qrip

Gözlənilmədən və icazəsiz gələn “qonaq-virus”

Baxış sayı: 1. 279

Qış fəsli gələn kimi özü ilə bərabər, xəstəlikləri də gətirir. Artıq  xeyli müddətdir ki, insanlar arasında müxtəlif növ virus və soyuqdəymə xəstəlikləri yayılıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva builki payız-qış mövsümündə 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələrin götürüldüyünü deyib: Düzdür, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb. Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb. Ancaq bütün hallarda, ehtiyatı əldən vermək olmaz. Virus elə bir “qonaq”dır ki, gözlənilmədən və icazəsiz gəlir. Onu da nəzərə alaq ki, Azərbaycanla qonşu ölkədə – Gürcüstanda “donuz qripi” tüğyan edir. Artıq bu ölkədə  H1N1 virusundan ölənlərin sayı 9-a çatıb. Deməli, daim sərvaxt olmaq lazımdır. Elə mütəxəssislərin fikirlərini öyrənməkdə də məqsədimiz budur: insanların maariflənməsi, virusdan qorunmağın yolları haqda məlumatlı olmaları.

 

Pediatr Nigar Süleymanova bizimlə söhbətində bildirdi ki, qrip viruslara bağlı olan bir xəstəlikdir və adətən, öskürmə və asqırma yolu ilə (hava-damcı infeksiyasıdır) ötürülür: “Qripin simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumi narahatlıqdır. Qrip kəskin şəkildə olduqda, sətəlcəmlə nəticələnə bilər. Əvvəla onu qeyd edim ki, qripin müalicəsində antibiotik istifadəsi doğru deyildir. Bu, bütün dünyada qəbul olunmuş tibbi bir görüşdür. Qrip virus mənşəli xəstəlik olduğu üçün, antibiotiklər bu xəstəliyin müalicəsi üçün tamamilə yararsız hesab olunur. Bizdə bu xəstəlik əsasən ev şəraitində müalicə olunur. Xəstəliyin yüngül – ilk mərhələlərində xəstəyə bol maye, vitaminlə zənginləşdirilmiş qidalar verilməlidir. Uşağın dincəlməsinə, rahatlığına fikir verilməlidir. Bundan başqa, uşaqların  otaqlarını havası tez-tez  dəyişməli, günəş şüalarının otağa düşməsinə şərait yaratmaq lazımdır və xəstə ümumi nəzarətdə saxlanılmalıdır. Ağırlaşma hallarında isə həkimə müraciət etmək, daha sonra uyğun müalicəyə başlamaq vacibdir”.

Pediatr bildirdi ki, bütün xəstəliklərin yaranma səbəbi immunitet zəifliyidir: “Körpə və uşaqların immun sistemini gücləndirmək üçün onların qidalanmasına xüsusi fikir verilməlidir. Menyuda şəkər, şirin içkilər, şirniyyatlar, şokoladlı qidalar olmamalıdır. Əksinə, bol meyvə-tərəvəzlə, lifli qidalarla, zülalla zəngin qida rasionuna üstünlük verilsə, daha yaxşıdır. Ana yeməklər – kalorili qidalardan  yağsız ət, balıq, toyuq əti, zeytun yağı, tərəvəz və paxlalı bitkilərdən hazırlanmalıdır. Çalışmaq lazımdır ki, uşaqların gündəlik qida rasionunda C vitamini ilə zəngin olan  portağal, naringi, kivi, limon, ananas, bibər, brokoli, gül kələm, cəfəri kimi meyvə və tərəvəzlərdən istifadə edilsin. Körpəniz üçün gündəlik hazırladığınız şorbaya bir  diş sarımsaq əlavə etməyiniz məsləhətdir”.

Pediatr əlavə etdi ki, valideynlər uşaqlara, adını eşitdiyi hər dərmanı verməli deyil: “Bu, ən çox öskürəklə bağlı olur. Valideynlər bilməlidir ki,  öskürəyin xarakteri aşkarlanmamış dərman təyini doğru deyil. Öskürəyin başlama səbəbi, xarakteri müəyyənləşməli, öskürəklə yanaşı digər şikayətlər də nəzərə alınmalı, daha sonra uyğun müalicə üsulu tətbiq edilməlidir. Körpə öskürən zaman hər etdiyiniz yanlış müalicə onun vəziyyətini daha da ağırlaşdıra bilər. Dərman yalnız ətraflı müayinədən sonra, həkim-pediatr  tərəfindən təyin olunmalıdır. Aptekdə əczaçıların məsləhət gördüyü dərmanların, uşaqların sağlamlığına faydadan çox, ziyanı ola bilər”.

 

Həkim-terapevt Elnur Rəhimov söylədi ki, virus xəstəliklərinin hamısı insanlar arasında qrip adlandırılır. Əslində bu xəstəliklər qripəbənzər əlamətlərlə müşahidə edilən kəskin-respirator virus infeksiyalarıdır: “Bu infeksiyalardan qorunmaq üçün müxtəlif bitki dəmləmələrindən, çörəkotu məcunundan istifadə edilə bilər.  Çünki virusdan qorunmağın ən yaxşı yolu orqanizmin immun sistemini  təbii üsullarla artırmaqdır. Əslində bu infeksiyalar bir-birinə çox bənzəyir. Onlar bir-birindən ağırlaşma dərəcələrinə görə fərqlənir. Ən pis halda isə xəstədə  pnevmaniya yaranır. Çalışmaq lazımdır ki, bu viruslardan özümüzü qoruya bilək. Çünki virusa yoluxanların bir çoxu xəstəliyin öhdəsindən tam gələ bilmir. Ona görə də, viruslar fürsət tapan kimi, xəstənin halı yenidən pisləşməyə başlayır. Bəzən elə olur ki, xəstə aylarla tam sağala bilmir”.

Həkim söylədi ki, virusa yoluxan şəxslər bəzən tam sağalmamış yenidən xəstələnir: “Belə havalar respirator virusların aktivləşməsinə səbəb olur və əsasən yuxarı tənəffüs yollarının xəstəliklərinin yaranmasına gətirib çıxarır. Adətən beş yaşına qədər olan uşaqlarda respirator virus infeksiyası ilə xəstələnməyə şərait yaradır. Bu xəstəliklərdən ən çox əziyyət çəkənlər isə uşaqlar olur. Çünki onların immun sistemi böyüklərlə müqayisədə daha zəif olur. Nəticədə uşaqlar tez bir zamanda respirator viruslara yoluxa bilirlər. Uşaqlara həddən artıq dərman qəbulu da məsləhət deyil. Uşaqları bu xəstəliklərdən maksimum uzaq saxlamaq lazımdır. Ağırlaşma hallarında dərmanlardan istifadə edilə bilər. Yaxşı olardı ki, belə halda dərhal həkimə müraciət edilsin. Özbaşına dərman qəbulu yolverilməz haldır”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir