usaq

Məktəbəqədər yaşlı uşaqların əməyinin planlaşdırılması necə olmalıdır?

Baxış sayı: 536

1) Məktəbəqədər yaşlı uşaqların əməyinin planlaşdırlması

2) Uşaqların əməyinin nəticəsi və qiymətləndirilməsi

 

1.Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinin təşkili işin planlaşdırılmasından və düzgün başa düşülməsindən çox asılıdır. Uşaq nəyin necə və nə üçün icra olunması arasındakı əlaqəni görməlidir. Tərbiyəçi uşaq əməyini planlaşdırarkən mövcud olan çətinliklərin uşağın həyat təcrübəsinə müvafiq olmasını nəzərə almalı və onların aradan qaldırılması yolarını görməlidir.

Əməyi planlaşdırma görüləcək işin ardıcıl icrası ilə bağlı olur. Nəyi əvvəl, nəyi sonra, nə üçün başqa cür deyil, belə işləmək kimi vəzifələr əsasən işi sistemlə qurmağı tələb edir. Məsələn, əl-üzü yumaq üçün əvvəlcə paltarın qollarını çırmalamaq, sonra əlləri və nəhayət, üzü yumaq ardıcıllığını uşaqlar aydın başa düşəndə, işi daha səmərəli icra edirlər. Beləliklə, işin ardıcıllığını tərbiyəçi müəyyən edir, uşaqlar isə fəaliyyət prosesində bu ardıcıllığa riayət edirlər.

Orta və böyük qruplarda otaq bitkilərinə qulluq etmək işin sistemli və planlı aparılmasına nümunə göstərilə bilər. Bitkilər elə yerləşdirilməlidir ki, onları silmək və sulamaq rahat olsun. Bunun üçün güllər əvvəlcə pəncərənin qabağından stolun üstünə keçirilir, onların yarpaqları, altlıqları silinir, pəncərənin qabağı təmizlənir və bütün bunlardan sonra bitkilər öz yerlərinə qoyulur. İşin belə planlı yerinə yetirilməsi uşaqlarda sərbəstlik, səliqəlilik və məqsəd aydınlığı yaradır.

Böyük qrupun uşaqları çox vaxt verilən işin planını özləri hazırlayırlar. Tərbiyəçinin əsas məqsədi uşağa bacarmadığı işi öyrətməkdən ibarət olmalıdır. Əlbəttə, uşağa öz fəaliyyətini planlaşdırmaq üçün ona nümunə vermək, əvvəlki planlaşdırmadan istifadə etmək, öz fəaliyyəti haqqında onu əvvəlcədən fikirləşməyə alışdırmaq lazımdır. Belə iş prosesində uşağa əvvəlcədən suallar da verilə bilər: “Nədən başlamaq lazımdır?”, “Əvvəlcə hansı alətlə işləyəcəksən?”, “Sənə nə qədər material lazım olacaq?” və s.

Böyük qrup uşaqları əməyin məqsədini aydın bildikdə sərbəst və müstəqil işə qoşulurlar. Bəzən də uşaqlar iş prosesində əməyin məqsədini müəyyən edir və qarşıya qoyulmuş vəzifəni müəyyənləşdirirlər. Uşaqların əmək fəaliyyəti nə qədər məqsədyönlü və aydın olarsa, onun yerinə yetirilməsi də bir o qədər maraqlı və səliqəli olar.

2. Əmək müəyyən qədər fiziki və əqli qüvvə sərf edilməsini tələb edir. Lakin onun nəticəsi çox vaxt sərf edilmiş səylərin, eləcə də, bacarıq və vərdişlərin mənimsəmə səviyyəsindən asılıdır. Əməkdə nəticə fəaliyyətin məcburi komponentidir. Lakin onun əldə edilməsinə baş vəzifə kimi baxmaq olmaz. Bu vəzifəyə görə uşaq bağçasında fəaliyyət onun naminə təşkil edilmir. Nəticənin əldə edilməsi, hər şeydən əvvəl, uşaqlarda əməyə maraq tərbiyə etməyə kömək edən pedaqoji amil kimi əhəmiyyət kəsb edir. Nəticə məqsədin əldə edilməsi üçün zəruri olan  səylərin sərf edilməsinin dərəcəsi kimi meydana cıxır. Nəticənin əldə edilməsi prosesində uşaq şəxsiyyətinin hazırcavablıq, ixtiraçılıq, ardıcıl hərəkət etmək qabiliyyəti və s. kimi fərdi keyfiyyətləri özünü büruzə verir. Uşaqlarda əməyə maraq tərbiyə edilməsində onların fəaliyyət nəticələrinin müqayisəsi böyük pedaqoji əhəmiyyətə malikdir. Onlar işin yaxşı və pis cəhətlərini görürlər. Əyani müqayisə müvəffəqiyyətin səbəbləri üzərində onları düşünməyə məcbur edir. İşin sonunda nəticə çıxarma uşaqlara müəyyən təsir göstərir. “Uşaqlar bir baxın, oyuncaqları necə də təmiz yumuşuq, hamımız bir yerdə, mehribanlıqla, hər şeyi vaxtında görmüşük”, -deyə tərbiyəçi onlara müraciət edir. Əməyin nəticəsini düzgün qiymətləndirmək, öz nailiyyətlərini başqalarının nailiyyətləri ilə müqayisə etmək qabiliyyəti uşaqlarda müqayisə təcrübəsi toplandıqda və fəaliyyət nəticələrinin analizi gedişində inkişaf edir. Pedaqoq uşaq əməyini nə qədər ədalətlə qiymətləndirərsə, ona böyük maraq və tələbkarlıq göstərərsə, onun nəticələrinin tərbiyəvi əhəımiyyəti bir  o qədər effekli olar. Uşaqlarda əmək nəticələrinə nail olmaq cəhdinin inkişafında bu fəaliyyətin motivi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, oyun üçün oyuncaqların hazırlanması uşağın əməyə olan marağını artırır,fəaliyyəti daha məqsədyönlü edir, bu zaman o, inadkarlıq, səy gösrərir. Uşağın maraq dairəsinə daxil olan motivlərin təsiri ilə əməyə münasibətin necə dəyişilməsini görmək olar, bunlar uşağın qəbul edə biləcəyi və uşaqda aktiv fəaliyyətə hazırlıq yaradacaq motivlərdir. Uşaqların arzu olunan nəticəni əldə etmək meyilinin özü fəaliyyət motivinə çevrilir.

Yaşlıların əməyinin nəticələri uşaqlara böyük təsir göstərir. Uşaqlar onları müşahidə edərək öz səyləri ilə eyni nəticəni əldə etmək imkanı haqqında fikirləşirlər. Beləliklə, məktəbəqədər yaşlı böyük uşaqların əməyə marağı, yerinə yetirilən işin keyfiyyətinə tələbkarlığı artır.

Əməyin nəticəsi əvvəlki bacarıq və vərdişlərin qazanılması, keçirilən tədbirlərin pedaqoji cəhətdən düzgün təşkili, uşağın marağı, səyi, iş qabiliyyəti, səriştəsi və s. fərdi fərqlərdən də çox asılıdır. Uşaqlar tərəfindən əldə edilmiş nəticə müqayisə edildikdə və bu yolla hər kəsin işi qiymətləndirildikdə, onlar öz əmək fəaliyyətinin üstün və qüsurlu cəhətlərini görür və gələcək əmək prosesində bunları nəzərə alırlar. İşin sonunda çıxarılan nəticə uşaq aləminə güclü təsir göstərir.  3-4 yaşlı uşaqlar tərbiyəçi tərəfindən əməklərinə verilən qiymətdən sevinir və tədricən öz əməyinin nəticəsini başqasının əməyi ilə müqayisə etmək bacarığına yiyələnirlər. Belə müqayisə uşağı işi yenidən daha yaxşı iş icra etməyə sövq edir. 5-6 yaşlı uşaqları isə fəaliyyətin praktik cəhəti daha çox maraqlandırır. Uşaqlarda əmək nəticələrinə nail olmaq cəhdinin inkişafında bu fəaliyyətin motivi xüsusi əhəmiyyət kəsb edir. Bu zaman əmək prosesi öz-özlüyündə uşaqlara sevinc gətirir. Əmək prosesində  işin müvəffəqiyyətlə başa çatdırılmasına nail olmaq uşaq üçün vacib şərtdir.  Bu, tərbiyəçinin uşağın əmək fəaliyyətindəki müsbət cəhətləri vaxtında görməsi və onları qiymətləndirməsindən çox asılıdır. İş müstəqil icra edildikdə uşaqda öz əmək qabiliyyətinə inam artır. Bütün əmək işləri prosesində tədricilik tələbinə  riayət etmək lazımdır.

Uşaqlarda əməyə marağı tərbiyə edərkən yadda saxlamaq lazımdır ki, onlardan yüksək keyfiyyətli nəticə əldə etməyi tədricən, onların qüvvə və formalaşan vərdişlərinə müvafiq tələb etmək lazımdır. Sadə əmək proseslərinin səliqəli yerinə yetirilməsi lap əvvəldən tərbiyə edilməlidir. Daha mürəkkəb işlərdə müvəqqəti olaraq əmək nəticəsinin natamamlığı ilə barışmaq olar.

Uşağın öz nailiyyətlərini dərk etməsi olduqca vacibdir. Uşaqların  əməkdəki  nailiyyətlərini  pedaqoq ədalətlə qiymətləndirməlidir.  Bu qiymət həmişə xeyirxah  olmalıdır. Əgər uşaq nəyi isə etməkdə müvəffəq olmamışsa,  bunun  yalnız  müvəqqəti  olmasına onda inam yaratmaq lazımdır. Eyni zamanda, uşağı mükəmməl yiyələnmədiyi vərdişə alışdırmaqdan ötrü müxtəlif  situasiyalardan  istifadə etmək lazımdır.

 

Gülnar Nəzərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir