Qumru Eyvazova

Nikah müqaviləsi nədir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 2. 100

Evlilikdə əldə olunan əmlakı bərabər bölmək istəmirsiniz? Nikah müqaviləsi tərtib edin. Münasibətləri tənzimləmək üçün bu alətin üstünlükləri haqqında danışırıq.

Bir çoxlarının maraqlandığı və hər zaman sual doğurduğu bir məsələ var: Əgər əmlak məhkəmə qaydasında bölünürsə, o zaman nikah müqaviləsi üstünlüyü nədən ibarətdir?

Qeyd edək ki, nikah müqaviləsindən fərqli olaraq, məhkəmə zamanı əmlak bölgüsü yalnız nikah dövründə əldə edilmiş əmlakı əhatə edə bilər. Belə olan halda, ər-arvad onların hər birinin əmlak rejimini dəyişdirmək hüququna malik deyillər və nikah dövründə alınan əmlak, kimin hesabına alınmasından asılı olmaraq, onların birgə mülkiyyəti hesab edilir.

Çox insanın xoşbəxt ailə həyatı qurarkən boşanma və onunla bağlı problemlər haqqında düşünməsi ehtimalı azdır. Amma sevgininailə-məişət problemləri səbəbindən yoxa çıxacağını, bir vaxtlar bir-birini sevən insanlar şəxsi maraqlar uğrunda mübarizədə barrikadaların əks tərəfində özünü tapacağını istisna etmək olmaz. Bu münasibətlər pozulan zaman ən utanc verici məqamlardan biri də əmlak bölgüsüdür.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

Nikah müqaviləsinin üstünlüklərindən biri də odur ki, məsələn, əgər ər və yaxud arvad gələcəkdə hər hansısa bir əmlak almaq niyyətindədirlərsə və bu əmlakı gələcəkdə nikah pozulması ehtimalında bölmək istəmirlərsə, o zaman, bu barədə, yəni gələcəkdə əldə edəcəkləri əmlaka dair nikah müqaviləsi bağlaya bilərlər.

Nikah müqaviləsi dedikdə, hər kəsin ağlına ər-arvadın nikaha daxil olarkən ona məxsus olan və yaxud nikahdan sonra əldə etdiyi əmlakın bölünməməsi barədə saziş gəlir. Lakin, qeyd edim ki, Ailə Məcəlləsinə əsasən, nikah müqaviləsində həmçinin ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malik olmaları qeyd edilə bilər.

Təbidir ki, nikah müqaviləsi mövcud olduğu halda və nikah müqaviləsi barədə maddələrin təsdiqi Ailə Məcəlləsində öz əksini tapdığı üçün, məhkəmə mübahisələri zamanı artıq hər şeyin öncədən həll olunacağı aydın olur. Lakin, bir məsələni nəzərə alaq ki, Ailə Məcəlləsində nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilməsinin mümkünlüyü də qeyd edilmişdir. Yəni, tərəflər arasında nikah müqaviləsinə dair hər hansısa bir anlaşılmazlıq olarsa, tərəflərin ilk öncə mediasiyaya müraciət etmək hüquqları məcəllədə öz əksini tapmışdır.

Həmçinin, onu da qeyd etmək yerinə düşər ki, nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müxtəlif səbəblərdən müəyyən müddətlərlə məhdudlaşa bilər və yaxud müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.

nikah muqavilesi

Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də, ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.

Baxmayaraq ki, nikah müqaviləsi barədə maddələr Aazərbaycan Respublikası Ailə Məcəlləsinə daxil edilmişdir, lakin, onun bağlanması yalnız tərəflərin iradəsindən asılı olaraq həyata keçirilə bilər, yəni nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.Nikah müqaviləsin bağlanmasını istəyən tərəflər mütləq şəkildə notariat orqanlarına müraciət etməli və yazılı formada nikah müqaviləsini bağlayaraq notarial qaydada təsdiq etdirməlidir. Müqavilə bağlandığı andan qüvvəyə minir və ər-arvadın hər ikisinin razılığı ilə dəyişdirilə və ya pozula bilər.

Lakin, qeyd edək ki, nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Baxmayaraq ki, nikah müqaviləsi tərəflər arasında razılıq əsasında bağlanmış bir müqavilədir, ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

Bir məsələni qeyd etmək yerinə düşər ki, nikah müqaviləsinin bağlanması, onun heç vaxt ləğv edilə bilməməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla, nikah müqaviləsi məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Yəni, əqdlərin etibarsızlığı müddəası nikah müqaviləsindən də yan keçmir. Bildiyiniz kimi və Mülki Məcəllədə də qeyd edildiyi kimi, əgər Mülki Məcəllənin müqavilələr üçün tətdiq etdiyi tələbləri pozan şərtlər olarsa, o zaman qanun, həmin müqaviləni əhəmiyyətsiz hesab edir və müqaviləni onun bağlandığı andan etibarsız hesab edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, müqavilənin notarial qaydada bağlanması hələ onun gələcəkdə mübahisələndirilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.

Mentalitet səbəbindən, Azərbaycanda hələ də nikah müqaviləsinin bağlanması faktının sevgi hisslərin səmimiliyinə şübhə yaratdığına dair fikirlər var. Amma etiraf etmək lazımdır ki, bir vaxtlar bir-birini sevən insanların pula görə necə and içərək düşmənə çevrildiyini izləmək üzücüdür.Müqavilə heç bir şəkildə ailənin uzunömürlülüyünə təsir etməyəcək, əksinə, həm birlikdə ailə münasibətində olarkən, həm də ittifaqın pozulması zamanı maddi münasibətlərin sivil qaydada həllinə imkan verəcək. Boşanmağı planlaşdırmayan cütlük üçün əmlak mübahisələri tez-tez büdrəmə maneəsinə çevrilir və hər şey əvvəlcədən müəyyən edilirsə, o zaman mübahisə etməyə ehtiyac yoxdur. Çox güman ki, nikah müqaviləsi nəinki romantikanı məhv etmir, həm də hissləri gücləndirir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir