Fidan Qarayeva

Nikah müqaviləsi: Azərbaycan cəmiyyətində tabu, yoxsa zərurət?

Baxış sayı: 514

Müasir dövrdə ailə münasibətləri sürətlə dəyişir və bu dəyişikliklər hüquqi yanaşmalara da yenidən baxmağı zəruri edir. Son illər Azərbaycanda boşanma hallarının artması, ailə münaqişələrinin məhkəmə müstəvisinə daşınması, xüsusilə də əmlak bölgüsü və aliment məsələlərindəki ziddiyyətlər nikah müqaviləsinin əhəmiyyətini gündəmə gətirib.

Lakin nikah müqaviləsi dedikdə, hələ də çoxlarında “etimadsızlıq”, “soyuqluq”, “pul söhbətinə çevrilmiş münasibət” kimi yanaşmalar formalaşır. Təəssüf ki, bu stereotiplər cəmiyyətin çox hissəsində kök salıb və nəticədə bir çox ailə boşanma prosesində hüquqi müdafiədən məhrum qalır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah müqaviləsi ər-arvadın nikah dövründə və ya nikahdan əvvəl əldə edəcəyi əmlakla bağlı hüquq və öhdəlikləri tənzimləyən rəsmi sənəddir. Müqavilə yalnız nikah qeydiyyatından sonra qüvvəyə minir və tərəflərin qarşılıqlı razılığı əsasında notariat qaydasında təsdiqlənir.

Nikah müqaviləsinin əsas məqsədi tərəflərin maddi məsələlərdə qarşılıqlı məsuliyyətini əvvəlcədən dəqiqləşdirmək və gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaqdır. Xüsusilə də əmlak sahibi olan şəxslər, ailə biznesi quran cütlüklər və ya əvvəlki nikahlardan övladı olanlar üçün bu müqavilə hüquqi təhlükəsizlik baxımından vacib rol oynayır.

Mən bir hüquqşünas kimi dəfələrlə şahidi olmuşam ki, boşanma zamanı tərəflər arasında yaranan əmlak mübahisələri illərlə davam edir və bu müddət ərzində həm psixoloji, həm də maliyyə baxımından ciddi itkilər yaşanır. Halbuki sadə bir müqavilə ilə bu məsələlər əvvəlcədən tənzimlənsəydi, belə çətinliklərə ehtiyac qalmazdı.

Nikah müqaviləsi təkcə əmlak bölgüsü ilə məhdudlaşmır. Tərəflər müqavilədə aşağıdakı məsələləri də tənzimləyə bilərlər:

Ailə xərclərinin bölüşdürülməsi,

Kredit və borc öhdəlikləri,

Aliment və maddi dəstək mexanizmləri,

Boşanma halında əmlakın bölünməsi qaydası.

Bu sənəd heç bir halda sevgini və ailə dəyərlərini inkar etmir. Əksinə, qarşılıqlı məsuliyyət və şəffaflığın təmin olunmasına xidmət edir. Nikah müqaviləsi bağlamaq demək deyil ki, tərəflər bir-birinə inanmır. Bu, sadəcə olaraq, gələcək üçün birgə həyatın hüquqi bazasını formalaşdırmaq və qarşılıqlı hüquqları qorumaq deməkdir.

Dünyanın bir çox ölkəsində nikah müqaviləsi normallaşmış bir praktikadır. Azərbaycanda da bu sənədin tabudan çıxaraq hüquqi maarifləndirmə yolu ilə cəmiyyət tərəfindən qəbul edilməsi vacibdir.

Unutmayaq ki, hüquq – yalnız problem yarandıqda tətbiq edilən bir alət deyil. Hüquq – problemi qabaqlamaq üçün də mövcuddur.

Ailə dəyərlərini qorumaq istəyiriksə, onları hüquqi cəhətdən də gücləndirməyi öyrənməliyik.

 

Hüquqşünas Fidan Qarayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir