Fersat Muhacir

İranlı oftolmoloq: “Xəstələri ən çox düşündürən odur ki…” – MÜSAHİBƏ

Baxış sayı: 366

“Gencaile.az” saytının “Həkimim” rubrikasının qonağı hazırda vaxtilə təhsil aldığı Türkiyədə indi həkim kimi fəaliyyət göstərən Antalya Anadolu xəstəxanasının iranlı oftolmoloqu DR. Ferşad Muhacirdir. Onunla müasir dövrün geniş yayılmış göz xəstəliklərindən olan katarakta haqqında danışdıq.

 

– Göz xəstəlikləri arasında ən çox katarakta əməliyyatını edirsiniz?

– Bəli son vaxtlar bu problem geniş yayıldığından daha çox katarakta əməliyyatı etdiyimi deyə bilərəm. Bu problemlə klinikamıza iki formada müraciət olunur. Ya başqa bir tibb müəsissəsində həkim müayinəsindən keçdikdən sonra əməliyyatı mən edirəm, ya da birbaşa bizimlə təmas qururlur və diaqnozu qoyduqdan sonra əməliyyat mərhələsinə keçirik. Həm əməliyyatdan öncəki durumu, həm əməliyyatın gedişindəki bütün nüansları, həm də işimizi yekunlaşdırdıqdan sonra baş verə biləcək bütün halları tam dəqiqliklə incələyirik. Bu xəstəyə məlumat verməklə yanaşı, bizim də əməliyyata hazırlığımız üçün önəmlidir. Bütün bu sadaladığım proseslərə peşakarcasına yanaşanda əməliyyat uğurlu alınır. Ən xırda bir detalı unutmaq isə xəstə üçün çətinlik yarada bilir.

Fersat

 

– Katarakta ən çox kimlərdə rast gəlinir və onun yaranmasına səbəb nədir?

Əslində bunu konkret bir səbəblə əlaqələndirmək olmaz. Belə demək mümkünsə, yüzlərlə səbəbi var. Ana bətnindəki infeksiya səbəbindən anadangəlmə ola bilər. Göz nahiyəsinə zərbə dəyərsə, bu da sözügedən problemə yol aça bilər. Həmçinin genetik olması da mümkündür. Şəkərli diabet xəstələrində daha çox rast gəlinir. Ən əsas isə yaşla əlaqədar olaraq katarakta problemi yaranır. Onu da deyim ki, kataraktanın aradan qaldırılması üçün yeganə üsul cərrahi müdaxilədir. Başqa müalicə üsulu yoxdur.

 

– Həkim müayinəsinə qədər insanlar gözdə kataraktanın əmələ gəldiyini necə müəyyən edə bilərlər?

– Mirvari suyu gözümüzdə yetişəndə ilk növbədə görməmiz rəngsiz, bozumtul və dumanlı ola bilər. Təbii ki bəzi kataraktalar billurun perefdriyasında inkişaf etdiyinə görə görmənin pisləşməsi yalnız son mərhələlərdə bəlli olur. Bu səbəbdən gözün profilaktik müayinələri ən gec ildə bir dəfə aparılması zəruridir.

 

– Katarakta yarandıqda hər hansı ağrı baş verirmi?

– Qeyd etdiyimiz kimi mirvari suyu gözün billurun bulanmasıdır. Billur göz içində yerləşən heç bir qan damarı və sinir lifi olmayan şəffaf mühitdir və bu səbəbdən katarakta əmələ gəldikdə heç bir ağrı olmur. Kataraktanın şişkinləşən növü gözün billurunu bulandırıb eyni zamanda şişkinləşməsinə gətirib çıxarır. Şişkinləşən billur isə öz növbəsində gözün daxili maye dövranına maneə olaraq gözün təzyiqini artırır. Yalnız bu halda gözdə ağrı əmələ gələ bilər.

Fersat M

 

– Ümumiyyətlə, katarakta əməliyyatını nə vaxt etdirmək tövsiyə olunur?

–  Bu məsələdə bir çox məqam nəzərə alınmalıdır. Məsələn, əgər xəstə avtomobil idarə edirsə, aktiv həyat tərzi varsa, öz razılığı ilə əməliyyat xəstəliyin ilkin mərhələsində aparıla bilər. Yox, əgər xəstə evdar xanım və ya yaşlı qadındırsa və sözügedən problem görmə qabiliyyətinə ciddi şəkildə təsir etmirsə, xəstənin istəyinə uyğun olaraq əməliyyatı bir qədər gecikdirmək olar. Amma ən yaxşısı katarakta problemini vaxtında aradan qaldırmaqdır. Əgər 70-ci illərdə həkimlər bu əməliyyatı erkən etməyə qarşı idilərsə, indi tam əksinədir. Tibb sahəsinin inkişafı haqqında danışdığımız əməliyyatın vaxtında edilməsinin effektli olduğunu ortaya qoydu.

 

– Əməliyyatdan öncə nələrə diqqət olunmalıdır?

– Bu əməliyyatın xəstə üçün riskli olması üçün onun infeksion xəstəliyinin, ciddi arteryal təzyiq probleminin olması, qandakı şəkər səviyyəsinin yüksəkliyi və s. kimi hallar olmalıdır. Sadaladığım problemləri olan xəstələrə daha diqqətli yanaşmaq mütləqdir. Bundan başqa, xəstənin katarakta əməliyyatından öncə qəbul etməli olduğu dərmanlar var ki, onlara da nəzarət etmək vacibdir. Məsələn, şəkərli diabet xəstələri əməliyyatdan öncə ac olmalıdırlar və sadəcə şəkərli diabetə qarşı olan dərmanları qəbul etməyə icazə verilir. Sağlamlıqla bağlı ciddi problemi olmayanlar isə yüngülvari səhər yeməyi yeyərək əməliyyata gələ bilərlər.

goz hekimi

– Maraqlıdır, katarakta əməliyyatı üçün sizə müraciət edən xəstələri əməliyyatla bağlı ən çox nə qayğılandırır? 

– Düzü, əməliyyatdan öncə xəstələrlə söhbət edirik deyə əməliyyat əsnasında məlumatsız olmurlar. Bəzi xəstələrdə qorxu hissi olur ki, bunun öhdəsindən də onlarla söhbət etməklə gəlirik. Bütün detalları ilə izah etdikdən sonra qorxularına qalib gəlir, əməliyyata rahat girirlər. Xəstələri əməliyyatla bağlı ən çox qayğılandıran məqama gəlincə, xəstələri ən çox düşündürən odur ki, əməliyyatdan sonra görmə qabiliyyəti dərəcədə bərpa olunacaq.

 

Söhbətləşdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir