etirler

Gözəl qoxu, yoxsa xəstəlik mənbəyi?

Baxış sayı: 1. 599

Ətirlərin tarixi lap qədim zamanlara gedib çıxır. Belə ki, ətirlər haqqında qədim Misir papiruslarında məlumat verilib. İlk ətirlər tüstü formasında olub. Daha sonra ağ maye ilə əvəzlənib. İlk ətirlər qızılgül ləçəklərindən hazırlanırdı. XIV əsrdən etibarən isə ətirlərə spirt vurulmağa başlandı. Tarixi araşdırmalar göstərir ki, ətirlərdən ilk dəfə kişilər istifadə edib. Ancaq hamıya məlumdur ki, ətirlər daha çox qadınların vaz keçilməz aksessuarıdır.

Son zamanlar isə qadınların şikayətləri məhz ətirlərlə, onların saxta və qoxusunun qalıcı olmaması ilə bağlıdır. Aparılan sorğulardan belə nəticə çıxır ki, insanların çoxu ətirlərin orijinal olub-olmadığını onun qiymətindən və ya brendindən anlayır. Bəs görəsən aldığımız məhsulun saxta olub-olmamasını necə aydınlaşdıra bilərik?

etir

Mövzu ilə bağlı fikirlərini bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycana gətirilən kosmetik vasitələrin, ətirlərin 70 faizinin saxta olduğunu və keçən illə müqayisədə onların sayının daha da çoxaldığını deyib: “Ən bahalı, brend mağazalarda belə, saxta məhsullara rast gəlmək olar”.Eyyub Hüseynovun sözlərinə görə, ətrin saxta olub-olmamasını bilmək üçün ilk olaraq onun qablaşdırılmasına, istehsal tarixi ilə son istifadə müddətinə, poliqrafiyasına, üz qabığındakı sellofanın yandırılmış və ya ştamplamış formada olmasına, qabının qalın və ya incə olmasına diqqət etmək lazımdır.

Mütəxəssislər bildirir ki, ətrin spirti 85 faiz olmalı, efir yağları isə 18-30 faiz təşkil etməlidir. Orijinal ətrin qoxusu ən azı 3 saat qalmalı və istifadəsindən 15 saniyə sonra öz qoxusunu büruzə verməlidir. Əgər məhsulu istifadə edərkən aşırı yağlılıq hiss etsəniz, deməli, bu məhsul saxta, ilk sıxıldığı zaman daha sərt və kəskin olan ətirlər isə orijinaldır.
Həkimlər isə saxta ətirlərin, xüsusən də yay aylarında insan dərisində və orqanizmində bir sıra fəsadlara yol açdığını söyləyir. Həkim-dermatoloq Mahir Məmmədli bu kimi məhsulların müxtəlif tənəffüs yolları xəstəlikləri,  dəridə fəsadlar yarada biləcəyini vurğulayıb: “Saxta ətirlərin tərkibinə vurulan maddələr burnun tutulması, göz yaşarması, bəbəklərin quruması, astma tutması, kəskin baş ağrılarına səbəb olur. Bundan başqa qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ikili görmə, asqırma və öskürək, qulaqlarda küy, cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbləşmə, oynaq, damar, əzələ ağrıları, yüksək təzyiq kimi xəstəliklər də yarana bilər”.

Onu da qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, saxta ətirlərin satışı ilə məşğul olan şəxsləri 1500 manatdan 3000 min manatadək cərimə gözləyir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir