Nermine Abbasova

Nərminə Abbasova: “Xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz”

Baxış sayı: 753

Yaşından asılı olmayaraq bu gün bir çox insanlar onurğa, bel ağrılarından şikayətlənir. Bəziləri həkim müayinəsindən keçməklə sağlamlığa qovuşmaq istəsə də, əksəriyyət üstünlüyü ara həkimlərinin əli ilə təbii üsulla müalicəyə verir. Bu isə çox vaxt xüsusilə bel ağrıları, disk yırtığı xəstəliklərində fəsadsız ötüşmür.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bizimlə söhbət zamanı bu kimi məsələlərə toxundu.

Nərminə xanım öncə onu vurğuladı ki, el sınağından çıxmış loğmanlıq bu gün naşı insanlar tərəfindən də həyata keçirildiyi üçün insanlar sağlamlıqlarının qayğısına qalmaq istərkən ciddi fəsadlarla üzləşə bilərlər:

“Düzdür, dədə-babadan loğmanlıqla məşğul olan insanlar bəzi xəstəliklər, məsələn, sınıq, əzik, bel ağrıları, zob və sair zədə və xəstəliklərdə sınaqdan çıxmış üsullardan istifadə edirlər və eşidirik ki, bundan faydalananlar da olur. Ancaq unutmaq lazım deyil ki, təbii üsulla müalicələrdə də tibbi bilik mühümdür. Adi bir misal çəkim, yaşıl bitgilərdən hazırlanmış çayın özünün də bir xəstəliyə xeyiri olanda, digər bir xəstəlikdə ziyanlı tərəfləri var. Odur ki, həkim müayinəsindən keçdikdən sonra təyin edilən qaydada təbii bitkilərdən istifadə düzgün olardı”.

 

İnsanların bel ağrıları zamanı xəstəxanaya deyil, ara həkimlərinin qəbuluna getməsini isə ümumiyyətlə düzgün saymayan Nərminə xanım bildirdi ki, onurğa problemi çox ciddi məsələdir və ona səthi yanaşmaq olmaz:

“İnsanlar bilməlidirlər ki, ötəri yanaşdıqları bel-onurğa ağrıları hansısa ara həkiminin müalicə edə biləcəyi xəstəlik deyil. Bu xəstəlik disk yırtıqlarınadək gedir. Ən yaxşısı budur ki, biz həkimlərin bu yöndə mətbuata verdiyimiz məlumatları oxuyub bilgilənsinlər, sonra ağrılar baş qaldırarkən kimə müraciət etməli olduqlarını dəqiqləşdirsinlər.

Təbii ki, mən təbii üsulla müalicənin qətiyyən əleyhinə deyiləm və özüm də bəzi xəstələrimə təbii üsulla müalicə yazıram. Amma yenə deyirəm, təbii müalicə də savadlı həkimlərin göstərişi ilə aparılmalıdır”.

 

N.Abbasova son dövrlərdə çox ciddi narahatlıq törədən disk yırtıqlarının geniş şəkildə yayılmaqda olduğunu vurğulayaraq bildirdi ki, oturaq həyat tərzi fəqərələr arası disk yırtıqlarının əsas səbəblərindən biridir. Eyni zamanda ekoloji mühitin çirklənməsi, qidalanma faktoru, metobolik xəstəliklər, travmalar da disk yırtıqlarının yaranmasına səbəb olur:

“Vaxtilə disk yırtıqlarına daha çox yaşlı insanlar arasında rast gəlinirdisə, xəstəlik son zamanlar hətta yeniyetmələr arasında da yayılmağa başlayıb. Qeyd edim ki, fəqərələr arası disk yırtıqlarının 65 %-i onurğanın bel-oma nahiyəsinin payına düşür. Təxminən 31-32 faiz boyun nahiyəsində, 2-3 faizi isə döş fəqərələrinin arasında rast gəlinir. Çünki bel və boyun nahiyələri daha hərəkətlidir. Disk yırtıqlarının ölçüsü müalicə taktikasının seçilməsində o qədər də böyük əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, bütün dünyada disk yırtıqlarının ölçüsü yox, xəstənin vəziyyəti əsas hesab olunur”.

 

Həkim-terapevt bildirdi ki, disk yırtıqlarının 75%-ini fizioterapiya ilə müalicə etmək mümkündür. Onun sözlərinə görə, bəzi insanlarda belə təsəvvür var ki, fizioterapiya müalicəsi tez bir zamanda ağrını kəsmir:

“Amma fizioterapiyanın əsas işi ağrını tez kəsmək yox, müalicə etməkdir. Yəni bu müalicənin nəticəsi çox tez yox, bir müddət sonra hiss olunur. Ən əsası isə xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz. Digər bir vacib məsələ xəstənin bizə nə zaman müraciət etməsidir. Təbii ki, çox gec, xəstəlik şiddətlənən mərhələdə müraciət edilirsə, problemin fizioterapiya ilə müalicəsi çətinləşir. Və istər-istəməz cərrahi metod qaçılmaz olur.

Onu da deyim ki, disk yırtıqları zamanı korsetlərdən istifadə əzələlərin zəifləməsinə və digər fəqərələrdəki yırtıqların böyüməsinə səbəb olur. Xüsusi vurğulamaq istəyirəm ki, hamilə qadınlar, onkoloji xəstələr və ürəyinə biostimulyator taxılmış insanlar üçün fizioterapiya əks göstəriş sayılır.

Çox zaman fizioterapevtik, daha doğrusu elektroterapevtik müalicə prosedurları 10-15 gün müddətinə təyin edilir ki, bu, heç də doğru yanaşma deyil”.

 

N.Abbasova bildirdi ki, dünya standartlarına elektroterapiyanın müddəti 21 gündür. 7-8, 10 gün ərzində aparılan fizioterapiya problemi daha da oyadır, ağrıları artırır. Həkimin fikrincə, müalicəni bu müddətdə başa çatdırmaq ağrını oyadıb, xəstəni yola salmaq deməkdir. Çünki yalnız 20-21 gün aparılan müalicənin effektli ola bilər.

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




1 şərh “Nərminə Abbasova: “Xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz”

  1. Fəridə

    Mən ölkə xaricində yaşayıram. İyun ayının sonunda Bakıya gələndə Nərminə xanımın qəbulunda olmaq istəyirəm. Yazılarını izlədim və yükaək təəssürat yaratdı.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir