Efsane R

“Necəsən?” – “NATAMAM”

Baxış sayı: 2. 426

Özünü 25-ci mərtəbədən ataraq intihar etmiş sevgilimə ithafən…

           Fonda:

           Mark Eliyahu – Through Me

 

Sevgilim…

Əlinə çatmayacağını düşündüyüm bu məktubu ürəyimdə yazıram… Vərəqə köçürmürəm ki, kiminsə əlinə keçər…

Xatırlayanda ki, onun əlini daha möhkəm tuta bilmək üçün mənim əlimi buraxmısan, ürəyim yanır..

O kimdir? Sən kimsən? Mən kiməm? Bilmirəm..

İçimdə bir hiss var, burnumda bir qoxu… Darıxmağın buynuzu olmur ki?!

Yaxşı-yaxşı, söz vermişəm axı, darıxmıram, heç vecimə də deyilsən! Başımı qarışdırır  mesaj qutumdakı ondan çox mesaj. Səndən isə heç mesaj yoxdur…

Amma köhnə mesajlarını silməmişəm.. Qısa bir səsin var orda, tələsik nə isə deyirsən. Yüz min dəfə dinləmişəm onu. Amma heç vaxt nə dediyinə baxmamışam,  mən o səsi “sənin üçün darıxmışam”, “düzələcək hər şey”, “necə belə bir şeyi ağlına gətirə bilərsən ?” , “əlbəttə, səni çox istəyirəm!” və s. kimi dinləmişəm… Tələsik atdığın o səs təsəllim olub mənim.. Dünyam olub.. Ümidim olub… Sevgilim olub.. Bircə sən ola bilməmisən…

Dəli kimi olmuşam eee, gözüm hər yerdə səni axtarır.

Külək əsən kimi tez telefonumun səsinə baxıram ki, səssizdə deyil? Deyilsə, axı sən zəng etməliydin. “Soyuqdur” deyə sinoptiklərdən aldığın xəbəri mənlə paylaşmalıydın.. Sənin mənə nəvazişinin azaldığını hiss edib sanki, fevral da isti keçir…

Saçımı yenə qurutmuram məsələn. Mən bunu ilk dəfə səndən gözlədiyim nəvazişi izah etmək üçün demişdim, sən isə “fenin yoxdur?” deyə soruşmuşdun… Fenim var, amma gücüm yoxdur… Gəl və sən qurut… Gözümün yaşını yox, saçımı… O öz-özünə quruyacaq onsuz da..

Bir də aldığımız saatın qırmızısı çıxıb eee. Hə, indi deyəcəksən ki, hansı gününə yaraşır qırmızı?! “Sevgililər günümə..”

Sənə bir şey də etiraf etməliyəm, o gün yenə maşında sürücü mənə tək olub-olmamağımla bağlı sual verdi. Cavab vermədim öyrətdiyin kimi… O isə danışmağa başladı öz-özünə. Maşın ustasıdır, aylıq qazancı yaxşıdır, hamıya həyatda bir həmdəm lazımdır. Çox danışdı ee.. Qorxdum, düşə bilmədim maşından. Sənə də yığa bilmədim-evəcən danışaq heç olmasa…Evə qədər necə getdiyimi bir Allah bilir. Hə, maşın almaq lazımdır.. Markası sənin maşınından olsun ki, sən “sağda o düyməni görürsən?” deyə soruşanda görüm…

Ümumiyyətlə, sənin baxdığın yerlərə baxmaq, sənin gördüyün şeyləri görmək istəyirəm… Sən olmasan da gözün olsun həyatımda.. Mənim isə sənin həyatında gözüm yoxdur…

Bilirəm ki, oxusan təəssüflənəcəkən, ona görə ürəyimdə yazıram bu məktubu. Bəlkə yüz il əvvəlin ənənəsidir məktub yazmaq.. Mən də yüz ildir səni görmürəm sanki… Yüz ilin özləmidir sanki içimdə sənə qarşı hiss etdiyim…

Hə, indi deyəcəksən ki, sən qırmızı saatı, maşını, feni istəyirsən, məni yox. Bilirsən necədir, onları dilə gətirmək daha asandır. Bir də ki, sən maddi gözləntilərimi daha asanlıqla qarşılaya biləcək birisən, duyğusal istəklərimə gücün çatmırdı sanki..

Məsələn, hərarətli bir söhbətin içində gözümə baxıb anidən, gülümsəyərək “necəsən?” deyə soruşmağın üçün çox darıxmışam. “Noldu, niyə aqressivləşdin? Qoy, düşünüm.. Qucaqlanmaq istəyirsən demək idi bu, hə? Gəl bura!” deyib özünə çəkməyin…  Bax, mən bu duyğusal adamın özləmini çəkdiyimi deyə bilmədiyim üçün yuxarıdakıları yazmışam..

 

Belə…

Bəzən belə də olur. Özünə dəyər verməyən adamlar ağızlarından çıxan hər hansı bir sözə başqasının nə qədər dəyər verəcəyini təxmin edə bilmir. Bəzən başqaları sizi sizdən daha çox sevir. Daha çox önəmsəyir. Daha çox özləyir… “Getmə” deyirlərsə,  getməyin.. Çünki bərabər yol getmək istəyənlər bir şəkildə bir-birinə çatır. Bəlkə biri qaçır, digəri gözləyir, amma mütləq birlikdə addımlayırlar.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir