərə uyğunluq yalnız kəndlərdə, o da yaşlı qadınlar arasında var idi. Gənc qadınlar isə artıq daha “müasir” geyinirdilər.

 

Gəlib çatdıq müasir dövrümüzə

70 illik həmin dövrlə bizi 30 ildən artıq zaman kəsiyi ayırır. Ötən dövrdə isə dəyişənlər olduqca çoxdur. Onlardan ən başlıcası isə yenə də qadınlarımızın geyimidir. O geyim ki, artıq assimilyasiyanın zirvəsinə çatıb. Klassik geyimlərdən əsər-əlamət qalmayıb. Hansı xalqa assimilyasiya olmuşuq, heç bundan özümüzün də xəbəri yoxdur. Çünki ola da bilməz. Ona görə ki, biz harada, kimdə nə görürüksə, onu tətbiq etməyə başlayırıq. Bir andaca bəlkə on xalqın geyimlərinə müraciət edirik. Beləliklə də ortaya bugünkü qarışıq, anlaşılmaz, məntiqə sığmaz və çox halda əxlaqi dəyərlərimizə zidd geyimlər çıxır.

Küçədə tez-tez açıq-saçıq geyinən qadınlarla rastlaşmaq olur. Hansı ki, bu, vaxtilə qəbahət hesab edilə bilərdi. Bəs necə oldu ki, öz sələflərimizin üzərində gələcəyimizi qura bilmədik. Yenə də söyləmək istəyirəm ki, dövr dəyişdikcə, geyim də dəyişir. Lakin bu, o demək deyil ki, insan öz xalqını, coğrafiyasını bir kənara qoyub, özündən dəfələrlə uzağa-Avropaya gedib çıxa və orada nə varsa, götürə və qayıdıb gəlib əyninə tətbiq edə.

Beləliklə, müasir qadın geyimləri, xüsusilə də gənc qadınların geyimləri dəhşətli görünüşdədir. Orta və yuxarı yaş qadınlar geyimlərində milliliyi bir qədər saxlasalar da, lakin gənclərdə bu, əsla hiss olunmur. Bir qarış ətəklərlə və bir qarış köynəklərlə həmin milliliyi illərdir ki, torpağın altına göndərmişik. Vaxtilə topuğumuza düşən ətəklər indi qalxıb dizimizdən bir qarış yuxarıya. Vaxtilə beldən bir qarış da aşağı düşən köynəklər indi beldən bir qarış yuxarı qalxıb göbəyimizi qoyub çöldə. İndi artıq “qol” amili də yoxa çıxmaqdadır. Çünki paltarın qolunu barmaqdan nazik bir qatma əvəz edir. Paltarların sinəsi də enib enə bildikcə, qadının mübhəm orqanını çöldə qoyub. Dar, bütün əndazəni ortada qoyan şalvar və şalvarabənzər digər geyimlər çox istifadə olunan geyimlər sırasındadır. Bütün bunlar isə təəssüf ki, il-ildən daha da genişlənir. Dünənədək təsadüfi şəkildə gördüyümüz bu geyimlərlə indi gənc qızlarımız universitetlərə, iş yerlərinə gedirlər. Bu hal isə həmin geyimlərdən istifadənin daha da genişlənməsinə şərait yaradır.

 

Soyunmadan məşhurlaşmaq olmur?

Bir qədər də şou-biznesdəki qadınlarımız haqqında… Deyirlər ki, indi şou-biznes aləmində açıq-saçıq və dar geyinmədən məşhurlaşmaq mümkün deyil. Gənc müqənnilərimizdən birinin ən son konsertlərindən birindəki geyimi ilə qarşılaşdım. Uzun yırtmaclı paltarda mahnı ifa edən müğənninin fikri qalmışdı dizindən bir neçə qarış yuxarıda. Nəinki fikri, əli də qalmışdı orada. Elə hey paltarı aşağı dartırdı. Tamaşaçılar da yazırdı ki, ay bala, sən nə yaman əziyyət çəkirsən… Bunu elə geyin ki, yerində olsun, əlin qalmasın da orada.

Müğənninin bu halını görəndən sonra, “indi şou-biznes aləmində açıq-saçıq geyinmədən məşhurlaşmaq olmaz” söhbətini bir daha xatırladım. Yəqin həmin müğənni də elə o söhbətlərin təsiri altına düşübmüş ki, yeni aldığımı, tikdirdiyimi paltarını bu günə qoymuşdu.

Doğrudan, geyimin məşhurlaşmağa, tanınmağa nə dəxli var? Hələ tək müğənnilər yox, televiziya aparıcıları da bu cür geyimlərə müraciət edirlər. Nə üçün, nə səbəbə biz telekanalda bir verilişi aparanda yaxası açıq paltar geyinməli, veriliş boyu əlimizlə saçlarımızı həmin açıq yerə dartmalıyıq, nə üçün minlərlə insanın qarşısında səhnədə mahnı oxuyarkən əlimiz ətəyimizin yırtmacında qalmalıdır? Nə üçün bizim cinsin nümayəndələri geniş dekolite ilə ortalığa çıxmalıdırlar?

Mənimlə razılaşanlar, bilirəm ki, yüzlərlə, minlərlə olacaq. Məşhur müğənnilərimizdən Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Fidan və Xuraman Qasımova bacıları, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova, Şahnaz və Aybəniz Haşımova bacıları, Azərin, Zülfiyyə Xanbabayeva, aparıcılarımızdan Ofelya Sənani, Roza Tağıyeva, Şərqiyyə Hüseynova və adlarını çəkmədiyim, bunun üçün üzr istədiyim müğənni və aparıcı qadınlarımız var ki, onlar mentalitetimizə uyğun geyimləri ilə həmişə nümunə olublar.

 

Son söz

Nəticə olaraq geyimlərimizlə bağlı vəziyyət çox dəhşətlidir. Ən pisi isə odur ki, bütün geyim növlərinin kiçik variantı da 2-3 yaşdan etibarən qızlarımız üçün istehsal edilir. Biz də həmin paltarları alıb onlara geyindirir və bununla da onların gələcək geyim tərzlərini formalaşdırırıq. Bu, hər bir ananı, qadını narahat edəcək məsələdir. Ona görə də hər bir ana, yaşlı qadın, nənə məsləhətçiyə, nəzarətçiyə çevrilməlidir. Elə vaxtilə göz yumduğumuz, vaxtında qarşısını almadığımız məsələlərdir bugünkü geyimlərimizdə təzahür edən. Çox yaxşı iş görürmüş kimi bunu körpə balalarımıza da öyrətmək əsla doğru deyil. Çünki bununla geyim anlayışının, mədəniyyətinin üzərindən xətt çəkib, onu assimilyasiyanın zirvəsinə yerləşdirmiş oluruq. Bu barədə düşünmək artıq gec olsa da, lakin ümid işığı hər zaman var…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir