menzil

Kirayə mənzil bazarında bahalaşma: “Ucuz evlərin qiyməti daha çox artıb”

Baxış sayı: 858

Yeni tədris ilinin başlaması və tələbə adını qazanan minlərlə tələbənin paytaxta axın etməsi kirayə mənzil bazarında da yüksək tələb formalaşdırıb. Digər tərəfdən köhnə evlərin kütləvi olaraq sökülməsi, xüsusən də Sovetskidə  ucuz və kiçik evlərin bazarda çıxması qiymət artımına gətirib çıxarıb. İndi paytaxtın universitetlər yerləşən Səbail, Yasamal kimi rayonlardan mənzillərin qiyməti tələbələrin büdcəsinə uyğun deyil.

Mövzu ilə bağlı danışan “MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da təsdiqlədi ki, kirayə evlərin qiymətində artım var: “ İyul ayı ilə müqayisədə hazırda mənzillərin kirayə qiymətlərində 5,75 faiz artım qeydə alınıb. Şəhər üzrə orta qiymət 842 manatdan 891 manata yüksəlib. Birotaqlı evlərdə artım 10,4 faiz, iki və üçotaqlı evlərdə isə müvafiq olaraq 6 və 3 faiz artım qeydə alınıb. Ucuz evlərdə, tələbələr üçün münasib olan evlərdə artım daha çox olub. Yaydan bəri 12,5 faiz artım qeydə alınıb. Orta evlərdə 3,5 faiz artım, bahalı evlərdə isə 3, 78 faiz ucuzlaşma var”.

Image result for daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov

Ekspertin sözlərinə görə, kirayə axtaranlar daha çox ikiotaqlı köhnə evlərə maraq göstərirlər: “Köhnə evlərdə bahalaşma 7,55 faizdir. Yeni tikililərdə isə əksinə 1,45 faiz ucuzlaşma var. Ötən ildən bu ilə təklifdə 12 faiz azalma var. Ümumi kirayə mənzil  portfelində yeni tikililərin payı artıb, 66 faizdən 72,5 faizə yüksəlib. Köhnə tikililərin portfeldə payı azaldıqca, belə bir qıtlıq yaranır”.

Ekspert bu problemin həlli üçün universitet şəhərciklərinin yaradılmasını, eyni zamanda özəl şirkətlərin binalar inşa edərək sırf kirayə bazarına daxil olmasını təklif edir: “Hazırda əsas problemlərdən biri də oğlan tələbələrin ev tapa bilməməsidir. Mənzil sahibləri bir çox riskləri nəzərə alaraq oğlanlara ev vermirlər. Qızlar daha münasib müştəridir. Dünya təcrübəsində universitetlər özlərinin şəhərciklərini yaradırlar . Bizim universitetlər də özləri üçün şəhərciklər tikməlidirlər. Bir də yerli icra qurumları şirkətlərə müəyyən şərait yaratmalıdırlar ki, onlar kirayə vermək məqsədilə binalar tikib, həm tələbələrə, həm də ailələrə təklif etsinlər. Bu istiqamətdə də dünya təcrübəsi var. Bizdə isə cəmi bir belə bina var, o da Bakıxanov küçəsində yerləşir”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir