evlilik

İdeal evlilik yaşı neçə olmalı? – ANALİZ

Baxış sayı: 392

Aşkar faktdır ki, son illər boşanmalar xeyli artıb. Təbii ki, bu statistikanın yüksəlməsinin çeşidli səbəbləri var. Evlilik yaşı da bu faktorlardan biridir. İdeal evlilik yaşı neçədir, sağlam ailənin təməli hansı yaşda qoyulur, bu yaş qadın və kişiyə görə dəyişirmi?

Tarix boyu demək olar ki, bütün cəmiyyətlərdəki evliliklərdə kişilərin qadınlardan bir neçə yaş böyük olması qəbul edilib. Ümumiyyətlə, kişilər təxminən 25 yaşında, qadınlar isə 20 yaş civarında evlənirdilər. Bu gün hər iki cinsin 25 yaş civarında ailə həyatı qurduğu, xüsusən də, qadınların təhsil almadan və müəyyən bir peşə sahibi olmadan ailə qurmadığı müşahidə edilir. Bu, yaxşı haldır, lakin karyeraya qurban verilən ömür də puç olmuş olur. Dönüb həyatına baxanda əldə etdiklərinin itirdiklərindən daha az olduğunu görür insan.

Bəzən tərəflərin eyni yaşda olduğu ailələrə də rast gəlinir. Mütəxəssislər evliliklərdə yaş faktorunun sağlam ailə təməli üçün vacib olduğu qənaətindədir. Xüsusilə, kişilərin evlənərkən həyat yoldaşından minimum 5 yaş böyük olması məsləhət görülür. Çünki ideal evlilikdə kişinin qadından ən az 5 yaş böyük olması kişilərin gec yetkinləşməsi ilə əlaqələndirilir. Bunu həm də bioloji olaraq tibbi elmi təsdiqləyir. Qızların yetkinlik yaş dövrünün 12, oğlanlarda isə bu yaşın 15 olması buna əyani sübutdur.

Bu yetkinlik fərqi sonrakı illərdə də özünü göstərir. Eyni yaşda olan kişilər və qadınlar arasında evlənməyə hazır olma dövrü arasında ciddi fərq var. 20 yaşlı bir oğlan hələ ərgənlikdən tam çıxmır, lakin həmin yaşda qadın kifayət qədər yetkin olur. Eyni yaşda olan tərəflərin evliliyində bu həmişə problem olur. Təbii ki, bu da evlilikdə idarəetməni sarsıdır. Halbuki ailədə “kişi evin sütunudur” kimi tabulaşmış bir dəyər var. Hər nə qədər müasir feminist düşüncədə bu inkar edilsə də, qadınların kişilərdə axtardığı ən mühüm xüsusiyyətlərdən biri də onun yaxşı bir ailə böyüyü olması, xaotik anlarda adil olması, obyektiv qərarlar verməsi və həmçinin yaxşı ata ola bilmə özəlliyidir. Aydındır ki, bu xüsusiyyətlər ancaq müəyyən yaşdan sonra formalaşır və 20 yaşlı gəncdə biz bu xüsusiyyətləri görə bilmərik.

Qadınların kişidə ən sevmədiyi xüsusiyyət onun daim fikrini dəyişməsidir. Dəyişkən fikirli kişilər adil ola bilmirlər, qadın belə vəziyyətlərdə məcburən mümkün qədər ərinə uyğunlaşmağa çalışır ki, onların münasibətləri ahəngdar olsun. Kişidəki fikir dəyişikliyi daim baş verdikdə qadının bu uyğunluq cəhdləri də nəticəsiz olur. Bir gün “hə” dediyinə sabah “yox” deyən bir kişi ilə yaşamaq məcburiyyətində qalan qadın mənəvi və psixoloji olaraq çox yorulur. Buna görə də fikri sabit, qərarı qəti olan kişiləri evlilik üçün ideal hesab edirlər. Adətən bu xarakterləri özündə formalaşdıran kişilər 25 yaşı keçmiş olur.

TOY

Uğursuz evlilik kişini ailədən soyuda bilər, lakin qadını darmadağın edə bilir. Qadınlar daha həssas, daha incə ruhlu olduqları üçün evlilikdən gözlədiklərini əldə etməyəndə ruhən də məhv olurlar. Qısası, kişi o zaman evlənməlidir ki, həyata baxışı aydınlaşsın, xarakteri müəyyənləşsin və həm mənəvi, həm də ailəsini təmin edə biləcək qədər maddi güclü olsun. Təbii ki, bunun 25 yaşından əvvəl baş verməsi nadir hallarda olur. Buna görə də kişilər üçün 25-27 yaş evlilik üçün ideal yaş hesab edilir. Çünki təhsilini başa vurduqdan sonra iş təminatı reallaşır və sabit gəliri tənzimləndikdən sonra evlilik barədə düşünür. Bu da təxminən 25 yaş dövrünə gəlib çıxır.

Kişilərin həyat yoldaşından umduqları şeylər fərqlidir. Kişi həyat yoldaşından şəfqət, şirin dil və ən əsası anlayış gözləyir. Bu xüsusiyyətlərin əksəriyyəti qızlarda yetkinlik dövründən qısa müddət sonra adekvat olur. 20 yaşlı bir qızın düşüncəsi, analiz qabiliyyəti, hadisələrə reaksiyası eyni yaşlı kişidən daha məntiqli olur. Əslində, qadınların bioloji-hormonal strukturu da bunu dəstəkləyir. Məlum faktdır ki, 30-35 yaşdan yuxarı və o yaşadək uşaq sahibi olmayan qadınlarda ginekoloji xəstəliklər çox olur. Bu yaşda ən çox hormonal pozğunluqlar üçün həkimlər hamiləliyi tövsiyə edirlər. Bundan əlavə, əgər ilk hamiləliyiniz 28 yaşından sonra baş verərsə, bu, ciddi tibbi problemlərə səbəb ola bilər. Bütün bunlar açıq şəkildə göstərir ki, qadınlar kişilərə nisbətən daha erkən ailə qurmalıdırlar. Erkən yaş dedikdə isə 20-23 yaş aralığı nəzərdə tutulur.

Ümumilikdə 28-30 yaşında evlənən qadın ailə qurmağa gecikmiş sayılır. Qadın üçün ideal evlilik yaşı 23-dür. Bu yaş dövründə qadın artıq universitetin bakalavr səviyyəsini bitirir, işləmək iqtidarında olur, eyni zamanda, hamiləlik üçün ən ideal orqanizmə sahib olmuş olur. Bundan sonra təhsil səviyyəsini artırmaq, magistraturaya və digər pillələlərə daxil olmaq istəyirsə, bunu ailə həyatı qurduqdan sonra da edə bilər. Ailə həyatı buna mane deyil və ətrafımızdan da görürük ki, məqsədi, məramı, hədəfi olan insan üçün heç nə mane deyil. Sadəcə, bəzi insanlar “ailə həyatı qurdum, təhsilim və yaxud karyeram qaldı” kimi bəhanələrə sığınır.

Bəzən həm qızlar, həm də oğlanlar müəyyən səbəblərdən 30-35 yaşa qədər subay qalırlar. Bu yaşda da artıq bir çoxu evlənmək istəmir, mükəmməlçi olur, hər şeyin ən yaxşısını istəyir, qarşı tərəfə qarşı kriteriyaları, şərtləri çox olur. Qəbul edək, ideal insan yoxdur, ona görə də ideal insanı gözləyə-gözləyə ömrünü xərcləyənlərdə evlilik də alınmır. Buna görə həyatımızın qarşımıza çıxartdığı şanslardan vaxtında istifadə etmək lazımdır. Karyeranı necə inkişaf etdiririksə, ailəni də o cür inkişaf etdirməliyik.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir