kredit

Kreditin ilk aylarında niyə daha çox faiz ödəyirik?

Baxış sayı: 528

Bankdan kredit götürən vətəndaş hər ay müəyyən məbləğ ödəyir. Ancaq bir neçə ay sonra məlum olur ki, əsas borc ödənilən məbləğ qədər azalmayıb. Məsələn, aylıq ödəniş 200 manatdır. Amma bu 200 manatın hamısı əsas borcdan çıxılmır. Bu da vətəndaşlarda sual yaradır.

Annuitet kreditində aylıq ödəniş əsas borc və faiz arasında necə bölünür?

Maliyyə eksperti İsmayıl Məmmədov bildirir ki, annuitet ödəniş sistemi elə qurulub ki, aylıq ödəniş məbləği bütün kredit müddəti ərzində sabit qalır:

Aylıq ödəniş dəyişməsə də, həmin məbləğin faiz və əsas borc arasında bölgüsü eyni qalmır. Faiz qalıq borc üzərindən hesablanır. Kreditin ilk aylarında qalıq borc daha çox olduğu üçün hesablanan faiz məbləği də yüksək olur. Buna görə aylıq ödənişin daha böyük hissəsi faizə, daha az hissəsi isə əsas borcun ödənilməsinə yönəlir. Borc azaldıqca hesablanan faiz də azalır və aylıq ödənişin əsas borca yönələn hissəsi artır.

Maliyyə nəzəriyyəsində “pulun zaman dəyəri” anlayışı var. Bu prinsipə görə, bu gün əldə olan 1 manat bir il sonra əldə ediləcək 1 manatdan daha dəyərlidir. Məsələn, bank müştəriyə bu gün 20 000 manat verir, həmin vəsaiti isə 5 il ərzində geri alır. İlk aylarda faiz məbləğinin yüksək olması bankın bu müddət ərzində itirdiyi alternativ imkanların, məsələn, həmin vəsaiti başqa istiqamətlərə yatırmaq imkanının kompensasiyasıdır.

Banklar kredit müqaviləsi bağlanmazdan əvvəl müştəriyə tam ödəniş cədvəlini təqdim edirlər. Bu cədvəldə hər ay üçün faiz və əsas borc bölgüsü aydın şəkildə göstərilir. Azərbaycan qanunvericiliyinə görə, kredit müqaviləsində effektiv faiz dərəcəsi (EFD) də qeyd olunmalıdır. EFD komissiyalar, sığorta və digər xərclər nəzərə alınmaqla kreditin real dəyərini əks etdirir”.

Annuitet sisteminin dünyada geniş istifadə olunan kredit ödəniş sistemlərindən biri olduğunu deyən İ.Məmmədov qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun (IMF) araşdırmalarına görə, inkişaf etmiş ölkələrin banklarında ipoteka kreditlərinin 80%-dən çoxu annuitet sistemi ilə verilir:

“Bu sistem həm bank, həm də müştəri üçün ödənişlərin əvvəlcədən planlaşdırılmasına imkan yaradır. Azərbaycan qanunvericiliyinə əsasən, kredit vaxtından əvvəl bağlandıqda müştəri yalnız kreditdən istifadə etdiyi dövr üçün faiz ödəyir. Gələcək aylar üçün faiz tələb edilmir. Bəzi banklar vaxtından əvvəl ödənişə görə komissiya tətbiq edə bilər, lakin bu, adətən 2%-dən çox olmur. Kreditin dəyəri yalnız faiz dərəcəsindən asılı deyil. Kreditin müddəti, sığorta xidmətləri, komissiyalar və əlavə xidmətlər, məsələn, SMS bildiriş və internet bankçılıq da xərclərə təsir göstərə bilər. Həmçinin müştərinin kredit tarixçəsi, gəliri və iş yerinin sabitliyi qiymətləndirilir və buna uyğun fərdi faiz dərəcəsi təklif oluna bilər.

Kredit müddəti nə qədər uzun olarsa, aylıq ödəniş bir o qədər az, ümumi ödənilən faiz isə daha çox olar. Məsələn, 20 000 manat məbləğində kredit illik 18%-lə götürüldükdə:

• 3 il müddətinə – aylıq ödəniş 722,44 manat, ümumi faiz 6 007,84 manat;
• 5 il müddətinə – aylıq ödəniş 508,22 manat, ümumi faiz 10 493,20 manat;
• 7 il müddətinə – aylıq ödəniş 410,21 manat, ümumi faiz 14 457,64 manat.

Bu sistem banklara riskləri idarə etməyə, gəlirliliyi təmin etməyə və müştərilərə əvvəlcədən müəyyən edilmiş aylıq ödəniş cədvəli təqdim etməyə imkan verir. Vətəndaşlar üçün isə əsas məsələ bu mexanizmi anlamaq, kredit müqaviləsini diqqətlə oxumaq və maliyyə imkanlarına uyğun kredit seçməkdir. Kredit maliyyə alətidir. Onun necə işlədiyini bilən şəxs üçün bu alət faydalı ola bilər. Lakin mexanizmi başa düşməyən borcalan üçün kredit maliyyə yükünə çevrilə bilər. Buna görə də maliyyə savadlılığının artırılması vacibdir”.

 

Mayya Hüseynova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir