nikah

Nikah yaşının dəyişməsi nəyi dəyişəcək?

Baxış sayı: 537

Azərbaycanda nikah yaşına dəyişiklik edilməsi gözlənilir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin son iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib. B. Muradova bildirib ki, qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir: “Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”.

Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.

nikah muqavilesi

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, nikah yaşının 18 yaş qəbul edilməsi qanunvericilikdə edilmiş mühüm doğru addımdır. Onun sözlərinə görə, qanunvericilikdə nikah yaşında istisnanın qeyd olunması erkən evliliklərə yol açır. Bununla belə K. Ağazadə nişanlanmaq üçün də yaş məhdudiyyətinin qoyulmasını təklif edir. Bildirir ki, valideynlər adətən nişan adı altında övladlarına toy edirlər: ” Qapısında toy çalınır, amma qızın anası deyir ki, nişandır. Ona görə də məktəb yaşlı qızların nişanlanmasının qarşısı alınmalıdır”.

K. Ağazadə bildirdi ki, əksər valideynlər nikah yaşında istisnalardan sui-istifadə edirlər: “İndi nikah yaşı 18 olsa da 17 yaşda nikaha icazə verilir. Valideynlər isə uşağın anasının, atasının xəstə olduğunu bəhanə edib qanundakı istisnadan sui-istifadə edirlər. 18 yaşdan aşağı nikaha icazə vermək olmaz. Ağır xəstə olanda uşağın gələcəyini məhv etmək olar? Valideyn dünyasını dəyişdikdən sonra övladı daha ağır vəziyyətə düçar olacaqsa o dünyada rahatlıq tapmayacaq. Bunu valideynlər arasında təbliğ etmək lazımdır”.

Birlik sədri deyir ki, valideyn məsuliyyəti də qanun çərçivəsində müəyyən edilməlidir. K. Ağazadə övladını erkən yaşda nişanlayan, evləndirən valideynlərə qarşı daha sərt tədbirlərin görülməli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, nikahdan kənar uşaqların doğulması, boşanmalar əksər hallarda erkən nikahlarda qeydə alınır.

nikah haqqinda sehadetname

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova isə qeyd edir ki, erkən yaşda ərə gedən qızlarda bir sıra doğuş patologiyaları yaranır. Onun sözlərinə görə, anemiya uşağın inkişafına yaxşı təsir göstərmir. Erkən yaşda ailə həyatı quran qızlarda hansısa səbəbdən olduğu bilinməsə də qan təzyiqi qalxır: “Normal doğuş 14 saat çəkir. Ləng doğuş isə daha uzun çəkir. Bu zaman qadının uşaqlıq əzələləri yığılır və uşaq doğulandan sonraq qadında çox təhlükəli qanaxma baş verə bilər”.

Mütəxəssis vurğulayır ki, hazırda rayonlarda erkən nikahlarla bağlı vəziyyət qənaətbəxşdir: “Erkən yaşda nikahlara daha çox Mərkəzi Aran, Dağlıq Şirvan zonasında, hətta Bakı və Abşeron kəndlərində və cənub zonasında rast gəlinir”.

A. Məmmədova qeyd edir ki, beynəlxalq təhlillər göstərir ki, 15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir: “Təhlillərə görə, 18 yaşına qədər qızlarda ana ölümü hallarına əsasən erkən doğuş səbəb olur. 15 yaşından kiçik yaşda hamilə olanlarda bir sıra fəsadlar özünü göstərə, vaxtından əvvəl doğuşlar meydana gələ bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadın üçün dünyaya uşaq gətirmək yaşı 18-35 yaş arasındadır”.

Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə “Nikahın yaşı” adlanır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da bildirək ki, Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir