kenan kerimov

Millimizin sabiq üzvü: “Karyera baxımından gec evlənmək daha yaxşıdır” – MÜSAHİBƏ

Baxış sayı: 860

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının bu dəfəki qonağı Azərbaycan milli komandasının  sabiq üzvü,  futbolçu kimi əksər iddialı elita klublarında top qovmuş, ölkə çempionu və Azərbaycan kubokunun qalibi adına yiyələnmiş, məşqçi kimi isə Yevlaxın “Karvan” komandasının baş məşqçisi olmuş Kənan Kərimovdur.

 

– Valideynlərinizin sizin futbolçu olmağınıza münasibəti necə olmuşdu?

– Valideynlərimin futbola gəlişimdə böyük rolu olmuşdu. Xüsusən atam bunu istəyirdi. Onun özü futbolla məşğul olsa da, futbolçu kimi yetişməsinə babam mane olub, övladının futbolçu olmasını istəməyib. Arzusunu övladlarının timsalında həyata keçirmək istəyən atam həm mənim, həm də qardaşım Sahilin  peşəkar futbolçu kimi yetişməsində az əziyyət çəkməyib.  Daim diqqət və qayğısını bizdən əsirgəməyib.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Futbolçu olmasaydım, yəqin ki, pilot olardım. Bu mənim uşaqlıq arzum idi.

 

– Ailə quranda həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi ki?

– Yox,tərəddüd etmədi. Tam əksinə, hətta deyərdim ki, xoş qarşıladı.

KENAN KERIMOV 2

– Futbolçular həm də gündəmdə olması ilə seçilir. Belə məqamlarda həyat yoldaşınız sizi qısqanmırdı ki?

– Sözün düzü,  əvvəllər belə hallar olurdu. Amma sonradan bu qısqanclıq aradan qalxdı.  Hər şey yoluna düşdü.

 

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Evdə söz sahibi təbii ki, evin kişisi olmalıdır. Bizim ailədə də “komandir” mənəm.

 

–  Ümumiyyətlə, bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

– Əslində futbolçu peşəsi elədir ki, ailə ilə bir qədər üst-üstə düşmür. Bu səbəbdən karyera baxımından gec evlənmək daha yaxşıdır.

 

– Futbol adamlarının həyatı elədir ki, adətən evfən kənarda olurlar. Ailənizdən uzaqda olanda ən çox hansı çətinliklərlə üzləşirdiniz?

– Bu barədə çox danışmaq olar. Belə demək mümkünsə, saymaqla qurtarmaz. Problemlər o qədər olurdu ki.

MILLI

– Yəqin ki, İranda legioner həyatı yaşayanda belə problemlərlə daha çox qarşılaşırdınız.

– İrandakı dövr daha çox darıxdırıcı olması ilə yadda qalıb. Mənim çıxış etdiyim “Mis Kerman” Kerman şəhərini təmsil edirdi. Avtomobillə getsən 2 saatdan sonra Əfqanıstanla sərhədə çatırsan. Tehrandan da 1110 km aralı idi. Bütün oyunlara təyyarə ilə gedirdik. Uçmaqdan bezmişdik. Bu bir yana, Kermanın aeroportu dağın döşündə yerləşirdi. Çox vaxt duman olurdu. Dəfələrlə olub ki, mindiyimiz təyyarə dumanlı hava səbəbindən eniş edə bilməyib, geri  qayıtmalı olmuşuq. Bir dəfə də dumanlı havada bir təyyarə dağa çırpılmışdı. Xeyli ölən olmuşdu. Ondan sonra mən Azərbaycana qayıtdım. Əslində, məni də buraxmaq istəmirdilər. Bəlkə də şəhər yorucu, darıxdırıcı olmasıydı, qalardım. Amma kaş ki, qalaydım. Bura gələndən sonra Aslan Aslanov “Şəmkir”ə dəvət elədi. 2003-cü il idi. İrandakından qat-qat aşağı pul verirdilər. Amma ailəmdən aralı düşmək istəmirdim. O üzdən çox qazancdan imtina edib “Şəmkir”ə keçdim. Yaxşı kollektivimiz var idi. Həmin il azacıq bəxtimiz gətirmədi. Çempionatda “Neftçi”dən sonra 2-ci olduq. Elə kubokun finalında da “Neftçi”yə uduzduq.

 

– Bildiyimiz qədəriylə övladınız peşənizi davam etdirir. Onun futbolla məşğul olmasında sizin rolunuz daha çoxdur, yoxsa öz istəyidir?

– Açığı, öz istəkləri idi, amma istedadı olduğu üçün oğlumun futbolla məşğul olmasına mən də isti yanaşdım. Hazırda futbolun sirlərini “Sabah” klubunda öyrənir.

 

– Futbolçu kimi reallaşdıra bilmədiyiniz elə bir arzunuz olubmu ki, onu oğlunuzun həyata keçirməsini arzulayırsınız?

– Futbolçu kimi məndən daha yaxşı karyeraya sahib olmasını arzu edirəm.

KERIMOV

– Futbolçu kimi ən çox hansı qərarınıza görə təəssüf hissi keçirirsiniz?

– “Qarabağ” komandasından “Qəbələ”yə keçdiyim üçün təəssüf  hissi keçirirəm.

 

– Əlinizdə olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

– İnsanlara tez inanıram. Yəqin ki, bu xususiyyətimi dəyişərdim.

 

Söhbətləşdi: Tural Məmmədov

KENAN KERIMOV 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir