Ilahe Ibadova

İlahə İbadova: “Kimsə mənimlə şəkil çəkdirmək istəyəndə, tez gəlib yanımda durur ki…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 677

“Mənim balam” rubrikasının bu dəfəki qonağı xalq və bəstəkar mahnılarının peşəkar ifaçısı İlahə İbadova oldu. İfaçı bizimlə söhbətində gözünün ağı-qarası yeganə qızı Ayandan danışdı.

– İlahə xanım, qızınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz?

– Mənim xüsusi bir üsulum yoxdur. Özüm böyüklərimizdən necə görüb-götürmüşəmsə, o üsulla da övladımı tərbiyə edirəm. Ümumiyyətlə hər bir uşağın özünəməxsus xüsusiyyəti, xarakteri var. Bu, gendən gələn bir şeydir. Ayan çox sakit təbiətli uşaqdır. Qohumlarımın evinə gedəndə, beş dəqiqə sakit otura bilmirəm. Uşağı olan qohumlarımın evlərində daima səs-küy olur. Onlara deyirəm ki, əgər Ayan sizin övladlarınız kimi nadinc olsaydı, mən buna dözə bilməzdim. Özümdən asılı deyil, səs-küylü yerdə olanda əsəblərim tab gətirmir. Bəlkə də Ayan uşaqlıqdan tək böyüdüyü üçün belə sakit olub. Ancaq mənə elə gəlir ki, bu onun xasiyyətindən irəli gəlir. Sakit oturub oyuncaqları ilə oynayır, ya da dərslərini oxuyur. Çox vaxt anamın yanında olur. Görürəm ki, anamın verdiyi tərbiyəni də götürüb. Aşırı dərəcədə açıq-saçıqlığı sevmir. Geyimlərinə diqqət edir. Heç vaxt qonaq getdiyimiz yerdə nadinclik edib, üzümə söz gətirməyib. Ürəyi nəsə istəyəndə onu ilk olaraq mənə bildirir, mən isə bu dəfə pulumun olmadığını, əlimə imkan düşən kimi onu alacağımı deyirəm. Bəzi uşaqlar kimi buna görə mənimlə dirəşmir. Ayan həm anamın, həm də mənim ona aşıladığım tərbiyəni alır. O, məndən çox qorxur. Elə düşünür ki, birdən mən onu danlayaram və gözümdən düşər. Mən daima onu əzizləyir, nazını çəkirəm deyə, qorxur ki, birdən nəsə səhv hərəkət edər və mən Ayana əvvəlki qayğını göstərmərəm.

– Bəs siz özünüz necə övlad olmusunuz?

– Mən də uşaqlıqdan sakit olmuşam. Hərdən deyirlər ki, Ayan eynən sənin balacalığındır. O da mənim kimi əlinin çörəyini başqasına verəndir. Baxmayaraq ki özüm də uşaq idim, qonşunun uşaqlarından tutmuş, qardaşıma qədər hamıya baxır, qayğı göstərirdim. Anam işə getdiyi üçün birinci sinifdən yemək bişirirdim. Xalam deyir ki, sənin o vaxt bişirdiyin yeməyin dadı hələ də damağımdadır. Evləri yığışdırırdım, paltar yuyurdum. Anam bizi birinci sinifdən evdə tək qoyub işə gedirdi.

– Qızınızın gələcəyini necə təsəvvür edirsiniz?

– İstəyirəm ki, onu gələcək üçün ideal insan kimi yetişdirim. Gözəl təhsili, tərbiyəsi olsun. Valideynlərin hər zaman arzusu odur ki, övladı gələcəkdə böyük şəxsiyyət kimi formalaşsın. Mən o istəyi, arzunu içimdə saxlayıram. Qızımın istəyi haradırsa, o sahə üzrə də gedəcək. Bizim nəslimizin bir hissəsi həkim, digər hissəsi hüquqşünas olub. Mən seçim edərkən nə qədər çalışdılar ki, məni tibb sahəsinə yönləndirsinlər, heç nə alınmadı. Ancaq anam mənim tərəfimi saxladı, mənə dəstək oldu. Mən də qızıma dəstək olacağam. Lazım olsa, məsləhət verəcəyəm. Ona seçdiyi yolda mane olmayacağam. Hansı sənəti seçirsə-seçsin, əsas odur ki, xoşbəxt olsun, əziyyətə öyrəşsin. İstəmirəm ki, hazıra nazir olsun. İnsan pulu özü qazananda, onu həvəslə yeyir və bərəkətli olur. Səhəri gün şadlığına şıllaq atmasın, bilsin ki, pul əziyyətlə qazanılır. Ayanı bir qadın kimi xoşbəxt görmək istəyirəm. Cəmiyyətə yararlı biri olmasını arzulayıram. Bu gün valideynlərimiz bizimlə fəxr edirsə, mən də istəyərəm ki, qızımla fəxr edim.

– Bəs sizin ürəyinizdən hansı ixtisas keçir?

– Valideynlər fikirləşir ki, övladları elə ixtisas seçsin ki, səhəri gün o peşədən çörəkpulu qazana bilsinlər. Əslində, valideynləri də qınamıram. Bəzən görürəm ki, şagirdlər universitetə sənəd verərkən hər kəs eyni ixtisası seçir. Digər ixtisasa isə sənəd verən olmur. Ancaq mən belə düşünmürəm. Bəs digər ixtisaslar üzrə kadr lazım deyilmi? İstəyirəm ki, qızım çox çalışqan olsun, hər şeydən başı çıxsın, gözüaçıq olsun. Öz hüquqlarını bilsin.

– Elə bir sənətiniz var ki, xalq tərəfindən sevilirsiniz. Bəs qızınız sizi qısqanırmı?

– Ayan 4-5 yaşına qədər məni həddən ziyadə qısqanıb. İndi də qısqanır, ancaq büruzə vermir. Əvəllər mən kiminsə uşağını qucaqlayanda, qaş-qabaq tökürdü. Ərköyünlük edib qucağımdakı uşağı itələməsə də, elə hərəkət edirdi ki, mən həmin uşağı yerə qoyub Ayanı qucaqlamalı olurdum. Mədəni şəkildə qucağımdakı uşağı qucağımdan düşürdürdü. Qucağımı elə tutur ki, ikinci bir adama orada yer olmur. İndi bəlkə də böyüyüb bunu dərk edir. Sevinir ki, onun anasını hər kəs tanıyır. Kimsə mənimlə şəkil çəkdirmək istəyəndə, tez gəlib yanımda durur ki, o mənim anamdır. Çox zaman elə olur ki, işlərimin çoxluğundan onu dərsdən götürə bilmirəm. Mənə etiraz edir ki, hamının anası dərsdən sonra uşağını götürməyə gəlir, niyə sən mənim dalımca gəlmirsən? İstəyir ki, onu evə mən gətirim. Məktəbdə də kimsə soruşanda deyir ki, mən İlahə İbadovanın qızıyam. Atasının adını demir. Hər dəfə də yazanda Əlizadə Ayan İlahə qızı yazır.

– Bəs gecələr yatarkən qızınıza laylay oxuyursunuzmu?

– Əvvəllər Segah üstündə laylay oxuyurdum. Onun arxasınca “Bağçada güllər”, “Aşiqəm, kimə yalvarım”, “Olmaz-olmaz” və s. lirik mahnılar oxuyurdum. Növbəti gün o mahnının birini unutsaydım, o saat yuxudan ayılıb mızıldanırdı ki, filan mahnını oxumadın. Qulağı bu mahnılara öyrəşmişdi. Son vaxtlar nağıl oxuya bilmirəm. Özü gəlib deyir ki, gəl, sənə nağıl oxuyum. Ayan çox başa düşən qızdır. Əvvəllər ona uydurma nağıllar danışırdım. Danışdığım baş qəhrəmanlar Ayan olurdu.

– Valideynləriniz sizi döyübmü?

– Həmişə qardaşıma görə mən də döyülmüşəm. O, çox nadinc idi, sözə baxmırdı. Anam onu oxlovla döyürdü. Anam onu döyəndə, ağlayırdı. Paxıllığı tuturdu ki, İlahə niyə ağlamır. Yalandan deyirdi ki, İlahə mənə gülür. Anam da ikimizi də birdən döyürdü. Oxlov qırılandan sonra antenanın dəmiri ilə bizi döyməyə başlayırdı. Əvvəllər kəpənək antenalar vardı. Onun dəmiri ilə bizi o qədər döymüşdü ki, dəmir əyilmişdi. Dəmiri düzəldirdik, yenidən həmin dəmir ilə döyülürdük. Biz dərslərimizi də elə oxumuşuq. Anam deyirdi ki, dərslərindən “4” alsan, səni döyəcəm. Bəlkə də o qorxu idi bizi oxudan, yoxsa oxumazdıq.

– Bəs siz qızınızı döyürsünüzmü?

– Mən döyməyin tərəfdarı deyiləm. Ayanı iki dəfə vurmuşam və ona görə də çox peşman olmuşam. İndi nəsə bir şey olsa, əlinin üstünə vuraram. Gözünə bir dəfə baxanda məni anlayır. Ayan məni çox da incitmir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir