Meherrem Novruzov

Mənzillərimiz niyə yanır və necə xilas olmalı? – FHN zabiti ilə MÜSAHİBƏ

Baxış sayı: 486

İl ərzində respublika ərazisində çox sayda yanğın qeydə alınır. Səbəblər mövsümdən asılı olaraq dəyişir.

Dövlət Yanğın Nəzarət Xidmətinin Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Məhərrəm Novruzov müsahibəsində yanğınların baş vermə səbəbləri, yanğın təhlükəsizliyi qaydaları  və s. ilə bağlı sualları cavablandırdı.

 

-Demək olar ki, hər həftə yaşayış binalarında baş verən yanğınlarla bağlı  xəbərlər yayılır. Yanğın hadisələri həm köhnə, həm də yeni tikililərdə qeydə alınır.  Bəs statistika necədir?

-Yanğınlarla əlaqədar əməliyyat şəraitini xarakterizə edən 2022-ci ilin ötən dövrünü əks etdirən statistik göstəricilərə əsasən il ərzində qeydiyyata alınmış 2130  yanğın hadisəsindən 1371-i və ya 64,4% respublikanın yaşayış sektorunda qeydə  alınıb. Bu yanğınlardan əsasən  88,8 %-i  fərdi yaşayış evlərinin, onların yardımçı tikililərinin və həyətyanı sahəsinin, 11,2%-i isə çoxmənzilli yaşayış binalarının payına düşür. Yaşayış binasının köhnə və yeni olması faktı sözügedən  binalarda yanğınların sayına elə də ciddi təsir göstərən faktorlardan hesab edilmir.  Hər iki halda maddi ziyanın dəyməsilə nəticələnən yanğınlar baş verir və yanğınların baş verməsində  başlıca səbəb kimi “insanların hərəkəti və ya hərəkətsizliyi” yer tutur. Yaşayış binasının konstruktiv elementlərinə görə köhnə və yeni olmasının yanğınların statistikasına əhəmiyyətli təsiri olmasa da, yanğınların  yayılması və söndürülməsi prosesində mühüm rol oynayır.

 

-Bəzi cihazların düzgün istifadə olunmaması, vətəndaşların bəzi cihazları  və avadanlıqları elektrik şəbəkəsinə qoşulu vəziyyətdə  qoyaraq evdən çıxması da risklidir. Hansı cihazlarla yaxud avadanlıqlarla bağlı diqqətli olmaqda fayda var?

-Elektrik qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi günün başlıca tələbinə çevrilib. Qaydalara əməl edilməməsi isə ciddi nəticələrə səbəb olan yanğın hadisələrinin baş verməsini qaçılmaz edir. Elektrik cihazlarından istifadə etməyə başlayarkən mütləq onu hazırlayan müəssisələrin tövsiyələrinə (təlimatlarına) əməl olunmalıdır. Dövlət yanğın nəzarəti orqanlarının çox illik iş təcrübələri  göstərir ki, nəzarətsiz və işlək vəziyyətdə olan hər bir elektrik cihazı, hətta elektrik lampası da yanğına səbəb ola bilər. Odur ki, məişətdə istismar təlimatlarına uyğun fasiləsiz və nəzarətsiz qaydada istismar üçün nəzərdə tutulmayan istənilən elektrik cihazlar-çaydan, televizor, kondisioner, tozsoran, mikrodalğalı soba, ütü və s. kimi cihaz və avadanlıqlarla diqqətli olmağı tövsiyə edirik. Xüsusilə qış fəslində elektrik qızdırıcı cihazları ilə daha diqqətli olmaq lazımdır.

 

-Yanğınların baş vermə səbəblərini sıralasaq, hansı səbəblər önə çıxar?

– Cari ildə respublika ərazisində uçota alınan yanğınların orta hesabla 40%-i “Elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması” nın, 14%-i odla ehtiyatsızlıq, əsasən də “təndirdən və ocaqdan düşən qığılcım”, “tütün çəkilən zaman ehtiyatsızlıq” və “uşaqların odla ehtiyatsız hərəkəti”, 11,7%-i “Nəqliyyat vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması”, 3,5%-i sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının və s. səbəblərin payına düşüb. Qeyd olunan səbəblərlə yanaşı digər problemlər də yanğın təhlükəsizliyi mühitinin formalaşmasına ciddi təsir göstərir. Belə ki, bəzi çoxmənzilli yaşayış binalarının tikintisi zamanı tələblər pozulmaqla inşaat işləri həyata keçirilir. Həmin obyektlərin inşası məqsədilə ayrılmış torpaq sahələrinin, eləcə də layihə həllərinin yanğın təhlükəsizliyi baxımından razılaşdırılmaması, yekunda isə həmin obyektlərin istismarına qəbul mərhələsində obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında müvafiq akt olmadan vətəndaşların mənzillərdə məskunlaşması hallarına yol verilir ki, bu da çox ciddi və kobud qanun pozuntusudur. Belə olan halda binaların yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə cavab verməsi və vətəndaşların təhlükəsizliyi sual altında qalır.

 

-Bəzən yanğına çevik müdaxilə üçün əraziyə giriş və s. baxımdan çətinliklər yaşanır. Fürsətdən istifadə edərək, bu məqama da diqqət çəkərdik. Xilasedicilər hansı problemlərlə qarşılaşırlar?

-Yaşayış, eləcə də digər təyinatlı binaların  ətrafında  dayanma-durma qaydalarının pozulması ilə yanaşı, vətəndaşların süni maneələr yaratması tez-tez rastlaşdığımız problemlərdəndir. Belə ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır, yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt itkisinə, insanların vaxtında təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının yanğından qorunmasına yönəldilmiş kompleks tədbirlərin tətbiqinə ciddi çətinliklər yaradır. Bu səbəbdən sadalanan süni maneələrin ünvanlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Belə ki, Xidmətin əməkdaşları tərəfindən reydlər keçirilir, mənzil kommunal təsərrüfatı birlikləri, mənzil tikinti kooperativləri və digər aidiyyəti müəssisə və təşkilatlar qarşısında məsələ qaldırılaraq göstərilən maneələrin demontaj edilməsinə nail olunur. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq arzuolunmaz nəticələrə səbəb ola biləcək problemin mahiyyəti izah edilir, habelə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilməklə, sosial videoçarxların yayımlanması vasitəsilə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılır. Eyni zamanda qeyd olunan sahələrə cavabdeh vəzifəli şəxslər yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması hallarına görə inzibati məsuliyyətə cəlb edilirlər.

Fürsətdən istifadə edərək bir daha vətəndaşlara müraciət edərək fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyə çağırırıq. Xatırladırıq ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.

 

-Yanğın təhlükəsizliyi ilə bağlı FHN müvafiq çağırışlar edir. Əlavə olaraq hansı tədbirlər görülür? 

-Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində yanğın təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq müxtəlif istiqamətlərdə səlahiyyətləri daxilində geniş miqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Cari ilin ötən 11 ayı ərzində respublika ərazisində 1310 müxtəlif təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri həyata keçirilib. Həmçinin, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən sosial xarakterli video və audio çarxlar hazırlanaraq yayılması təmin olunur, kütləvi informasiya vasitələri və sosial şəbəkənin imkanlarından geniş istifadə olunur, o cümlədən telekanallarda mütəmadi olaraq maarifləndirmə mövzusunda veriliş, müzakirə və mütəxəssis çıxışları, müsahibələr təşkil olunur.

Maarifləndirmə tədbirləri ilə bağlı bir məsələyə xüsusi diqqət çəkərək bildirmək istəyirik ki, əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi və yanğınların qarşısının alınmasına və söndürülməsinə əhalinin cəlb edilməsinin təşkili “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.15.9.1-ci bəndinin tələblərinə əsasən yerli icra hakimiyyətlərinə həvalə edilib.

Yuxarıda qeyd olunan tədbirlərlə yanaşı Xidmətin əməkdaşları tərəfindən mülkiyyət növündən asılı olmayaraq yaşayış və qeyri-yaşayış sahələrində əvvəlcədən tərtib edilmiş plan əsasında təqvim üzrə nəzərdə tutulan müddətlərdə qanunamüvafiq qaydada yanğın-texniki müayinələr həyata keçirilir. Hər bir müayinəyə fərdi yanaşılmaqla onun nəticələri təhlil edilir və aşkar edilmiş yanğın təhlükəsizliyi qaydalarının pozuntularının aradan qaldırılması məqsədilə obyektlər üzrə cavabdeh şəxslərə müvafiq məzmunlu tələbnamələr və qərarlar təqdim edilir. Eyni zamanda yanğın təhlükəsizliyinə cavabdeh şəxslər barəsində inzibati tədbirlər görülür. Yanğınlarla əlaqədar əməliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə əhali ilə münasibətdə bilavasitə cavabdeh olan müvafiq yerli icra hakimiyyəti, bələdiyyə və mənzil fonduna xidmət göstərən orqanlar qarşısında mütəmadi olaraq məsələlər qaldırılır.

 

-Evlərdə yanğına ilkin müdaxilə üçün hansı tövsiyələriniz var?

-İlk növbədə bu müdaxiləçinin ilk növbədə təhlükəsizliyi ilə sıx bağlı olan bir  prosesdir. Belə ki, mənzildə yanğın baş verdikdə ilk növbədə şəxsi təhlükəsizliyin təmin edilməsi və yanma prosesinin ilkin mərhələsində onun məhdudlaşdırlması üçün zəruri müdaxiləni təmin etmək üçün yanğından mühafizə orqanları tərəfindən aşağıdakı qaydalara əməl edilməsi tövsiyə edilir:

– yanğın hadisəsi baş verdikdə dərhal mütləq qaydada və ilk növbədə “112” qaynar xəttinə zəng vuraraq yanğın haqqında məlumat verin;

–  mümkündürsə, elektrik və qaz cihazlarını dərhal şəbəkədən ayırın və  odsöndürücü balon və ya əl altında olan digər (su, qum, palaz, keçə və s.) vasitələrlə yanğını söndürməyə çalışın;

– hava axınının yanğını şiddətləndirməməsi üçün qapı və pəncərələri bağlayın;

– ağız və burnunuzu nəm parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;

– döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan tüstülənmiş mənzildə əyilərək və ya sürünərək hərəkət edin;

– yanğınla mübarizə apara bilmirsinizsə, sənəd və qiymətli əşyalarınızı götürərək dərhal bayıra çıxın;

– mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında duraraq yanğınsöndürənləri gözləyin;

– xilas olunanadək yanğının baş verdiyi qonşu otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm parça ilə tutun;

– yuxarı mərtəbədə yaşayırsınızsa, xilas olmaq üçün aşağı tullanmayın;

– yanğın zamanı liftdən istifadə etməyin;

– yanğın baş verdikdə qonşuları xəbərdar edin.

 

– Yeni tikililər və yaşayış komplekslərində təbii qazın verilməməsi yanğın statistikasında nə dərəcədə rol oynayır?

-Təcrübə göstərir ki, normativ sənədlərin tələblərinə tam uyğun qaydada qaz təchizatı layihələndirilən binalarda, qazın verilişi məhdudlaşdırılmış binalara nisbətən yanğın və ya partlayış riski əhəmiyyətli dərəcədə azdır.  Bu onunla izah olunur ki, bir çox norma və qayda pozuntularına yol verilməsi, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nöqsanların mövcud olması səbəbindən istismara qəbulu ilə bağlı Dövlət Yanğın Nəzarəti Xidməti və digər aidiyyəti qurumlar tərəfindən müsbət rəyin verilmədiyi yeni tikintilərdə qeyri-qanuni məskunlaşan insanlar qaz təchizatının olmaması səbəbindən məişət tələbatlarını ödəmək üçün kütləvi şəkildə maye karbohidrogen qaz balonlarından və qeyri-standart elektrik cihazlarından istifadə edirlər. Bu da ciddi qayda pozuntusu olmaqla,  yanğın və partlayış hadisələrinin baş verməsinə real və münbit şərait yaradan potensial təhlükə mənbəyidir.

Qeyd olunan norma və qayda pozuntuları ilə bağlı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görülür. Belə ki, cavabdeh şəxslər barəsində inzibati tədbirlər görülür, insan həyatı və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan ciddi qayda pozuntuları aşkarlandıqda məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilərək icra edilir, yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanları qarşısında məsələlər qaldırılır.

 

-Yanğın zamanı yuxarı mərtəbələrdə yaşayanlar liftdən istifadə edirlər. Lakin bildiyimiz qədər tüstünün şaxtaya yayılma ehtimalı var. Belə olan halda necə davranmaq lazımdır?

-Yanğın zamanı heç bir halda liftdən istifadə edilməməlidir. Bu, insanı ölümə aparan təhlükə ola bilər. Hətta ən cüzi yanğın belə elektrik naqillərində qısaqapanmaya səbəb ola bilir ki, bu da liftin mərtəbələr arasında qalmasına gətirib çıxarır. Beləliklə, siz içəridə qalaraq yanğının birbaşa və ya onun təhlükəli faktorlarının ikinci dərəcəli təzahürlərinin təsirinə məruz qala bilərsiniz. Bundan əlavə, lift şaxtası tüstü ilə çox tez dolur ki, bunun da nəticəsində bir neçə saniyə ərzində zəhərlənmə mümkündür. Buna  görə də yanğın zamanı binanın yuxarı mərtəbələrindən insanların təxliyəsi üçün yeganə vasitə pilləkənlər hesab edilir.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir