hanuile-kasmetika

Hamiləlikdə kosmetika: həm təhlükəli, həm zərərli – ARAŞDIRMA

Baxış sayı: 430

Qidalanma, həyat tərzi, ətraf mühit, psixologiya – bütün faktorlar dünyaya gələcək körpənin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlardan əlavə ananın öz bədəninə qarşı münasibəti və davranışı da vacib məsələdir. Bir çox qadının bədənə qulluq vasitələri, kosmetik məhsullar düşkünü olduğunu nəzərə alaraq doğulacaq körpə üçün həyati təhlükə daşıması barədə bu yazını qələmə aldıq.

 

Zərərli vərdişlər siyahısına kosmetikanı da əlavə edin

Əksər qadınlar həm gənc, həm də yaşlılıq dönəmində kosmetik vasitələrdən istifadəni maksimum səviyyədə edirlər. Gözəl, ya kifir – fərq etməz, bizim ölkədə birmənalı olaraq bütün qadınlar kosmetikanın əsiridir. Çox az qadın var ki, onun zərərindən xəbərdar olsun. Hamiləlikdə kosmetik vasitələr isə anadan əlavə körpəyə də zərər verir.

Düzdür, həkim xəbərdarlığından sonra hamiləlik dövründə bir çox qadın körpənin sağlamlığına təhlükəli olan bir çox vərdişindən əl çəkir, məsələn siqaret çəkirdisə imtina edir, içki içirdisə daha içmir. Amma çox qadının ağlına belə gəlmir ki, hər gün üzlərinə çəkdiyi krem, istifadə etdiyi ətir, dodaqlarına, dırnaqlarına və saçlarını çəkdiyi boya da körpənin inkişafına ən az siqaret və içki qədər zərərlidir.

Çox qadının ən az ayda bir dəfə istifadə etdiyi saç boyalarının zərərləri barədə kifayət qədər çox yazırıq. Saç boyalarının tərkibində saysız-hesabsız kimyəvi maddələr olduğundan həkimlər və gözəllik ekspertləri hamilə qadınlara qəti surətdə saç boyamamağı məsləhət görürlər. Bu bətndəki körpənin zəhərlənərək ölməsinə, gec bilindiyi təqdirdə ananın qanına keçərək qadının da ölməsinə səbəb ola bilər.

 

Həkim: “Pasiyentlərim müğənniyə oxşayır”

Ginekoloq Şəkər Xasıyeva deyir ki, hamiləlik fizioloji bir proses olsa da, bir qadın üçün həyatının ən məsuliyyətli və təhlükəli dövrüdür: “Zarafat deyil, bir bədəndə yeni bir canlı yaranır. Ona maksimum diqqət göstərmək, ehtiyatlı davranmaq lazımdır, buna görə də bu dövrdə gələcək ana gərək öz sağlamlığına fikir versin, çünki onun sağlamlığı körpəsinin təhlükəsizliyidir”.

Həkim deyir ki, hamiləlik dövründə kosmetik vasitələrdən istifadə etmək körpənin sağlamlığı baxımından daha məqsədə uyğundur: “Çox olur ki, həkim müayinəsinə gələn qadınları səhnəyə çıxan müğənni kimi bəzənən görürük. Hər dəfə deyirəm, istifadə etməmələrini məsləhət görürəm, amma onlar üçün bu, sadəcə, boş fərziyyədir. Bir daha təkrarlayıram, hamiləlik dönəmində saçlar üçün rənglərdən, saç tonunu açmaq üçün istifadə edilən kimyəvi məhlullardan, dırnaqlar boyasından, hətta bəzi krem və şampunlardan istifadə etmək doğru deyil”.

Tibb eksperti Sadiq Haşimov deyir ki, hamiləlik dövründə müxtəlif kremlərə, şampunlara qarşı yaranan allergiyalar anadan dölə ötürülə, gələcəkdə uşaqda müxtəlif allergik xəstəliklərə də səbəb ola bilər: “Məsləhətimiz odur ki, hamilə qadınlar hamiləlik dövründə kimyəvi tərkibli, mənşəyi məlum olmayan kosmetikalardan istifadə etməsin, saçlarını rəngləməsin, mümkün olduğu qədər tərkibi bəsit şampunlardan istifadə etsinlər. Çünki əksər kosmetik vasitələrin tərkibində metilizotiozalin dediyimiz kimyəvi maddə var ki, bu maddə dəridən qadının qanına sorularaq, dölün beyninə, sinir sisteminin inkişafına çox ciddi təsir edir. Əqli, fiziki qüsurlu uşaqlar doğula bilər. Hətta doğulur da, amma heç kim kosmetikanın təsirini hesablamır”.

 

Ətir hamilə qadınlar üçün daha təhlükəlidir

Ətirlərin tərkibində həddindən çox kimyəvi maddələr olduğundan, həkimlər onları allergik dəri reaksiyalarına səbəb olan kosmetikalar arasında birinci yerdə qeyd edirlər. Həkim-dermotoloq deyir ki, hamiləlik dövründə qadınların qoxulara qarşı həssaslığı bədənin təbii instinktidir: “Fikir versəniz görərsiniz ki, bəzi qadınlar yemək, bəzisi benzin, bəzisi hansısa fəqli qoxuya qarşı aqressiv olur. Bütün hamiləliyi boyunca mətbəxə girə bilməyən qadınlarımız var. Ətirlər də eynən belədir, onların qoxusu da dölü narahat edir, sadəcə daha xoşagələn qoxusu olan maddələr qatılır deyə qadın ona qarşı aqressiya hiss eləmir”.

Qeyd edək ki, bütün növ ətirlərin tərkibində “paraben” adlı təhlükəli maddə var. Kosmetik vasitələr arasında ən çox ətirlərin istehsalında istifadə edilən bu maddə kansorogendir və dünyanın bir çox ölkəsində istifadəsi qadağan edilib.

 

Əlamətləri necə anlayaq?

Hamiləlik müddətində orqanizmdə yeni proseslər meydana gəlir, bədənin tanımadığı əlamətlər hiss edilir. Bir çox hamilədə immunitet, hormon və qan-damar sisteminə təsir edən problemlər meydana gəlir. Bu dəyişikliklər həm qadının, həm də dölün dərisində baş verən patoloji və fizioloji proseslərin başlanğıcı da bilər. Kosmetikaya aludə olan qadınlarda saç tökülməsi, dəri qızartıları, bədəndə şişkinlik və ağırılar da bu əlamətlərdəndir.

Dermotoloq Sahilə Qazaxova deyir ki, əgər qadının bədənində, ələxsus da qarın və ayaq nahiyəsində xırda qırmızı ləkələr yaranırsa, dəridə çatlar olursa bu kosmetikadan zəhərlənmə deməkdir: “Bütün növ kosmetik vasitələr teratojendir, yəni körpədə bu və digər formada anomaliya yaradır. Bir çox kosmetik vasitə kanserogendir, yəni ən dəhşətli xərçəng xəstəliklərinə səbəb olur. Həmçinin bütün kosmetika məhsulları toksokoloji təsirə malikdir. Deməli, nəinki hamiləlikdə, hətta normal zamanlarda belə kosmetik vasitələr bizə zərər verir”.

 

Hamiləlik zamanı gözəllik əməliyyatlarından çəkinin

Botoksun, pilinqin, silikon tətbiqinin çox yayıldığı dövrdə yaşayırıq, ölkəmizdə bu cür vasitələrdən istifadə edən kifayət qədər çox qadın var. Xüsusilə də, doğuşdan sonra qarın dərisini gərdirmək istəyən qadınlar çox olur. Həkimlər deyir ki, hamiləlikdə və laktasiya dövründə botoks tətbiqi körpəyə ciddi zərər verir. Həkimlər bildirir ki, hamiləlikdən sonra lazımı idmanı etsə və dəriyə təbii qulluğu gerçəkləşdirsə hər qadın təbii yolla hamar dəriyə sahib olar. Həmçinin hamiləlik zamanı qarında yaranmış çatları adi zeytun, badam yağı ilə masaj edərək yox etmək mümkündür.

Hamiləlikdə silikon da ciddi problemlərdən biridir. Bəzi qadınlar daha gözəl görünmək üçün, qırışları aradan qaldırmaq və bəzi bölgələri dolğunlaşdırmaq üçün xüsusi gellərdən istifadə edirlər. Düzdür, bu əməliyyatlarda istifadə edilən məhlula görə standartlaşdırma sertifikatları var. Amma bu təhlükəsizliyə təminat verə bilməz. Tərkibində süni kimyəvi birləşmə olan bütün növ mayelər döl üçün təhlükəlidir.

Hamiləlik zamanı tatuaj da problemli məsələlərdən biridir. Çünki bir çox qadın bədənini olmasa da, ən azı qaşlarını döymə üsulla yenilətmək istəyir. Bu üsulun zərərləri barədə bir müddət əvvəl qəzetimizdə məlumat vermişdik. Dəri xərçənginə birbaşa yol olan tatuajın hamilə qadınlara tətbiqi heç bir halda doğru deyil. İynə vasitəsi ilə QİÇS-ə yoluxan yüzlərlə tatuaj qurbanı olduğunu unutmamalıyıq.

 

Hamiləlik özü gözəllikdir

Hamiləlikdə dəri rəngi dəyişə, üzdə xırda çil və ləkələr əmələ gələ bilər. Hətta el arasında hamilə olan qadınların üzündəki ləkələrə görə bətnindəki körpənin qız olmasını da bilənlər olur. Yaşlı qadınlar qadının hamiləlikdə gözəlləşdiyini görəndə “oğlun olacaq”, üzünün ləkələndiyini görəndə isə “qızın olacaq” deyir. Rəvayətlərə görə, qız övlad anasının gözəlliyini əlindən alır.

Hamilə qadınlar dərilərində yaranmış ləkələrdən çox narahat olurlar. Təbii məhsullardan hazırlanmış maskalar bu vəziyyətdə ən yaxşı köməkçi hesab oluna bilər. Bu maskaları tanıdığınız kosmetoloqdan sifariş edə bilərsiniz və yaxud da evdə özünüz hazırlaya bilərsiniz. İndi internetdə, gözəllik üçün dərc olunmuş kitab-jurnalda kifayət qədər təbii üz maskalarının reseptini görə bilərsiniz.

Qadınların bir çoxu masaj aludəsidir. Qeyd edək ki, masaj hamiləlik dövründə də edilə bilər, hətta qan dövranınızın normal işləməsi üçün bu xeyirlidir. Ancaq masaj edənin professional olması mütləqdir, əks halda dölə zərər verə bilərsiniz. Hamilə qadınlar üçün təyin edilmiş bir çox masaj növü var, amma hamilə qadın masajını hər kəsə etibar etmək olmaz. Bu cür masajlar yalnız bu sahədə tibbi biliyi və praktiki təcrübəsi olan peşəkar həkimlərə etibar edilməlidir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir