Qumru Eyvazova

Məişət zorakılığı və onun fəsadları – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 708

Məişət zorakılığı ailədaxili münaqişələr zəminində yaranmış bir problemdir. Xüsusən də qeyd etmək olar ki, bu zoraklıq məhz qadınlara qarşı edilir və məişət zorakılığı Azərbaycanda geniş yayılmış bir gender problemidir.  Məişət zorakılığının qarşısının alınması barədə Azərbaycan Respublikasında müxtəlif qanunlar mövcuddur və orada məişət zorakılığının tərifi və onunla bağlı digər məsələlər öz tərifini tapir.

Məişət zorakılığı  – yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə (bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi), birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Davranış cəhətdən yanaşsaq,  şiddət və ya zorakılıq halları bir-birini tanımayan iki şəxs arasında da baş verə bilər: məsələn, sataşma, xəsarət yetirmə, qətl, zorlama, adam qaçırtma, əsarət altına salma, mülkiyyətə xətər yetirmə, hədə-qorxu gəlmə kimi hallar. Lakin digərlərindən fərqli olaraq məişət zorakılığı ilə üzləşən şəxslər bu sadalanan zorakılıq halları ilə bir dəfə deyil, davamlı olaraq üzləşirlər. Məişət zorakılığında zorakı şəxsin qurbana davamlı olaraq əli çatır, qurbanın gündəlik həyat tərzini bilir və davamlı olaraq qurbana fiziki şiddət törədir və onun gündəlik yaşamını öz idarəsi və nəzarəti altına sala bilir.

 

Bəs məişət zorakılığı zəminində baş vermis münaqişə zamanı hansı növ zorakılıqlar mövcuddur?

Məişət zorakılığı həm fiziki, həm psixoloji, maddi və cinsi zorakılıqlardan ibarət ola bilər. Məişət zəminində fiziki zorakılıq – yuxarıda sadalanan şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;

a) Məişət zəminində psixi zorakılıq – yuxarıda sadalanan şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;

b) Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – yuxarıda sadalanan şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri;

c) Məişət zəminində cinsi zorakılıq – yuxarıda sadalanan şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi deməkdir.

 

Zorakılıq tətbiq edilən yaxın qohum ifadəsinə kimlər daxildir?

Məişət zorakılığı zəminində yaxın qohumuna tətbiq edilən zorakı hərəkətlərin qurbanı olan şəxslərə, zorakılığı həyata keçirən şəxsin ailə üzvləri, yəni ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, habelə birgə yaşadığı hallarda digər qohumlar başa düşülür.

 

Həmin siyahıya qanuna əsasən

(i) nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

(ii) qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə,

(iii) üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

(iv) qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına da aid etmək olar.

 

Bəs məişət zorakılığının qurbanı bu təziqlərin aradan qaldırılması üçün nə etməlidir?

Məişət zorakılığa məruz qalmış şəxs ilk öncə qısamüddətli, sonra isə uzunmüddətli mühafizə orderinin alınması məqsədilə, yerli icra hakimiyyəti orqanına sonra isə məhkəməyə müraciət etməlidir.

 

Qısamüddətli və uzun müddətli mühafizə order dedikdə nə başa düşülür?

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasinin Qanununun 1.0.9-cu maddəsinə əsasən, mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt deməkdir.  Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

 

Qanunun 10.2-ci maddəsində deyilir ki, qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

(i) məişət zorakılığının təkrar törədilməsi;

(ii) zərər çəkmiş şəxsin olduğu yer ona məlumolmadıqda həmin şəxsin;

(iii) zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

 

Qanunun 10.3.-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılar nəzərdə tutula bilər:

(i) məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

(ii) yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

(iii) zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

(iv) mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

 

Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd edək ki, uzunmüddətli mühafızə orderi 30 gündən 180 gün müddətinə verilir. Bu səbəbdən əgər məişət zorakılığının bir neçə dəfə törədilirsə, mənzilində yaşamaq üçün narahatlıq gətirən hərəkətlərin edilməsi qadağan edilməklə hərəkəti törətmiş şəxsə 180 gün müddətində uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə çıxarılması barədə zərərçəkmiş şəxs yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilər. Lakin məhkəməyə müraciət etməmişdən öncə, şəxs ilk öncə ərizə ilə yerli icra hakimiyyətinə orqanına müraciət etməli və icra hakimiyyətinin Məişət, o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu tərəfindən cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması barədə qərar verilməli  və ərizəçiyə qabaqlayıcı tədbir olaraq 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilməlidir ki, məişət zorakılığı törətmiş şəxs 30 gün müddətində ərizəçi ilə heç bir münaqişə yaratmasın. Bu qərarın surəti isə qərarın surətinın zorakılığı törətmiş şəxsə, ərizəçiyə, ərazi üzrə Rayon Polis İdarəsinə və icra edilməsi üçün ərazi üzrə Rayon İcra Şöbəsinə göndərilir.

Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-4.4-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir:

(i) məişət zorakılığının təkrar törədilməsi;

(ii) zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;

(iii) zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

 

Həmin Məcəllənin 355-4.5-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məcəllədə qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:

(i) məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

(ii) yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

(iii) zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

(iv) uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.

Məhkəmə prosesi zamanı yerli İcra Hakimiyyətinin Məişət, o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndəsi də maraqlı şəxs qismində məhkəmə tərəfindən məhkəmə iclaslarına cəlb edilir və onların da rəyi zəruri hesab edilə bilər.

Ailə müqəddəsdir və o qurularkən onun təməli möhkəm olmalı və qarşılıqlı hörmətə bağlı olmalıdır. Ailə üzvləri bir-birlərinə qarşı güzəştə getməyi bacarmalıdır. Əks təqdirdə, bu münaqişə yuxarıda göstərilən hallara gətirib çıxara bilər.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir