musiqi

Musiqi zövqümüz xarakterimizdən xəbər verir? – ARAŞDIRMA

Baxış sayı: 155

Bir çoxumuz gün ərzində musiqilər dinləyir və feyzyab oluruq. Təbii ki, hər birimiz də fərqli musiqi zövqünə sahibik. Əlimizdə olan texnoloji imkanlara nəzər saldıqda, nə qədər çox musiqiyə çıxışımız olduğunu görə bilərsiniz. “Spotify” və “Youtube” kimi proqramlar sayəsində istədiyiniz zaman telefonunuzda milyonlarla mahnıya daxil ola bilərsiniz. Bəs, insanın dinlədiyi musiqilər onların xarakterindən xəbər verir?

Beynəlxalq Fonoqrafik Sənaye Federasiyasının hesablamalarına görə, insanlar həftədə 20,1 saat musiqi dinləməyə vaxt sərf edirlər. Yəni, hər gün demək olar ki, 3 saatı musiqi dinləməyə sərf edilir.

Araşdırmalara görə, bəyəndiyiniz musiqi tərzi sizi təsvir edir. Həmçinin, musiqi zövqünüzlə şəxsiyyətiniz arasında əlaqə var. Yəni, dinləməkdən zövq aldığınız musiqi növü şəxsiyyətiniz haqqında təfərrüatları ehtiva edir.

Sevdiyiniz musiqilər daxili aləminizi ifadə edir desək, yanılmarıq. Musiqi min illər boyu əyləncə mənbəyi olub. Hər kəsin dinləməkdən zövq aldığı bir musiqi növü var. Burada seçim çox vaxt birbaşa insanın şəxsiyyəti ilə bağlıdır.

Rok sevənlər

Rok musiqisi ən qədim və ən populyar musiqilərdən biridir.1940-cı illərdə Rock And Roll ilə yaranan janr bir çox yeni alt janrların yaranmasına səbəb olmuşdur. Rok musiqisini sevənlər digər janrları sevənlərdən çox fərqli şəxsiyyət xüsusiyyətlərinə malikdirlər. Rok musiqisini sevənlər təbiətcə macəraçı və üsyankardırlar.

Arabesk sevənlər

Arabesk sevənlərdənsinizsə, hər əhval-ruhiyyədə yaşayan və bunu kənara göstərməyənlərdənsiniz. Sevdiyiniz insanlarla vaxt keçirməkdən zövq alırsınız. Ciddi və sərt görünsəniz də, ürəyiniz, əslində, pambıq kimi yumşaqdır.

Arabesk həvəskarları olaraq, hər mənada digər musiqiləri sevənlərdən fərqlisiniz. Macəranı sevməsəniz belə, hadisələri özünküləşdirir və həll yollarını tapırsınız. Həm də tək qalmağı, düşünməyi və hər şeyi təkbaşına etməyi xoşlayırsınız.

Hip-hop və rep sevənlər

Rep və hip-hop 20-ci əsrin sonlarında fərqli şəkildə ortaya çıxsa da, bu gün bir-birini əvəz edir. Rep və hip-hop musiqisində sözlər bir-biri ilə qafiyələnir və onların sürətli ritmlərini dinləməkdən həzz almağa imkan verir.

Rep və hip-hopu sevənlərin ruhu gəncdir və enerjiləri həmişə yüksəkdir. Onlar daim hərəkətdədirlər. Bu cinsi sevən insanlar sosiallaşmaqdan çox xoşbəxtdirlər. Eyni zamanda, rep həvəskarları macəraçıdır.

Pop sevənlər

Pop musiqi bu gün ən populyar janrdır. Bir çox insanın oxuduğu pop musiqisi 50-ci illərin sonlarında yaranmış və bu günə qədər bir çox dəyişikliklər yaşamışdır.

Pop musiqisevərlər əsasən özünə güvənən insanlardır. Kifayət qədər zəhmətkeş olan pop musiqisevərlər tez hirslənirlər. Araşdırmalar göstərir ki, pop musiqisevərlərin yeni şeylər təsəvvür etmək bacarığı o qədər də inkişaf etməyib. Onlar diqqət çəkməyi çox sevir.

Klassik musiqi sevənlər

Klassik musiqi qədim zamanlarda yaransa da, öz qüvvəsini qoruyub saxlamış və günümüzə qədər gəlib çatmışdır. Klassik musiqiyə qulaq asmağı sevənlər əsasən yüksək standartlara malik inkişaf etmiş insanlardır. Bir az özünə qapanan klassik musiqisevərlər həyatdan zövq alaraq yaşayır.

Klassik musiqi dinləyənlərin başqa bir xüsusiyyəti də estrada musiqisini dinləyən insanların darıxdırıcı olduğunu düşünmələridir. Eyni zamanda klassik musiqi dinləyicilərini sevindirmək çox çətindir.

Muğam sevənlər

Muğam sevərlər adət-ənənələrə önəm verən olurlar. Siz hadisələrə fərqli prizmadan baxırsınız və düşünmədən hərəkət etmirsiniz. Həmçinin, optimist insansınız. Dostlarınız və sevdiklərinizlə vaxt keçirməkdən zövq alırsınız. Dəyər vermək və dəyər görmək sizin üçün çox vacibdir.

Musiqi müəllimi (Fortepiano – konsertmeyster) və şairə Elnarə Nəcəf qızı (Cəlilova): “25 ildir qələmim yazır – iki kitab və mahnılar müəllifiyəm. Musiqi mənim üçün həyatımın bir parçasıdır. Hətta deyərdim ki, musiqi mənim dünyamdır. Uşaq yaşlarımdan bu günə qədər ruhum musiqi ilə qidalanıb. Fortepiano təhsili aldığım zamanlarda xarici əsərlərdən çox Azərbaycan musiqi havalarını ifa etməyi çox sevirdim. Zamanla bu məndə musiqiyə daha da çox sevgi yaratdı. Əslinə baxsaq, həyatda hər bir şey avazla, musiqi ilə bağlıdır. Adi bir əşyaların toxunuşu belə musiqi yaradır. Analarımızın laylası, avazı.. Quşların cəh-cəhi belə musiqi kimi bizə gəlib çatır. Nə gözəl oxuyur – deyirik.

Musiqilər fərqlidir insanlar kimi. Janrlar fərqlidir.. Kimi lirikanı sevir, kimi pop, kimi meyxana və s. sadaladıqca bölünür. Mən özüm lirikanı sevdiyim üçün sözləri mənə – Elnarə Nəcəfqızına aid və bəstə və ifası Arif Səlimovun olan “Nədən” mahnımızı lirika üzərində ərsəyə gətirib çıxarmışıq və bu gün də o mahnı dillər əzbəri olub, qəlblərdə yaşayır.

Deməzdim musiqi insanın xarakterinin göstəricisidir. Çünki elə vaxt olar ki, hansısa qəmli vaxtına düşər insan əsla qulaq asmadığı musiqini təsadüf dinlədiyi zaman, həmin musiqi sonra onda bir xatirə yaradar o gündən əbədi. Mən əsasən bəstəkar mahnılarını sevirəm və hər zaman da öz övladlarıma, sevdiklərimə belə musiqiləri böyük həvəslə dinlətdirib, öz keçmişimizi gələcək nəsillərə tanış etdirmişəm. Onlara Tofiq Quliyevi, Oqtay Zülfüqarovu, Emin Sabitoğlunu, müğənnilərdən Şövkət Ələkbərovanı, Rəşid Behbudovu və digər bizim əvəzsiz sənətkarlarımızı tanıtdırmışam. Hazırda sevdiyim az sayda müğənnilər var ki, onları dinləyirəm. Çox istərdim ki, bundan sonra da gözəl musiqilər yazılsın. İnsanlar musiqi dinlədikdə ruhları dincəlsin və bir anlıq da olsa, fikirlərində xoş düşüncələr yarada bilsinlər”.

Bir müddət sonra insanlar həmişə dinlədikləri üslubdan qoparaq yeni musiqi janrları və yeni mahnılar kəşf etmək istəyə bilərlər. Bir sıra mənbələr göstərir ki, yaşlandıqca yeni musiqi kəşf etmək istəyi azalır.

Yeni musiqi kəşf etmək arzusu

Hər bir musiqinin özünəməxsus ritmi və harmoniyası var. Yeni musiqi dinləyərkən beynimiz bu harmoniyanı həll etmək və öyrəşmək istəyir. 11 yaşa qədər uşaqlar ümumiyyətlə yeni musiqi dinləməkdən həzz alır. Yeniyetməliyin ilkin mərhələlərində isə musiqi zövqü tədricən formalaşmağa başlayır. Qeyd edək ki, bir çox hallarda yeni musiqi kəşf etmək istəyimiz yaşlandıqca azalmağa davam edir.

2013-cü ildə 250.000-dən çox iştirakçı üzərində aparılan araşdırma insanların musiqi zövqünün necə dəyişməsi ilə bağlı mühüm məlumatlar verir. Araşdırmanın nəticələrinə görə, erkən gənclikdə musiqiyə verdiyimiz əhəmiyyət zaman keçdikcə azalır. Yeniyetməlik dövründə oyaq olduğumuz saatlarımızın 20%-ni musiqi dinlədiyimiz halda, yetkinlik dövründə bu, 13%-ə qədər azalır. Həmçinin, bu azalmaya iş həyatının da buna təsiri ola bilər.

Prioritetlər dəyişir

Musiqi və davranış psixologiyası sahəsində aparılan araşdırmalar musiqi zövqünün və musiqi dinləmə vaxtının necə və niyə dəyişməsi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürür. Bunlardan biri də psixososial yetkinləşmədir. İnsan beyni yetkinləşdikcə həvəsi azalır.

Uşağın şəxsiyyəti və xarakteri böyüklərdən daha çox dəyişkəndir. Yetkinlər daha möhkəm, sabit şəxsiyyətlərə malikdirlər. Uşaqların beyni dəyişməyə çox açıq olduğundan onlar yeni musiqi növlərinə daha açıq olurlar. Erkən yeniyetməlik dövründə musiqi bir növ şəxsiyyət rolunu oynayır. Bu dövrlərdə musiqi zövqü də sosial katalizator rolunu oynaya bilər. Yetkinlərdə hər şey daha sabitdir. Orada köklü şəxsiyyət, musiqi zövqü, sosial mühit var. Buna görə də, yeni musiqi kəşf etmək üçün çox səbəb olmaya bilər.

Musiqiyə qulaq asmaq üçün vaxt daralır

Yeni musiqi kəşf etmək istəyinin azalması ilə bağlı başqa bir fikir də odur ki, insanların yaşla prioritetləri dəyişir və vaxtları az olur. Böyüklərin iş həyatı mühüm yer tutduğundan, onların yeni musiqi kəşf etmək üçün kifayət qədər vaxtı olmaya bilər. Məhdud vaxtda insanlar diqqətlərini bəyəndikləri musiqi növlərini dinləməyə cəmləyirlər və yeni musiqilərə o qədər də yer qalmır.

Musiqi zövqümüzün necə formalaşması ilə bağlı çoxlu fikirlər olsa da, tədqiqatçıların həmfikir olduğu bəzi məsələlər var. Birincisi, musiqi zövqümüz erkən yeniyetməlik dövründə formalaşır və əsasən belə qalır. Yeniyetmələr nə dinləmək istədiklərini çox yaxşı bilirlər və yeni musiqi növlərinə açıqdırlar. Onlar müxtəlif musiqi növlərinə qulaq asırlar.

İnsanlar idman kimi fəaliyyətlər üçün motivasiya mənbəyi kimi musiqidən də istifadə edə bilərlər. Zamanla musiqi sadəcə musiqi olmaqdan çıxar və beynimizdə ciddi yer tutan, xatirələrimizi müşayiət edən komponentə çevrilir.

Musiqi zövqü dəyişirmi?

Neyrologiya sahəsində aparılan araşdırmalar göstərir ki, musiqi zövqümüz dəyişə bilər. Məsələn, rəqsi sevirsinizsə, zaman keçdikcə bu rəqsi müşayiət edən musiqini də sevə bilərsiniz.

Araşdırmalar göstərir ki, yeni doğulmuş körpələr hələ ana bətnində olarkən dinlədikləri musiqiyə fərqli reaksiya verir və onlara rəğbət bəsləyirlər. Musiqidə “zövq” dediyimiz şey əslində beynimiz musiqi dinlədiyi zaman həzz hissi yaradan dofamin kimi molekulların sərbəst buraxılmasıdır. Musiqini dinlədiyiniz zaman ondan həzz alırsınız, çünki beyində dopamin ifraz olunur. Beyninizdə kifayət qədər dopamin olmadığı üçün B musiqisindən həzz almırsınız.

Musiqi dinləmək üçün müxtəlif yolları sınayın:

-Yalnız telefonunuzda və ya kompüterinizdə musiqi dinləməyin.

– Konsertlərə gedin, canlı musiqi tədbirlərində iştirak edin, musiqini sosial həyatınıza daxil edin.

– Musiqi dinləməyi vərdiş edin.
– Dinlədiyiniz musiqiyə maraq göstərin.

– Dinlədiyiniz musiqidə hansı alətlərdən istifadə olunduğuna diqqət yetirin.

– Musiqinin arxasında hər hansı bir hekayənin olub olmadığını öyrənin.

– Sizə musiqi tövsiyələri verə biləcək dostlar tapın.

– Sevdiyiniz musiqiyə qulaq asmağı dayandırmayın, aralarında pleylistinizə yeni musiqi əlavə edin.

 

Ayşən Vəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir