Nermine Abbasova

Nərminə Abbasova: “Əksər hallarda kardioloji patologiya ilə əlaqəli deyil”

Baxış sayı: 424

Döş qəfəsində ağrı sindromu klinik praktikada xəstələr arasında ən çox rast gəlinən şikayətlərdəndir. Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova  bizimlə söhbətdə bu mövzuyla bağlı oxucularımızı ətraflı məlumatlandırdı.

Həkim bildirdi ki, bu sindromun müqayisəli diaqnostikası müəyyən çətinliklərlə bağlıdır, lakin xəstələrə vaxtında və düzgün ilk yardım göstərilməsində, həmçinin lazımi müayinə və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət daşıyır:

“Ambulator müraciət edən xəstələrin əksəriyyətində döş qəfəsində ağrı əsas şikayət olaraq bildirilir. Bu sindromun səbəbi əksər hallarda kardioloji patologiya ilə əlaqəli deyil. Lakin bu ağrının ciddi ürək-damar xəstəliyinin göstəricisi olma ehtimalı nəzərdə tutularaq ilk növbədə diaqnostik və proqnostik sualları aydınlaşdırmaq vacibdir. 

Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət etmiş xəstələrin 50%-ində miokard infarktı, qeyri-sabit stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası və ürək çatışmazlığı kimi kardioloji vəziyyətlərin diaqnozu qoyulur. Lakin ambulator şəraitdə bu şikayətlə müraciət etmiş xəstələrdə əksər hallarda əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri, gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir.

 

Döş qəfəsində ağrının səbəblərindən danışan ailə həkimi qeyd etdi ki, ağrılar bir neçə patologiya zamanı meydana çıxa bilər. Məsələn, döş qəfəsi daxili səbəblər; ürək mənşəli; damar mənşəli; ağciyər-bronx mənşəli; divararalığı xəstəlikləri; döş qəfəsi xarici patologiyalar.

Nərminə xanım bildirdi ki, döş qəfəsində ağrının diaqnostikası zamanı ən önəmli ilk addım ətraflı anamnez toplanmasıdır. Onun sözlərinə görə, bu zaman ağrının necə başlandığı və hansı tempdə inkişaf etdiyinə, lokalizasiyasına, xarakterinə, davametmə müddətinə, hansı nahiyələrə ötürüldüyünə, ağrını ağırlaşdıran və yüngülləşdirən amillərə, tənəffüs aktı ilə əlaqəsinə, digər yanaşı simptomların mövcudluğuna xüsusi diqqət yetirilməlidir:

“Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin mühüm əhəmiyyəti var. Residivləşən və ya davamlı ağrı sindromu zamanı provokasiyaedici amillər aşkar edilməlidir. Ağrının əmələ gəlməsinin şəraitini aydınlaşdırmaq lazımdır. Bu, travmalar, uzunmüddətli antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə əlaqədar meydana çıxan vəziyyətlər, o cümlədən uzunmüddətli, adət edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər, ümumi və yerli soyuqlama ola bilər. Ağrının əmələ gəlməsində psixi amillərin rolu nəzərə alınmalıdır. Yaş və cins kimi amillərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Fizikal müayinə çox önəmlidir. Bu zaman pasiyentin emosional vəziyyəti nəzərə alınmalıdır. Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu və süd vəziləri nəzərdən keçirilir, herpetik səpgilərin, aşağı ətraflarda venaların varikoz genəlmələrinin olub-olmaması müəyyənləşdirilir. Arterial təzyiq, nəbz, bədən hərarəti ölçülür. Döş qəfəsinin və yuxarı ətrafların palpasiyası ağrılı nöqtələrin, qabırğa sınıqlarının, əzələlərdə zəiflik, atrofiya, gərginlik, hissiyyatın pozulması və sair təyin etmək üçün aparılır. Ürəyin və ağciyərlərin auskultasiyası çox vacib müayinə metodudur.

Həkim terapevt bildirdi ki, anamnez və fizikal müayinələrin nəticələrinə əsasən döş qəfəsində ağrının həyat üçün təhlükəli səbəbi aşkar olunmadıqda belə, əksər yaşlı şəxslərə ən azı EKQ, ExoKQ və döş qəfəsinin rentgenoqrafiyası müayinələri aparılmalıdır:

“Döş qəfəsində ağrı fiziki hərəkətlə bağlıdırsa, sakitlik vəziyyətində və dil altına nitroqliserin qəbulu ilə azalır və ya kəsilirsə, təngnəfəslik, boğulma və ürəkbulanma ilə müşayiət olunursa, döş sümüyü arxasında şiddətli yanma, göynəmə, sıxıcı, təzyiqedici xarakterlidirsə, sol qola, çiyinə, boyuna, dişlərə, kürəyə ötürülürsə, kürəkarası nahiyədə çox kəskin, “bıçaq batması“ kimi hissiyyat verirsə, dərhal xəstəyə sakit, uzanmış vəziyyət verilməli və təcili tibbi yardıma zəng edib kardioloji briqada çağırılmalıdır. Belə hallarda ən qısa zamanda ilkin tibbi yardımın göstərilməsi və stasionara çatdırılma xəstənin həyatda qalma şansını artırır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir